lider-media.az

ERMƏNİ LOBBİSİNƏ XİDMƏT EDƏN FRANSA MEDİASI

Tarix: 6-08-2024, 21:54

     İdmanı siyasətə qarışdıran rəsmi Paris Azərbaycana qarşı açıq təxribatla  yenidən gündəmə gəldi. Belə ki, iyulun 26-də keçirilən  “Paris-24”  Yay Olimpiya Oyunlarının  rəsmi açılış mərasimində  Fransanın “Fr2” telekanalının efirində azərbaycanlı və erməni idmançılarının keçidi zamanı təxribatçı ifadələr səsləndirilməsi böyük mübahisələrə səbəb olub. Canlı yayımda kanalın aparıcısı  Ermənistan idmançıları keçərkən bu ifadələri səsləndirib:  “Ermənistan, bizim erməni dostlarımız; tarixən fransızların qəlbinə yaxın olan ölkə. Erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə əlamətdar bir il oldu”.  Azərbaycan komandası keçəndə isə aparıcı ölkəmizi “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib. Bu məkrli davranış Fransa telekanalının idmana siyasət qataraq qərəz nümayiş etdirdiyinin əyani sübutudur. Bu fakt bir daha Fransanın iç üzünü, məkirli niyyətini yenidən ortaya qoydu.  Təkcə açılış  mərasimində digər rüsvayçılıqları da nəzərə alsaq  artıq Fransa haqqında nəsə söyləməyə ehtiyac qalmaz.  Burada bir məsələ aydın olur ki, rəsmi Fransa erməni lobbisinin təsiri altındadır. Lakin unudurlar ki, mətbuatın  öz qanunları var, media işçisi dövlətlər arasında olan bütün  konfliktlərə baxmayaraq hadisələri obyektiv şəkildə işıqlandırmalı, əsl həqiqəti olduğu kimi çatdırmalıdır.   

     30 il müddətində Ermənistan və qlobal “erməni şəbəkəsi” Azərbaycana qarşı  əks-kampaniya aparmış, yalan, böhtan yağdırmışdır. Bu illərdə ərazimizin 20 faizini işğal altında saxlayan Ermənistan, dünya ictimai rəyini çaşdırmağa, informasiya müstəvisində özünün “haqlı” obrazını yaratmağa çalışmış, bəzi “beynəlxalq təşkilatlar”, transmilli media da erməni şəbəkəsinə bu yolda alət olmuşdur. Bir sözlə, Qarabağ münaqişəsinin səbəblərini yanlış təqdim etməklə beynəlxalq ictimai rəydə çaşqınlıq yarada bilmiş, işğala məruz qalan ölkəyə, Azərbaycana nə qədər ironik olsa da sanksiyalar tətbiq edilmişdir. Belə ki, erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” aktına 907-ci düzəliş əlavə edilərək Azərbaycana birbaşa  dövlət yardımı  qadağan olunmuşdu.  Azərbaycandan Ermənistana qarşı blokadanın dayandırılması, “Qarabağın işğalı”na son qoyulması tələb edilmişdi. Erməni şəbəkəsi informasiya texnologiyalarından faydalanaraq faktları manipulyasiya edir, beynəlxalq ictimaiyyətdə yanlış stereotiplər formalaşdırır, azərbaycanlılar haqqında “Qafqazın qeyri-aborigen xalqı”,  “tarixi erməni ərazilərini mənimsəmiş toplu”,  “demokratik quruluş formalaşdıra bilməyən cəmiyyət” və buna bənzər tezisləri  dünya ictimai fikrinə aşılayırdı.  

       44 günlük Vətən müharibəsi də  dünya mediasının diqqət mərkəzində oldu. 2020-ci il oktyabrın 1-də Ermənistan Müdafiə Nazirliyi Fransanın “Le Monde” qəzetinin əməkdaşları Şari Rafael və Alan Kavalin cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən gülləbaran edildikləri barədə məlumat yaydı,  ölkəmizi Cenevrə Konvensiyasının  prinsiplərini pozmaqda, yəni “münaqişə bölgəsində  obyektiv araşdırma aparan jurnalistləri” atəşə tutmaqda ittiham etdi.  Bu, kökündən yanlış, Ermənistan texnoloqları tərəfindən   quraşdırılmış maxinasiya idi. Əslində, Qarabağ işğal altında olsa da beynəlxalq sənədlərdə  Azərbaycan ərazisi kimi tanındığından  “Le Monde” qəzetinin əməkdaşları da bu bölgəyə səfər edərkən respublikamızda akkreditasiyadan keçməli,  fəaliyyətlərini rəsmi  Bakı ilə koordinasiya etməli idilər. Onlar bu prinsipləri pozaraq Ermənistanda akkreditasiya olunmuş, erməni hərbçiləri isə onları bilərəkdən ön xəttə çıxarmışdılar. Məqsəd isə, hətta qəzet əməkdaşlarının həyatı bahasına olsa belə Azərbaycan haqqında mənfi rəy yaratmaq idi.     “BBC” xidməti də müharibə və onun həqiqətlərini yayarkən jurnalistikanın prinsiplərinə əməl etməmiş, birtərəfli mövqe nümayiş etdirmişdi.  Belə ki, xidmət  Dağlıq Qarabağı  mübahisəli və ermənilərin çoxluq təşkil etdikləri anklav kimi təqdim etmişdir. Aparıcı Ros  Atkinsin oktyabrın 1-də təqdim etdiyi proqramda ABŞ, Rusiya və Fransanın təkidlərinə baxmayaraq, hər iki tərəfin “mübahisəli” ərazi olan Qarabağda münaqişəyə son qoymamalarından, məsələnin regional konfliktə keçəcəyi barədə onlara edilən xəbərdarlıqdan danışılmışdır.

     İkinci Qarabağ müharibəsində bölgəsinə gələn jurnalist Anton Troyanovski də “New York Times” üçün Qarabağ münaqişəsi ilə əlaqədar araşdırma  yazılar hazırlamış, “Ermənistan ilə Azərbaycan arasında atəşkəsdən sonra  qısa mücadilə işləri” sərlövhəli  yazıda Moskvada imzalanmış atəşkəs danışıqlarından sonra Azərbaycanın artilleriya, pilotsuz uçuş aparatı və digər silahlarla ilk hücuma başlaması haqqında məlumatlar yaymışdı. Anklav adlandırdığı Qarabağın Stepanakert (Xankəndi) şəhərinin atəşə tutulması, sivillərin öldürülməsi, Qarabağın beynəlxalq konvensiyalara  görə Azərbaycanın ərazisi olması, ancaq torpaqların geri qaytarılmasından sonra etnik ermənilərin məhv olacağı barədə sərsəm, qərəzli fikirlər də bu yazıda yer almışdı. Həmin müəllifin  oktyabrın 18-də “Dəhşətli müharibənin ön xəttində:  Dağlıq Qarabağdakı ölüm və ümidsizlik” adlı məqaləsində isə məsələyə  daha qərəzli yanaşılmış, guya Azərbaycanın müharibəyə kütləvi surətdə başqa ölkələrdən döyüşçülər cəlb etdiyi qeyd edilmiş, erməni hərbçilərinin qəhrəmanlıqlarından söz açılmışdır. Və başqa bir çox belə faktları sadalamaq olar.

 “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Şuşada  2-ci Qlobal Media Forumunun aşılış mərasimində   Prezident İlham Əliyev bu məsələyə toxunaraq deyib:  “Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar  nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq... Əlbəttə, çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var...”.

  

Nurəngiz Adilqızı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi