Bu gün Azərbaycan musiqisinin əbədiyaşar dahisinin anım günüdür
Bəzən bir insanın ömrü bütöv bir xalqın tarixində silinməz iz qoyur. Elə insanlar var ki, onların yaratdıqları zamanın sərhədlərini aşaraq nəsillərin yaddaşına, xalqın mənəvi dünyasına çevrilir. Azərbaycan xalqının belə böyük şəxsiyyətlərindən biri də milli musiqi sənətimizin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylidir. Noyabrın 23-ü onun dünyadan köçdüyü tarixdir. Lakin Üzeyir bəyin cismani yoxluğu Azərbaycan mədəniyyətində yaratdığı əbədiyyəti heç zaman kölgədə qoya bilməyib.
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya göz açıb. Uşaqlıq və gənclik illəri Qarabağın zəngin musiqi mühitində, xüsusilə Şuşanın sənət və ədəbiyyat ənənələri içərisində formalaşıb. İlk təhsilini Şuşada alan gələcəyin böyük bəstəkarı Qori Müəllimlər Seminariyasında oxuyaraq dünyagörüşünü və musiqi biliklərini daha da zənginləşdirib. Maraqlı məqam ondan ibarətdir ki, o, sənət yoluna yalnız musiqi ilə deyil, müəllimliklə başlayıb. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqi fənlərini tədris etməsi onun maarifçilik fəaliyyətinin ilk mərhələsi olub.
1905-ci ildə Bakıya köçən Üzeyir bəy burada təkcə bəstəkar kimi deyil, publisist, dramaturq və ictimai xadim kimi də fəaliyyət göstərməyə başlayıb. Dövrün mətbuatında dərc olunan məqalə və felyetonlarında cəmiyyətin problemlərinə toxunub, savadsızlığa, geriliyə, ədalətsizliyə qarşı öz qələmi ilə mübarizə aparıb. O, sənətin xalqın maariflənməsinə, milli düşüncənin inkişafına xidmət etməli olduğuna inanırdı.
Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti qarşısındakı ən böyük tarixi xidmətlərindən biri Şərqdə opera sənətinin əsasını qoymasıdır. 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyev teatrında onun Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazdığı "Leyli və Məcnun" operasının ilk tamaşası göstərildi. Bu hadisə yalnız yeni bir musiqi əsərinin səhnəyə çıxması deyildi. Bu, Şərq musiqi ənənələri ilə Avropa opera mədəniyyətinin qovuşduğu, Azərbaycan professional musiqi sənətinin yeni mərhələyə qədəm qoyduğu tarixi hadisə idi.
Dahi bəstəkarın sənət dünyası bununla məhdudlaşmadı. "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşudbanu", "Əsli və Kərəm" kimi operalar, "O olmasın, bu olsun" və "Arşın mal alan" kimi ölməz musiqili komediyalar onun yaradıcılığının zənginliyini nümayiş etdirdi. Xüsusilə 1913-cü il oktyabrın 25-də Bakıda ilk dəfə səhnələşdirilən "Arşın mal alan" əsəri sonralar ölkə sərhədlərini aşaraq dünya tamaşaçılarının rəğbətini qazandı. Bu əsər müxtəlif ölkələrdə ekranlaşdırıldı, müxtəlif dillərə tərcümə edildi və Azərbaycan musiqili komediyasını beynəlxalq səviyyədə tanıtdı.
Üzeyir bəyin yaradıcılığında xüsusi yer tutan "Koroğlu" operası isə onun bəstəkarlıq qüdrətinin ən möhtəşəm nümunələrindəndir. 1937-ci il aprelin 30-da Bakıda ilk tamaşası keçirilən bu əsərdə xalqın azadlıq arzusu, qəhrəmanlıq ruhu, mübarizə əzmi və milli xarakteri musiqinin dili ilə ifadə olunub. "Koroğlu" Azərbaycan opera sənətinin ən yüksək zirvələrindən biri kimi bu gün də öz əhəmiyyətini qoruyur.
Üzeyir Hacıbəylinin ömür yolunun ən mənalı səhifələrindən biri isə Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yeri olan Dövlət Himnimizlə bağlıdır. 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli şair Əhməd Cavadın sözlərinə musiqi bəstələyərək "Azərbaycan marşı"nı yaradıb. Bu əsər Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ideallarını, azadlıq və müstəqillik arzusunu özündə birləşdirirdi. Cümhuriyyət dövründə himnin qəbul edilməsi üçün təşəbbüs göstərilsə də, 1920-ci ilin aprelində baş verən tarixi hadisələr bu niyyətin rəsmiləşməsinə imkan vermədi.
Lakin xalqın yaddaşında yaşayan bu musiqi öz tarixi missiyasını itirmədi. 1992-ci il mayın 27-də Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycan marşı"nı Dövlət Himni kimi təsdiq etdi. Beləliklə, illər əvvəl istiqlal arzusu ilə yaradılmış musiqi müstəqil Azərbaycanın əsas dövlət rəmzlərindən birinə çevrildi.
Bu gün Dövlət Himnimiz səslənəndə hər bir azərbaycanlının qəlbində eyni qürur, eyni Vətən sevgisi baş qaldırır. "Azərbaycan, Azərbaycan!" nidası yalnız musiqi sədaları deyil, xalqın öz tarixinə, torpağına, bayrağına və müstəqilliyinə sədaqətinin ifadəsidir. Əhməd Cavadın sözləri ilə Üzeyir bəyin musiqisinin vəhdəti milli ruhumuzun ən möhtəşəm ifadələrindən birinə çevrilib. Himnimizin hər bir notunda azadlıq uğrunda mübarizə aparmış insanların arzusu, Vətən naminə canından keçən qəhrəmanların fədakarlığı və gələcəyə inam yaşayır.
Böyük bəstəkar yalnız əsərlər yaratmaqla kifayətlənməyib, Azərbaycan musiqi elminin və təhsilinin inkişafına da misilsiz töhfələr verib. O, milli musiqimizin nəzəri əsaslarını araşdırıb, xalq musiqisinin zənginliyini elmi şəkildə öyrənib. 1945-ci ildə nəşr olunan "Azərbaycan xalq musiqisinin əsasları" əsəri bu sahədə mühüm elmi mənbələrdən biri oldu. 1940-cı ildə Moskva Dövlət Konservatoriyasında Azərbaycan xalq musiqisinin əsasları haqqında məruzə etməsi və professor adını alması onun elmi nüfuzunun beynəlxalq miqyasda da qəbul edildiyini göstərirdi.
Üzeyir Hacıbəyli 1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülüb, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi də fəaliyyət göstərərək milli musiqi məktəbinin formalaşmasına böyük əmək sərf edib.
Dahi sənətkar 1948-ci il noyabrın 23-də Bakıda vəfat edib. Birinci Fəxri xiyabanda dəfn olunan Üzeyir bəyin adı bu gün də Azərbaycan mədəniyyətinin ən uca zirvələrində çəkilir. Onun doğum gününün ölkəmizdə Musiqi Günü kimi qeyd olunması isə sənətkarın milli mədəniyyətimizdəki müstəsna yerinin daha bir təsdiqidir.
Bu gün Üzeyir Hacıbəylini anarkən yalnız keçmişə nəzər salmırıq. Onun yaratdığı musiqidə bu günümüzü, dövlət müstəqilliyimizin dəyərini, milli birliyimizi və gələcəyə olan inamımızı görürük. Zaman dəyişir, nəsillər yenilənir, lakin onun bəstələdiyi Himn hər dəfə səslənəndə xalqımızın qəlbində eyni müqəddəs duyğular oyanır.
Üzeyir Hacıbəyli öz sənəti ilə sübut etdi ki, musiqi bəzən bir xalqın tarixindən daha çox söz deyə, bir millətin taleyini notlara köçürə bilər. O, Azərbaycanın ruhunu musiqiyə, istiqlal sevgisini isə Himnə çevirdi. Məhz buna görə də Üzeyir bəyin adı təkcə musiqi tariximizin deyil, milli yaddaşımızın və dövlətçilik salnaməmizin də əbədi səhifəsidir.
Nurəngiz Adilqızı


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Goranboyda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Biləsuvarda VI Hind Quşu-Mətbəx və Aqrar Biznes Festivalı keçirilib
Dünya Bankının nümayəndə heyəti AKİA-da qiymətləndirmə missiyası keçirib
İlham Əliyev Trampa təşəkkür edib
“Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
“Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
COP31 çərçivəsində Antalyada dayanıqlı turizmin gələcəyi müzakirə olunub
İtaliyanın Baş nazirinin müavini ilə görüş keçirilib
Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Zəngilanda səyyar stomatoloji müayinə aksiyası keçirilib
Noyabrın 24-də gözlənilən hava şəraiti
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
Həftəlik icmal - (16.11.2026 - 22.11.2026) - VİDEO
A.Y.Əsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Alyona Əliyeva sərgidə - Fotolar

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı