lider-media.az

Makronun uğursuz siyasi addımları Fransanın nüfuzunu zəiflədib -ŞƏRH

Tarix: 3-02-2024, 16:23

Hadisələrin gedişi və ən son ictimai rəy sorğusunun nəticələri göstərir ki, Fransa daxilində Emmanuel Makronun əvvəlki tək dəstəyi yoxdur. Bu da sözsüz ki, Makronun həm xarici, həm daxili siyasətdə uğursuz addımları ilə əlaqələndirilir. İlk növbədə, xarici siyasətə nəzər salsaq görərik ki, Fransanın atdığı addımlar onun müxtəlif regionlarda nüfuzunun daha da zəifləməsinə, hətta uzun illər ərzində Afrika kimi resurs mənbəyi olan əhəmiyyətli regionda rolunun azalmasına gətirib çıxarıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Sultan Zahidov səsləndirib.

Politoloq bildirib ki, Fransa nə qədər çabalasa da, bu ölkənin həm daxildə, həm də xaricdə tənəzzülə uğradığının şahidi oluruq.

“Fransa Mali, Niger və Burkino-Fasoda əvvəlki kimi təsir gücünə malik deyil. Eyni zamanda, bu ölkə Aralıq dənizi, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı destruktiv siyasət yürüdür. Cənubi Qafqazda Fransanın ermənipərəst mövqeyini bilirik və bu mövqe ona heç də müsbət xallar gətirmir. Makronun, eyni zamanda, Rusiya-Ukrayna müharibəsində də uğursuz vasitəçilik cəhdləri onun qlobal arenada artıq əvvəlki kimi vacib aktor olmasına imkan vermir. Bunu da, sözsüz ki, Fransa xalqı anlayır”, - deyə S.Zahidov diqqətə çatdırıb.

Politoloqun sözlərinə görə, eyni zamanda, daxildəki siyasətə nəzər salan zaman Makronun apardığı islahatların heç də Fransa iqtisadiyyatını canlandırmadığının şahidi oluruq. Ölkənin sosial-iqtisadi sistemində müxtəlif problemlərin olduğunu qeyd edən S.Zahidov deyib: “İslahatlar nəinki problemləri həll etmədi, əksinə, pensiya islahatı ictimaiyyət tərəfindən tənqidə məruz qaldı. Eyni zamanda, uzun zamandır Makronun immiqrasiya ilə bağlı yeni həll paketi gündəmdədir. Bu paket Fransa Milli Assambleyasından heç cür müsbət rəy ala bilmir. Solçular paketin kifayət qədər sərt olduğunu düşünürlər. Sağçılar isə əksinə yumşaq olduğunu düşünərək, Makronun təqdim etdiyi həll variantına qarşı olduqlarını bildirirlər. Belə olan halda, sözsüz ki, parlamentdə üstünlüyə nail ola bilməyən Makronun immiqrasiya ilə bağlı həll paketi də nəticə vermədi”.

Fransa iqtisadiyyatının göstəricilərinə nəzər salan politoloq bildirib ki, bu ölkədə əvvəlki illərdə olduğu qədər artım tempi yoxdur. Əksinə, Fransada inflyasiyanın olduğunu, qiymətlərin artmasını bilirik, eyni zamanda, işsizlik də baş alıb gedir. Bütün bunların fonunda, sözsüz ki, xalq tərəfindən artıq Makrona olan etimad azalmaqdadır.

“İndiki halda Makron siyasi isteblişmenti son 3 ildə müəyyən islahatlar həyata keçirməyə çalışır. Parlamentdə belə Makronun koalisiyası üstünlük təşkil etmir. Bu baxımdan Makron üçün lazımi paketləri, qətnamələri parlamentdən keçirmək kifayət qədər müşkül olacaq. Bu da onu deməyə əsas verir ki, qarşıdakı illərdə Makron hakimiyyəti ciddi islahatlara əl ata bilməyəcək. Eyni zamanda, Fransada artan islamofobiya və ksenofobiya kimi meyillər bir daha onu göstərir ki, Makron Fransada yaşayan fərqli irqlərə qarşı adekvat siyasət həyata keçirməyib, əksinə olanların narazılığını daha da artırıb”, - deyə Sultan Zahidov diqqətə çatdırıb.

Politoloq sonda onu da qeyd edib ki, Fransanın paytaxtı Paris bu il yay olimpiadasına ev sahibliyi edəcək. Lakin Fransa “Paris-2024” Yay Olimpiya Oyunları kimi irimiqyaslı tədbirə ev sahibliyi etmək iqtidarında deyil.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi