Cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən adam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə, öldürməklə hədələmə, qəsdən sağlamlığa ağır zərər vurma və seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1985-ci il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Zhanbolat Serikov cari ilin yanvar ayında ölkəmizdə müəyyən edilərək, Baş Prokurorluğun vəsatətinə əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Baş Prokurorluq tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanlarının ekstradisiyaya dair vəsatəti həm birinci, həm apellyasiya, həm də kassasiya instansiyalarında müdafiə edilmişdir.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qüvvədə olan ekstradisiya haqqında müqaviləyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsininin qərarına uyğun olaraq Zhanbolat Serikov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə adıçəkilən ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilmişdir.