Yalan ayaq tutsa da yerimir...
“Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq... Əlbəttə, çox arzu edeirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var...”. Bu fikri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Şuşada 2-ci Qlobal Media Forumunun aşılış mərasimində söyləyib.
30 il müddətində Ermənistan və qlobal “erməni şəbəkəsi” Azərbaycana qarşı əks-kampaniya aparmış, yalan, böhtan yağdırmışdır. Bu illərdə ərazimizin 20 faizini işğal altında saxlayan Ermənistan, dünya ictimai rəyini çaşdırmağa, informasiya müstəvisində özünün “haqlı” obrazını yaratmağa çalışmış, bəzi “beynəlxalq təşkilatlar”, transmilli media da erməni şəbəkəsinə bu yolda alət olmuşdur. Bir sözlə, Qarabağ münaqişəsinin səbəblərini yanlış təqdim etməklə beynəlxalq ictimai rəydə çaşqınlıq yarada bilmiş, işğala məruz qalan ölkəyə, Azərbaycana nə qədər ironik olsa da sanksiyalar tətbiq edilmişdir. Belə ki, erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” aktına 907-ci düzəliş əlavə edilərək Azərbaycana birbaşa dövlət yardımı qadağan olunmuşdu. Azərbaycandan Ermənistana qarşı blokadanın dayandırılması, “Qarabağın işğalı”na son qoyulması tələb edilmişdi. Erməni şəbəkəsi informasiya texnologiyalarından faydalanaraq faktları manipulyasiya edir, beynəlxalq ictimaiyyətdə yanlış stereotiplər formalaşdırır, azərbaycanlılarhaqqında “Qafqazın qeyri-aborigen xalqı”, “tarixi erməni ərazilərini mənimsəmiş toplu”, “demokratik quruluş formalaşdıra bilməyən cəmiyyət” və buna bənzər tezisləri dünya ictimai fikrinə aşılayırdı. “Təəssüf ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilibdir. Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur – yəni faktların manipulyasiyası, yanlış narrativlər...” – deyən Prezident İlham Əliyev, xüsusən də Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə bağlı xəbərlərin yayılması zamanı ölkəmizin reallıqdan uzaq olan bir şəkildə təqdim edilməsini təəssüf hissilə bildirib, bütün bunların ölkənin nüfuzunun ləkələnməsinə, biznes potensialının, sərmayə imkanlarının azaldılmasına xidmət edən cəhd olduğunu qeydedib: “Bu beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri- realist ssenarilər üzərinə yönəldir”.
44 günlük Vətən müharibəsi də dünya mediasının diqqət mərkəzində oldu. 2020-ci il oktyabrın 1-də Ermənistan Müdafiə Nazirliyi Fransanın “Le Monde” qəzetinin əməkdaşları Şari Rafael və Alan Kavalin cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən gülləbaran edildikləri barədə məlumat yaydı, ölkəmizi Cenevrə Konvensiyasının prinsiplərini pozmaqda, yəni münaqişə bölgəsində obyektiv araşdırma aparan jurnalistləri” atəşə tutmaqda ittiham etdi. Bu, kökündən yanlış, Ermənistan texnoloqları tərəfindən quraşdırılmış maxinasiya idi. Əslində, Qarabağ işğal altında olsa da beynəlxalq sənədlərdə Azərbaycan ərazisi kimi tanındığından “Le Monde” qəzetinin əməkdaşları da bu bölgəyə səfər edərkən respublikamızda akkreditasiyadan keçməli, fəaliyyətlərini rəsmi Bakı ilə koordinasiya etməli idilər. Onlar bu prinsipləri pozaraq Ermənistanda akkreditasiya olunmuş, erməni hərbçiləri isə onları bilərəkdən ön xəttə çıxarmışdılar. Məqsəd isə, hətta qəzet əməkdaşlarının həyatı bahasına olsa belə Azərbaycan haqqında mənfi rəy yaratmaq idi.
“BBC” xidməti də müharibə və onun həqiqətlərini yayarkən jurnalistikanın prinsiplərinə əməl etməmiş, birtərəfli mövqe nümayiş etdirmişdi. Belə ki, xidmət Dağlıq Qarabağı mübahisəli və ermənilərin çoxluq təşkil etdikləri anklav kimi təqdim etmişdir. Aparıcı Ros Atkinsin oktyabrın 1-də təqdim etdiyi proqramda ABŞ, Rusiya və Fransanın təkidlərinə baxmayaraq, hər iki tərəfin “mübahisəli” ərazi olan Qarabağda mnaqişəyə son qoymamalarından, məsələnin regional konfliktə keçəcəyi barədə onlara edilən xəbərdarlıqdan danışılmışdır.
İkinci Qarabağ müharibəsində döyüş bölgəsinə gələn jurnalist Anton Troyanovski də “New York Times” üçün Qarabağ münaqişəsi ilə əlaqədar araşdırma yazılar hazırlamış, “Ermənistan ilə Azərbaycan arasında atəşkəsdən sonra qısa mücadilə işləri” sərlövhəli yazıda Moskvada imzalanmış atəşkəs danışıqlarından sonra Azərbaycanın artilleriya, pilotsuz uçuş aparatı və digər silahlarla ilk hücuma başlaması haqqında məlumatlar yaymışdı. Anklav adlandırdığı Qarabağın Stepanakert (Xankəndi) şəhərinin atəşə tutulması, sivillərin öldürülməsi, Qarabağın beynəlxalq konvensiyalara görə Azərbaycanın ərazisi olması, ancaq torpaqların geri qaytarılmasından sonra etnik ermənilərin məhv olacağı barədə sərsəm, qərəzli fikirlər də bu yazıda yer almışdı. Həmin müəllifin oktyabrın 18-də “Dəhşətli müharibənin ön xəttində: Dağlıq Qarabağdakı ölüm və ümidsizlik” adlı məqaləsində isə məsələyə daha qərəzli yanaşılmış, guya Azərbaycanın müharibəyə kütləvi surətdə başqa ölkələrdən döyüşçülər cəlb etdiyi qeyd edilmiş, erməni hərbçilərinin qəhrəmanlıqlarından söz açılmışdır.
Dünyanın ən böyük informasiya agentliklərindən olan “Associated Press” də əsasən Ermənistanın mövqeyindən çııxış etmiş, müəllif Avet Demourian yazılarında Ermənistanın sülh tərəfdarı olması, Türkiyənin dəstək göstərdiyi Azərbaycanın mövqeyinin Qarabağı separatçı qüvvələrdən tam azad etməsi olduğunu vurğulamış, Ermənistanın baş nazliri Nikol Paşinyanın ittiham dolu çıxışlarına geniş yer vermişdir.
Vətən müharibəsinin işıqlqandırılmasının təhlili onu göstərdi ki, bir çox xarici media orqanlarında erməniəsilli jurnalistlər çoxluq təşkil edir və onların yazılarında qərəzli yanaşmalar açıq şəkildə hiss olunur. Eyni zamanda erməni lobbisinin də KİV-ə təsir gücü çoxdur. Ancaq mətbuatın isə öz qanunları var, media işçisi bütün konfliktləri obyektiv şəkildə işıqlandırmalı, əsl həqiqəti olduğu kimi çatdırmalıdır. Onsuz da yalan ayaq tutsa da, yerimir...
Nurəngiz Adilq1ızı.