lider-media.az

      İgid oğulların qəhrəman anaları  

Tarix: 7-11-2024, 14:17

    

30 il ərzində gözlədiyimiz o müqəddəs anın, şanlı tarixin yeni səhifəsi yazıldı. Müzəffər Ordumuz Ali Baş Komandanın əmri ilə Vətəni yağı düşməndən təmizlədi. Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Dünya bizi həm də qalib xalq kimi tanıdı.

Əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi anılıblar. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Tarixin hansı səhifəsinə nəzər salsaq, Azərbaycan-Türk qadınınn cəsarətini, mərdliyini, şücaətini görmək mümkündür.

Azərbaycan xalqının şanlı tarixi qəhrəmanlıq səhifələri ilə zəngindir. Bu səhifələri xalqımızın igid oğulları yazırlar. Müdrik bir deyim var: “Tarix qəhrəmanları yaratdığı kimi, qəhrəmanlar da tarixi yaradır”.

 İnsan taleləri müxtəlif olur. Elələri var ki, illərlə ömür sürüb yaşasa da, adı bir kəndin bir şəhərin hüdudlarından kənara çıxmır, eləsi də var ki, az ömür sürür, əməlləri sərhədləri aşır.   Oğul düşmən çəpəridir, deyib babalarımılz. Ürəklərində doğma torpağa, canından çox sevdiyi Vətənə ölçüyəgəlməz məhəbbət gəzdirən igid oğullarımız. Böyük hünərlər, tarixi qəhrəmanlar sinələrində böyük ürək gəzdirən igidlərin  qisməti olur. Belə böyük ürək sahibləri də elin-obanın fəxri olur.

 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çıxışlarının birində demişdir: "Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin. bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. ...Əziz analar, sizin qəlbinizdə yaşayan ağrı və kədər əminəm ki, hər bir Azərbaycan qadınının ürəyində yaşayır. Bir daha çox sağ olun. Çox sağ olun ki, belə övladlar böyütmüsünüz. Çox sağ olun ki, ömrünüzün ən ağır anlarını belə ləyaqətlə qəbul edirsiniz."Sözsüz ki, hər bir qəhrəman əsgərin arxasında, cəsarətli, mərd, şücaətli Azərbaycan qadını dayanır. Vətən savaşında da ana və bacılarımızın qəhrəmanlıq nümunələrinin bir daha şahidi olduq.

 Uzun illər idi ki, Vətən darda, torpağımız işğalda inildəyirdi. Vətən igid qəhrəman oğullarını səsləyirdi. Cəbhəyə yola salanda da Vətən dardadır, südüm sənə halaldır-deyib, Vətənin azadlığı üçün od-alovun içinə, düşmənin başını əzməyə göndərdin. Arxasınca su ataraq, oğlun görməsin deyə gizlicə gözünün yaşını silib -Allaha əmanət ol, salamat qayıt, oğul,  pıçıldadın. Təəssüf ki, müharibə itkisiz olmur. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. İşğaldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi.Minlərlə oğullarımız qəhrəman kimi  üçrəngli bayrağa bürünüb Vətən oğullarının çiynində qayıtdı. Özü ilə Siz analara dünya boyda bir qürur gətirdi.

 “Vətən sağ olsun!”, ən dərdli çağında bu sözləri deməyi bacaran valideynlər özü də qəhrəmandır, ən xoş sözlərə layiqdirlər. Qəhrəman şəhid analarının oğulları haqqında, onların şəhid olmasını, son mənzilə yola salmalarından bir neçə epizodu xatırlatmaq yerinə düşərdi.

Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan şəhidlərinin sərdarı adlandırdığı Azərbaycanın Milli Qəhrəmanı  Mübariz  İbrahimovun  anası Şamama İbrahimovanın böyük iradə ilə “kədərli itki həmişə ağır olur. Bir ana kimi mənim üçün də ağırdır. Ancaq təsəllim belə bir oğulun Vətən, torpaq yolunda qəhrəmancasına şəhid olmasıdır. Yəqin ki, övlada anadan yaxşı bələd olan adam tapılmaz. Mən də bir ana kimi oğlumun bütün xüsusiyyətlərinə yaxından bələd idim. Mən onu bir qəhrəman oğul kimi böyütmüşdüm. O da buna layiq oldu. Südümü ona halal edirəm. Məni qəhrəman anası etdiyinə görə. Fəxr edirəm ki, belə bir oğlun anasıyam. O, yenidən dünyaya gəlsəydi, istəyərdim ki, yenə də qəhrəman kimi böyüsün. Mən bütün analara Mübariz kimi oğul böyüdüb tərbiyə etməyi arzulayıram ”-, deyə söyləyib.

 Eşq olsun belə anaya! Bu, bir ana müdrikliyidir. Üz vermiş kədərə mətanətlə, dözümlə, səbrlə üstün gəlmək Şamama kimi müdrik analara aiddir. Ağır, kədərli günlərdə Şamama ananı son dərəcə məğrur gördük. Bəli, Mübariz kimi Vətən, torpaq yolunda öz şirin canından keçməyi bacaran oğulları ancaq belə məğrur, hər şeydən uca analar dünyaya gətirə bilər.

 Naxçıvan şəhərindən olan şəhid Raqib Hüseynovun anası Rəna xanım: “ Balamın nişanı da, toyu da bayrağıdır. Mən fəxr edirəm ki, belə igid oğul böyütmüşəm. Mənim balam torpaq uğrunda şəhid olub, bu heç bir anaya qismət olmur, mənə qismət olub, şükür Allaha” deməsi bir ana ürəyinin böyüklüyündən xəbər verir. 

Eləcə də Masallıdan olan şəhidimiz Niyaməddin Sultanzadəni son mənzilə yola salarkən anamızın oğlunun tabutunu başının üstünə qaldıraraq “…başımı uca etdin, yerin cənnət olsun, oğul!” söyləməsi əsl mərd, cəsur Azərbaycan anasının qəhrəmanlıq  nümunəsidir.

Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın anası Məktubə Baxışova 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında qızının da payı olduğu üçün qürur duyur: “Arəstə cəbhədə əsgərlərimizə ana-bacı olub, onlara kömək edib. Ali Baş Komandanın dəmir iradəsi, ordumuzun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edilib, düşmənə yeri göstərilib. Arəstə də xidməti vəzifəsini yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. Qızım iki övladını mənə əmanət edib. Mən onun ruhu qarşısında söz verirəm ki, iki övladını Vətənə layiqli övlad kimi yetişdirəcəyəm”.

Aprel döyüşləri zamanı yeganə övladını Vətənə qurban verən Hürünisə xanım isə Lənkəranın Cil kəndindəndir. O, övladının şəhid olduğu Vətən torpaqlarında onlarla övlad qazandığını dilə gətirib: "Qürur duyuram ki, mənim övladım Vətən uğrunda şəhid olub. Əgər Əlizamanı mən itirdimsə, gör neçə dənə əlizamanlar tapdım. İndi bilirəm ki, mənim övladım tək olmayıb. Onun yanında qardaşları olub, dostları olub, tanışları olub". Digər bir təsiredici məqam isə Şəkinin  Kiş kəndində şəhid anasının  oğlunun çəkməsini, gediyi paltarları  hər gün qoxulamasıdır. Məhz bu ana bu cür təsəlli tapır.

Başını dik tut, qürurla gəz, Qəhrəman anaları! Silin  gözünüzün yaşını, ağlama, şəhid anası!Həyat boyu başıdik gəzib fəxr edəcəyin müqəddəs adlar  bağışladı sizlərə--qəhrəman anası, şəhid anası!

Lider-Media.az                                 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi