Qarabağ Azərbaycandır!
Vətən müharibəsinin ilk günlərindən, hətta müharibənin başlanmasına qədər Azərbaycan cəmiyyətindəki coşqu, insanlarımızın vahid hədəflər uğrunda bir araya gəlməsi milli vəhdətimizin, xalqın sarsılmaz birliyinin təcəssümü idi. Hər kəs haqq savaşına köklənmişdi. Hamı bilirdi ki, Azərbaycan Ordusu hücuma keçsə, Qələbə mütləq bizimlə olacaq. Çünki insanlar Ulu Öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərindən başladığı və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi hərbi sahədə quruculuq işinin hansı səviyyədə olduğunu, ölkəmizdə necə güclü, yenilməz bir ordunun formalaşdığını yaxşı bilirdilər. İnsanlarımızın gözləntisi belə idi ki, ordumuz hücuma keçsə, bu yalnız qalibiyyətlə tamamlanacaq.
Ordumuz ildırım sürəti ilə hücuma keçib düşmənin müdafiə səddini yardı. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin 6 kənd (Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kənd) azad edildi. Bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik. “Bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu”,- deyə Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirirdi. Zəfər ümidi, 30 illik münaqişənin donunun açılması, nisgilli yurdlarımızın azadlığına yolların görünməsi itkilərin ağrılarını ovundururdu. Qələbəyə doğru irəliləyirdik. Azərbaycan Ordusunda 44 günlük Vətən müharibəsi gedişində bir nəfər də olsun fərarilik etmədi. Hər bir əsgər və zabitimiz sona qədər şərəflə vuruşaraq tarixi qələbəyə töhfələrini verdi. Bu da Azərbaycanda nə qədər yüksək vətənpərvərlik ruhuna malik nəslin yetişdiyini göstərir.
Erməni rəsmiləri sülh danışıqlarında iştirak görüntüsü yaradaraq status-kvonu uzatmağa çalışmaqla ümid edirdilər ki, bəlkə ölkəmizdə yetişən yeni nəsillər işğal faktını tədricən unuda. Torpaq itkisi ilə zamanla barışa. Amma yaşanan coşqu cəmiyyətimizin işğal fakt ilə heç zaman barışmayacağını, yeni nəsillərin də torpaqların nə yolla olur-olsun azad edilməsini özünə şərəf borcu bildiyini nümayiş etdirdi. Burada Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründən aparılan və Prezident İlham Əliyevin daha da gücləndirdiyi vətənpərvərlik tərbiyəsi işinin böyük rolu var. Azərbaycan gəncləri Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdılar. Milli ruhumuzu, qürurumuzu özümüzə qaytardılar.
Bu müharibədə həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda, haqq-ədalət uğrunda canını qurban vermiş şəhidlərimizin əbədiyyət ömrü bütün nəsillərə örnəkdir. Onların doğulub böyüdüyü məkanlara diqqət yetirsək, Azərbaycanın bütün bölgələrinin, ölkəmizdə yaşayan xalqların şəhadət zirvəsində təmsil olunduğunu görərik. Milli yaddaşımızda qan qardaşı, insanların əhd bağlaması kimi bir inanc var. Nağıllarımızın, dastanlarımızın qəhrəmanları bəzən bu ayini yerinə yetirərək həmişə bir-birinə, ümumi ideallarına, addımladıqları birgə yola sadiq qalacaqlarına and içər və andlarına heç vaxt xilaf çıxmazdılar. Vətən müharibəsi zamanı müxtəlif ailələrdən, evlərdən, obalardan olan şəhidlərimizin Azərbaycan torpaqlarına qarışan qanları ilə bu xalq bir-birinə daha da doğmalaşdı, birliyimiz möhkəmləndi, mətinləşdi. Daha heç kim bu birliyi sarsıda, bizi bərabər irəlilədiyimiz inkişaf yollarından kənar sala, aramızda təfriqə yarada bilməz.
Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə xalqımız son onilliklərdə misilsiz nailiyyətlər əldə etmiş, ilk baxışdan inanılmaz görünən çox hədəflərə nail olmuşdu. 27 sentyabr günündən başlanan çətin yolun sonundakı Qələbə bunlardan ən mühümü, tarixi oldu. Əslində bu yol Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hüquqi dövlət quruculuğuna, nizami ordunun formalaşdırılmasına, ölkənin sosial-iqtisadi həyatının axarına düşməsinə doğru ilk addımların atdığı günlərdən başlamışdı. Prezident İlham Əliyevin hər diplomatik uğuru, hər möhtəşəm sosial-iqtisadi nailiyyəti, ölkəmizin güclənən mövqeyi, beynəlxalq aləmdə yüksələn nüfuzu bizi addım-addım bu qələbəyə aparırdı. 27 sentyabr illərlə zərrə-zərrə toplanan imkanlarımızın “dəmir yumruğ”a çevrilib düşmənin başına endirildiyi gündür.
Böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, tarixini yeni bir səhifədən başlayan bir Zəfər oldu. Aradan əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük qələbəmiz heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq. Xalqımız, bütün dünya azərbaycanlıları regionda yeni bir reallıq yaradan Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər ilə hər zaman qürur duyacaq.
Tarixi qələbə xalqımıza ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyəti, müdrik siyasəti və Allahdan rəhmət dilədiyimiz hər bir şəhidimizin, cansağlığı arzuladığımız hər bir qazimizin güc-qüdrəti, döyüş ruhu ilə bəxş edilib.
Bu Zəfər Günü həm də xalqımızın torpaq-yurd sevgisinin, haqq-ədalət uğrunda mübarizə əzminin, yumruq kimi bir olmağının, milli birliyinin bütün dünyaya nümayiş etdirildiyi gündür. Bu möhtəşəm, parlaq Zəfər Günü, eyni zamanda, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qanlarının yerdə qalmadığının təsdiqləndiyi gündür.
Vətən müharibəsində möhtəşəm qələbənin əldə edilməsi üçün Azərbaycan 30 ilə yaxın bir yol qət edib. Bu yolun əsası Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal altındakı ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul olunması ilə qoyulub. Daha sonra Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, habelə bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən oxşar qərar və qətnamələr imzalanıb. Lakin düşmən bütün bunlara məhəl qoymayıb və beləliklə, qəsbkar bütün gücü ilə status-kvonu saxlamağa, işğalı möhkəmləndirməyə çalışıb, vaxtaşırı təxribatlar törətməkdən çəkinməyib.
Nəticədə Azərbaycanın səbri tükəndi. Düşmən ölkənin silahlı qüvvələri ötən il sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribat törədərək, hərbi obyektləri və mülki əhalini hədəfə aldı. Bundan sonra ordumuz beynəlxalq hüquqa əsaslanaraq, ərazi bütövlüyümüzün bərpası uğrunda əks-hücuma keçərək tarixi torpaqlarımızı yağılardan xilas etməyə başladı.
Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Beləliklə, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi. Bununla da Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti Ermənistan və onun ədalətsiz havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu haqsız siyasi-hərbi mübarizədən qalib çıxdı. Ordumuz uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi,torpaqlarımızı azad etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman ordumuza inamı bu tarixi qələbəni reallaşdırdı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.
Vətən müharibəsində Ermənistana havadarlıq edənlərlə yanaşı, Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyənlər də oldu. Qardaş Türkiyə, dost Pakistan və bir sıra digər nüfuzlu dövlətlər, habelə nüfuzlu beynəlxalq qurumlar, o cümlədən, Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə siyasi-mənəvi dəstək göstərildi.
Bununla bağlı diqqəti önəmli bir məsələyə yönəldərək, Vətən müharibəsi zamanı baş verən konkret bir hadisəni xatırlatmaq istərdim. BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri tərəfindən 1993-cü ildə qəbul olunan BMT Təhlükəsizlik Şurasının qətnamələri nəzərə alınmadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərildi. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü müzakirəyə çıxarılan mətnə Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinadın əlavə olunmasını təkid etdi.
Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini bir daha göstərdi. Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, Azərbaycan onların bu mövqeyini ikitərəfli münasibətlərdə tarixi dostluq jesti kimi qəbul etdi.
Lakin heç kimə sirr deyil ki, Ermənistanın torpaqlarımızın 20 faizini uzun illər işğal altında saxlayanda, sözügedən problemin həlli bilərəkdən, qəsdən uzadılanda dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən məsələyə ikili standartlarla yanaşılıb, münaqişənin ədalətli həllinə ciddi maraq göstərilməyib, ən əsası isə münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən gəlməyib.
Onu da deyək ki, Vətən müharibəsindən əvvəlki illərdə bəzi həmsədrlərin ermənilərin tərəfini saxlamaları, işğal faktına göz yummaları açıq-aydın nəzərə çarpırdı. Bununla da işğalçının cəzasız qalması bölgənin təhlükəsizliyinə böyük təhlükə yaradırdı. Nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, əksər hallarda isə ikili standartlara söykənən bəyanatları prosesi, necə deyərlər, ölü nöqtədən tərpətməyə imkan vermirdi. Yaranmış vəziyyət isə həm vasitəçiləri, həm də işğalçını qane edirdi. Təbii ki, Azərbaycan da öz milli məsələsi olan məlum münaqişə ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşmırdı.
Burada təəccüblü və təəssüf doğuran hal isə odur ki, istər Paşinyan hakimiyyətinin, istərsə də ondan əvvəlki rejimin avantürist siyasəti beynəlxalq birlik tərəfindən daim susqunluqla, biganəliklə qarşılanıb. Ermənistanın işğalçı siyasətinə laqeyd münasibət bəslənilib. Əks halda, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi illər uzunu kağız üzərində qalmazdı, əməli addımlar atmaq, işğalçıya yerini göstərmək əvəzinə, işğalçı ilə bərabər Azərbaycana da ünvanlanan neytral xarakterli, sülhə çağıran və iki tərəf arasında tarazlığı saxlamağa yönələn şablon bəyanatlar səsləndirilməzdi.
Beləliklə, Ermənistan təcavüzkar siyasətindən əl çəkmək fikrindən daşınmırdı. Azərbaycan Prezidenti İlham Əliyevin də bu məsələ ilə bağlı mövqeyi birmənalı idi: “Mən hər zaman münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi...”.
Şübhəsiz ki, belə bir şəraitdə Azərbaycanın yeganə yolu qəti mövqe nümayiş etdirərək, münaqişənin hərbi vasitə ilə həllinə üstünlük verməsi idi. Ona görə də 2020 -ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları da məhz bu məntiqə əsaslandı və vəziyyətin bu yolla dəyişilməsi mümkünlüyünü sübuta yetirdi.
Azərbaycan əks-həmlə əməliyyatlarına haqq-ədalət uğrunda qoşulmuşdu, 30 il düşmən tapdağında qalan torpaqlarını azad etmək naminə müharibə aparırdı. Ərazilərimizin işğalçıdan təmizlənməsi, Ermənistan ordusunun tutduğu mövqedən çəkilməsi üçün hazırlıq işləri daim diqqət mərkəzində idi, silahlı qüvvələrimizin güclənməsi məqsədilə bu sahədə mühüm layihələrə önəm verilirdi.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu şanlı qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Biz hazırlaşırdıq, biz bütün tədbirləri görürdük, bütün addımları vaxtında atırdıq. Bütün gücləri bir amal uğrunda səfərbər etmişdik ki, torpaqlarımızı işğalçılardan azad edək. Həm hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi - bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur”.
Yeri gəlmişkən, Vətən müharibəsində ordumuzun misilsiz qəhrəmanlığı barədə də bəzi fikirlərimi diqqətə yönəltmək istərdim. İşğal illərində Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi diqqət mərkəzində saxlanıldı. Ordumuzun mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından inkişafına mühüm önəm verildi. Beləliklə, silahlı qüvvələrimizin kompleks modernləşdirilməsi ilə bağlı həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təsdiqini tapdı. Ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumundan müdafiə sistemlərini və hərbi hava qüvvələrinı sıradan çıxartdı. İşğalçı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv etdi.
Azərbaycan Prezidenti İlham Əliyev bütün bunlarla bağlı çıxışlarının birində vurğulayıb: “Biz müharibə dövründə Ermənistan ordusunu demək olar ki, məhv etdik. Mən müharibə dövründə müntəzəm olaraq düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı Azərbaycan xalqına məlumat verirdim. Artıq müharibə başa çatıb və bölgədə yeni dövr başlayır. Amma istərdim ki, Azərbaycan xalqına məlumat verim. Biz müharibə dövründə Ermənistan ordusunu necə məhv etmişik və nəyə görə Ermənistan baş naziri o alçaldıcı kapitulyasiya aktına imzasını qoydu”.Silahlı qüvvələrimiz müharibə dövründə Ermənistan ordusunu tamamilə darmadağın etməklə onun “məğlubedilməzliyi” mifinin əsassızlığını sübuta yetirdi. Bu, eyni zamanda, işğalçı ölkənin silahlı qüvvələrində 10 mindən çox fərarinin meydana çıxmasında, onların yarısının respublikadan qaçmasında, yarısına qarşı isə cinayət işi açılmasında özünü göstərdi.
Bu məqamda onu da qeyd edim ki, Prezident İlham Əliyev müharibənin getdiyi günlərdə xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırır, həmçinin Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə alırdı.
Hərbi əməliyyatların gedişində Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.
Vətən müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi: “Biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”. Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev vaxtaşırı işğaldan azad edilən ərazilərə səfərlər etməklə, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq layihələrinin gedişini nəzarətdə saxlamaqla, işlərin sürətləndirilməsi məqsədilə dəyərli tapşırıq və tövsiyələrini verməklə “Qarabağ Azərbaycandır və nida!” ifadəsinin müəllifi kimi bir daha xalqa çatdırdığı bütün vədlərə sadiqliyini göstərir. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada dövlətimizin başçısının adı bu möhtəşəm zəfərin müəllifi kimi tarixə əbədi yazılır.
Lider-Media.az