Biləsuvarda VI Hind Quşu-Mətbəx və Aqrar Biznes Festivalı keçirilib

Biləsuvar rayonunda VI Hind Quşu-Mətbəx və Aqrar Biznes Festivalı təşkil olunub. Biləsuvar Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, eləcə də Dövlət Turizm Agentliyinin tərəfdaşlığı ilə keçirilən festivalın məqsədi yerli kənd təsərrüfatı məhsullarının tanıdılması, milli mətbəx nümunələrinin təbliği və bölgənin turizm potensialının təşviqidir.
Biləsuvar şəhər Mərkəzi Parkında təşkil olunan festivalda dövlət və özəl sektor nümayəndələri, kənd təsərrüfatı istehsalçıları, fermerlər, kulinariya mütəxəssisləri və çoxsaylı ziyarətçilər ediblər.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festivalın bölgənin sosial-iqtisadi inkişafı, yerli istehsalın təşviqi və kənd təsərrüfatı ənənələrinin qorunması baxımından əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, bu cür tədbirlər quşçuluq təsərrüfatlarının inkişafına, fermerlərin məhsullarını daha geniş auditoriyaya təqdim etməsinə, istehsalçı ilə istehlakçı arasında əlaqələrin möhkəmlənməsinə və regionlarda sahibkarlıq imkanlarının genişlənməsinə töhfə verir.
Milli Məclisin deputatları Bəhruz Məhərrəmov və Günay Ağamalı, həmçinin Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı festivalın keçirilməsini müsbət qiymətləndiriblər. Çıxışlarda ölkədə həyata keçirilən inkişaf strategiyasının regionların tərəqqisinə təsiri, kənd təsərrüfatı və digər sahələrdə əldə olunan nailiyyətlər diqqətə çatdırılıb.
Festival çərçivəsində aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, alternativ enerji mənbələri ilə işləyən texnologiyalar, gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları və digər innovativ məhsullar nümayiş etdirilib. Bununla yanaşı, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəf və istiqamətlərini əks etdirən posterlər sərgilənib, fermerlər arasında maarifləndirmə və təşviqat işləri aparılıb.
Tədbir iştirakçılarına yerli kənd təsərrüfatı məhsulları və sənətkarlıq nümunələri təqdim olunub, müxtəlif kənd təsərrüfatı məhsullarının satışı təşkil edilib. Həmçinin kənd həyatını əks etdirən guşələr, əl işləri və həsirçilik nümunələri ziyarətçilərin marağına səbəb olub.
Festivalın kulinariya bölməsində hind quşu ətindən hazırlanmış müxtəlif yeməklər nümayiş etdirilib. Yerli aşpazlarla yanaşı, fərqli mətbəx ənənələrini təmsil edən iştirakçılar da öz kulinariya bacarıqlarını nümayiş ediblər.