20 iyun Ümumdünya Qaçqınlar Günüdür - Həsrətin və Ümidin Günü
Hər il iyunun 20-si dünyada milyonlarla insanın həyatında dərin izlər buraxan, onların taleyini dəyişən Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu gün, müharibələr, təqiblər, təbii fəlakətlər səbəbindən doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalan insanların səsinə qulaq asmaq, onların yaşadıqları çətinlikləri anlamaq, onlara dəstək olmaq günüdür.
Qaçqın olmaq — bu, sadəcə başqa bir ölkədə yaşamaq deyil, doğma torpağından, evindən, ailəsindən, uşaqlıq xatirələrindən ayrılmaq deməkdir. Qaçqınlar ürəklərində daşıdıqları həsrət və acını heç vaxt unutmurlar. Onların hər biri — öz hekayəsi ilə bir həyat, bir dünya deməkdir.
Hazırda dünyada milyonlarla insan zorakılıq və təqiblərdən qaçaraq sığınacaq axtarır, həyatlarını xilas etməyə çalışırlar. Bəzən də sığındıqları yerlərdə mənəvi, sosial çətinliklərlə üzləşirlər. Amma bütün bu əngəllərə baxmayaraq, onların içində bir ümid, insanlıq sevgisi, həyat eşqi yaşayır.
Bu gün bəzi dövlətlərqaçqınların hüquqlarını qorumaq, onlara layiqli həyat şəraiti yaratmaq və onların cəmiyyətə inteqrasiyasına dəstək üçün tədbirlər görürlər. Qaçqınların üzləşdikləri problemlərə laqeyd qalmamaq, onlara hörmət və mərhəmət göstərmək hər kəsin insanlıq borcudur
Ümumdünya Qaçqınlar Günü ölkəmizdə də geniş şəkildə qeyd olunur. Çünki Azərbaycan dünyada ən çox qaçqını və məcburi köçkünü olan ölkələrdən biridir. 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyənləşdirən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub.
Ötən əsrin sonlarında Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan dünyanın ən çox qaçqını və məcburi köçkünü olan ölkələrdən birinə çevrilib.
Ümumiyyəylə, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən deportasiyaya məruz qalıb. Sonuncu dəfə isə təminən 300 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovularaq ölkəmizə pənah gətirib. Ermənistan Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldıb. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədilib, Xocalı şəhəri bir gecədə darmadağın edilib. Beləliklə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Qarabağın dağlıq hissəsi ilə həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən zorla çıxarılaraq respublikamızın 62 şəhər və rayonunda məskunlaşıb.
Azərbaycanlı qaçqınların hekayəsi təkcə itki deyil, həm də güc və dözüm dastanıdır. Onlar özlərini yeni şəraitə uyğunlaşdırmaq, övladlarına gələcək qurmaq üçün hər gün mübarizə apardılar. Onlar heç vaxt ümidlərini itirmədilər. Öz torpaqlarından qovulmaq, yaşamağın, doğma məkanı itirməkbu insanlar üçün həyatın ən ağır sınağı oldu. Onlar üçün hər yeni gün ümid, yaşamaq və torpaqlarına geri qayıtmaq arzusu idi. Doğma torpağından, yaxınlarından ayrı düşmək, yaşadıqları faciələr onların ruhunda dərin izlər buraxır. Bu izləri tam sağaltmaq üçün dövlətimiz onlar üçün hər cür şərait yaradır.
Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, xalqımızın ən ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Sonrakı dövrdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, həmçinin digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərib. Bu məsələlərlə bağlı əsas istiqamət isə dövlət qurumlarının və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübəsi nəzərə alınmaqla Böyük Qayıdış proqramının hazırlanması oldu. Bu istiqamətdə atılan ilk iki addım kimi Cocuq Mərcanlı kəndini və əvvəllər Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar.
Növbəti addım isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfərdən sonra reallaşdı və “məcburi köçkün” adı tarixdə qaldı. Artıq keçmiş məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıdırlar. Belə ki, 2022-ci il iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Daha sonra Böyük Qayıdış proqramı çərçivəsində həmin il martın 16-da Tərtər rayonunun Talış kəndinə məcburi köçkün ailələri köçürüldü. Böyük Qayıdışın növbəti ünvanı isə Laçın şəhəri oldu. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı 2023-cü il mayın 28-də başlandı.
Hazırda işğaldan azad olunmuş ərazilərdə - Şərqi Zəngəzur və Qarabağda bərpa, quruculuq və abadlıq işləri sürətlə davam etdirilir. Genişmiqyaslı işlər nəticəsində yaşayış məntəqələri bərpa edilir. Quruculuq işlərinin həyata keçirilməsi ilə yanaşı, doğma torpaqlarından didərgin düşmüş keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarna qayıdırlar. Artıq bir zamanlar şəkillərdə və ekranlarda həsrətlə baxdığımız torpaqlara həyat qayıdıb, bu ərazilər çiçəklənir.
İndiyədək işğaldan azad edilmiş ərazilərdə 3464 ailə, 13745 nəfər keçmiş məcburi köçkün daimi məskunlaşıb. Qarabağ və Şərqi Zəngəzurda iqtisadi islahatların sürətləndirilməsi ilə yanaşı, işğaldan azad olunan ərazilərimizə “Böyük Qayıdış”ın ən yüksək səviyyədə təmin edilməsi üçün bütün dünyanı heyrətə gətirən layihələr reallaşdırılır. Tarixi qələbədən sonra dövlətin əsas prioritetlərindən biri azad edilmiş ərazilərin bərpası, infrastrukturların yenidən qurulması və əhalinin həmin torpaqlara təhlükəsiz və davamlı şəkildə qayıdışının təmin edilməsi oldu. Bu məqsədlə həyata keçirilən “Böyük Qayıdış” proqramı genişmiqyaslı və çoxşaxəli fəaliyyət planı olaraq, ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir.
Tarixi zəfərdən sonra azad olunmuş torpaqlarda bərpa-quruculuğun başlanması, qısa müddət ərzində genişmiqyaslı işlərin həyata keçirilməsi dövlətimizin iqtisadi qüdrətinin göstəricisidir. Dövlət başçısı İlham Əliyev 2024-cü il 7 fevral tarixində keçirilən Prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində “Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir” söyləyərək onu da əlavə etdi ki, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir.
Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə mühüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri həyata keçirilib. Onlarla yaşayış məntəqəsinin təməli qoyulub. Hazırda da işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycanın əsas hədəfi “Böyük Qayıdış” Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün doğma yurdlarına qayıdışına nail olmaqdır.
Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi, keçmiş məcburi köçkünlərin mərhələ-mərhələ doğma yurdlarına qayıdışı Azərbaycan dövləti üçün prioritetdir. Dövlət başçısının bölgələrə səfərlərinin əksəriyyəti məhz bu ərazilərə olur. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma plan üzrə gedir. Görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba yurdumuza əbədi qayıtmışıq.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri ilə torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoyulub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Heç bir dövlətdən və beynəlxalq təşkilatdan yardım almadan yalnız Azərbaycanın özünün imkanları hesabına proqram icra olunur. Bu da Azərbaycan dövlətinin gücünü, qüdrətini və iradəsini göstərir.
Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış həyata keçirən Azərbaycan dövlətinin qarşısındakı növbəti milli prioriteti Ermənistandan qovulmuş üç yüz minə yaxın soydaşımıızın hüquqlarının bərpası, onların tarixi torpaqlarına qaytarılmasıdır. Buna görə də sözügedən istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir, məsələ beynəlxalq gündəlikdə saxlanılır və Qərbi azərbaycanlıların yurd nisgilinin bitməsi üçün ardıcıl və effektiv işlər həyata keçirilir.
Ümumdünya Qaçqınlar Günü insanlara xatırladır ki, qaçqınlar təkcə maddi yardıma deyil, həm də sosial, psixoloji və mənəvi dəstəyə ehtiyac duyurlar. Onlara qayğı göstərmək, hüquqlarını qorumaq insanlığın borcudur.
Nurəngiz Adilqızı.