Ermənistanda siyasi gərginlik davam edir
Vətən müharibəsindən sonra ideoloji sütunu darmadağın edilən Ermənistanda siyasi ab-hava ağırdır. Həmin ilin noyabrında ukraynalı politoloq Dmitri Qalkin Ermənistandakı vəziyyəti təhlil edərkən deyib ki, bu ölkədəki revanşist əhvali-ruhiyyəli siyasi qüvvələr hələ ki, hakimiyyətdən uzaqlaşdırılıb. Ölkə rəhbərliyi davakar bəyanatlar verə bilər, lakin münaqişənin yenidən alovlanmasına səbəb ola biləcək addımlardan çəkinəcəklər. 3-4 ildən sonra isə daxili siyasi vəziyyət dəyişə və revanşistlər hakimiyyətə qayıda bilərlər.
2021-ci il iyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri təsdiqlədi ki, revanşist mövqedən çıxış edən siyasi qüvvələr, xüsusilə "Qarabağ klanı" cəmiyyətdə o qədər də dəstək və nüfuza malik deyil. Onlar İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra Nikol Paşinyan və onun komandasını asanlıqla hakimiyyətdən uzaqlaşdıra biləcəklərini düşünsələr də reallıq bunun əksini göstərdi. Yəni digər siyasətçilər, xüsusən də "Qarabağ klanı"nın təmsilçiləri ilə müqayisədə Paşinyana daha çox etimad göstərildi. Bunun da əsas səbəbi əhalinin böyük əksəriyyətinin revanşizmdən, müharibə xülyalarından imtina etməsidir. Sadə erməni əhalisi mümkün yeni savaşın nə ilə nəticələnəcəyini yaxşı bilir. Buna görə də revanşist fikirlər səsləndirən siyasi qüvvələrin ardınca getmək istəmir. Beləliklə, həm də postmüharibə dövrünün yeni geosiyasi reallıqları ilə barışdıqlarını, geriyə yolun olmadığını anladılar.
Prezident İlham Əliyev 2021-ci il avqustun 14-də "CNN Türk" televiziya kanalına müsahibə verərkən demişdir:"Mən bir neçə dəfə öz sözümü açıq demişəm ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin demarkasiyası, yəni müəyyən edilməsi prosesi də başlasın... Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası... onların da maraqlarına xidmət edəcək... Ancaq Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar bunu istəsələr də dilə gətirə bilmirlər. Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır...".
Dövlət başçısının da qeyd etdiyi kimi, “çətin bir psixoloji durumda” olan erməni ictimaiyyəti "Qarabağ klanı"nın təmsilçilərinin hakimiyyətdə olduğu müddətdə ölkəni necə böyük çətinliklərə düçar etdiklərinin fərqindədir. Bu səbəbdən onlara qarşı nifrət formalaşıb. Xalq Robert Köçəryan-Serj Sarkisyan cütlüyünü, onlara bağlı qüvvələri tarixin arxivinə atmaq niyyətində olduğunu aydın ifadə etdi. Paşinyan və komandası isə digər siyasi qüvvələrlə koalisiya qurmadan hökuməti formalaşdırmaq imkanı qazandı.
Ermənistan cəmiyyəti gec də olsa anlamağa başladı ki, postmüharibə dövründə onun yeganə çıxış yolu inkişafını əngəlləyən əsassız, qeyri-hüquqi iddialardan əl çəkmək, konstruktiv mövqe nümayiş etdirərək Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdır. Lakin işlər heç də həmin məcrada irəliləmədi. Ermənistanı qarşıdurmaya yönəltməyə çalışan və qonşu ölkələrlə dinc yaşamasını əngəlləməyə cəhd göstərən radikal çevrələr, revanşistlər öz maraqlarını daha üstün tutdular. Azərbaycanın sülh təkliflərinə məhəl qoyulmadı, rəsmi İrəvan dövlət sərhədimizdə təxribatlar törətməklə öz xalqının gələcəyini düşünmədiyini göstərdi. İşğalçı ölkənin hakimiyyəti anlamadı ki, əgər Azərbaycan yeni bir antiterror əməliyyatına başlayarsa, Ermənistan bunun qarşısını almaqda bu dəfə də aciz qalacaq.
44 günlük Vətənmüharibəsində məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan revanşist və təxribatçı bəyanatlar verməkdə davam etdi, digər region ölkələri ilə sıx əməkdaşlıq barədə düşünmədi, atəşkəsi tez-tez pozdu. Azərbaycan atəşkəsin pozulması hallarına kifayət qədər adekvat reaksiya verməklə işğalçı ölkəni bu yoldan çəkindirməyə çalışdı. Ermənistan isə müttəfiqi Rusiya ilə münasibətləri gərginləşdirməyə istiqamətlənmiş addımlar atmaqla, həm də Qərbin regiona müdaxiləsinə zəmin yaratdı. Bu fonda Avropa və Qərbin müəyyən dövlətləri, beynəlxalq təşkilatlar Cənubi Qafqazdakı maraqlarının reallaşması üçün Azərbaycana qarşı əsassız ittiham və mənasız təzyiq cəhdlərini daha da gücləndirdi, Ermənistanı silahlandırmaq və digər yardımlar göstərməklə revanşistləri yeni müharibəyə ümidləndirdi.
2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirləri bölgədə separatizmin kökünü kəsməklə, həm də suverenliyimizin tam bərpasını təmin etdi. Bundan sonra Ermənistanın Qərbin təhrikilə ölkəmizə qarşı yalan və böhtan kampaniyası daha da genişləndi. Havadarları beynəlxalq müstəvidə Azərbaycan əleyhinə qətnamələr qəbul etdirməklə, ölkəmizin nüfuzuna xələl gətirməyə çalışdılar. Müxtəlif ssenarilər üzrə oyunlar qurulsa da o tamaşaların seyrçiləri də özlərindən başqa heç kim olmadı. Yəni özləri "oynayıb" özləri də "tamaşa etdilər". Nəhayət, Ermənistan rəhbərliyi öz mövqeyini bir qədər yumşaltmağa məcbur oldu. Qazaxın 4 kəndinin geri qaytarılması isə işğalçı ölkədə heç də birmənalı qarşılanmadı. Paşinyanın bu mövqeyini qəbul etməyən revanşistlər etirazlara başladılar. Bu dəfə etiraz aksiyalarının hərəkətverici qüvvəsi isə din xadimi oldu. Baqrat Qalstanyan "Qarabağ klanı"nın maraqlarından çıxış edərək sərhədlərin delimitasiyası prosesinə qarşı çıxdı. Paşinyanın istefası tələbi irəli sürüldü. İndi Ermənistanda vəziyyət gərgindir və hadisələrin nə ilə nəticələnəcəyini söyləmək çətindir.
Nurəngiz Adilqızı.