lider-media.az

9 İyun - Azərbaycanı Qurtuluşa aparan tarixi yol 

Tarix: 9-06-2025, 15:18

1993-cü ilin 9 iyun tarixi Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin xilası günü olaraq tariximizdə yer alıb. Həmin tarixi gündə Ümummilli Lider Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıdıb, müstəqilliyimizi və dövlətçiliyimizi xilas edib. Həmin gün ölkəmizin taleyində mühüm tarixi hadisə olaraq yer alıb və Qurtuluşa doğru mühüm addım atılıb. O addım suverenliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təməli olmaqla, Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirib, xalqımızı nicat yoluna çıxarıb. Bu gün əgər Azərbaycanın uğurlu inkişafından, Zəfər tariximizdən söz açırıqsa, unutmamalıyıq ki, həmin tarixi dövrün mürəkkəb, ziddiyyətli məqamları Azərbaycanı yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Bu günün real mənzərəsi – Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş, demokratik ölkə kimi tanınması, dinamik inkişafımız, öz sözünü gücü ilə deyən müzəffər ordumuz, ümumilikdə ölkəmizin keçdiyi uğurlu inkişaf yolu məhz Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir. Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxması, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması, məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətindən qaynaqlanıb. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb. Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən Ulu Öndər Heydər Əliyev fenomeni, cəsarəti və müdrikliyi qoruyub-saxlayıb. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz Müdrik Liderinə güvənməsi və geniş xalq məhəbbəti vəhdətdə birləşdiyindən, Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas oldu. Xalqımızı nicata aparan yol 1993-cü ilin 9 iyun tarixində başlanmışdır. Həmin gün Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atmışdı. Məlumdur ki, 1990-cı ilin Qanlı 20 Yanvar hadisələrindən sonra Ulu Öndər Heydər Əliyevin Moskvadan Azərbaycana qayıtması, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilməsi, artıq bu mübarizə alovunu gücləndirdi və Müdrik Siyasətçinin uzaqgörən siyasəti xalqın buxovlanmış arzularının yolunda ümid çırağı yandırmış oldu. Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan Parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi. Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul edildi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan KP-nin fəaliyyəti dayandırıldı və onun bütün strukturları ləğv edildi.

1993-cü ildə, dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, bir sözlə, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda dahi şəxsiyyət Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyin, itaətsizliyin, anarxiyanın, siyasi çəkişmələrin, Gəncədə başlanmış qardaş qırğınının, hərbi xəyanətin, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız o böyük insan ala bilərdi.

O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın qərarı Bakıya - ölkə rəhbərliyinə ulu öndər Heydər Əliyevin gəlməsi idi. Bu məqsədlə Naxçıvana, ulu öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Ümummilli lider Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Ölkəyə rəhbərlik edən qüvvələr Azərbaycanı saldıqları girdabdan xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini arzulayırdılar. İflasa uğradıqları ilə barışmalı olan cəbhəçilər vəziyyətdən çıxış yolunu xalqın istəyi ilə razılaşaraq xalqımızın böyük oğlu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər.

İyunun 9-da ulu öndər Heydər Əliyevin Bakıya gəlişi Azərbaycanın taleyindəki nigaranlığa son qoydu. Bütün dünyanın izlədiyi bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi şəxsiyyət Heydər Əliyevin Bakıya gəlişi Azərbaycan xalqında böyük ümidlər yaratdı. Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə iqtidarın və deputatların xahişini qəbul etməzdən əvvəl ulu öndər Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Bu görkəmli siyasətçinin şəhərə gəlişi əhalidə gələcəyə böyük inam yaratdı.

Dövlətçiliyimizə qənim kəsilən dairələrin qərarına görə, xaotik proseslərin nəticəsi olaraq Azərbaycan parçalanmalı, sapı özümüzdən olan baltaların rəvac verəcəkləri vətəndaş müharibəsi xalqa böyük müsibətlər gətirməli idi. Amma onlar ən mühüm məqamları qiymətləndirə bilməmişdilər: Xalqın böyük inam bəslədiyi Heydər Əliyevin ətrafında birləşmək istəyini və Heydər Əliyevdən ötrü birinci növbədə Vətənin ümdə olduğunu. Elə bu istək və ümdə mənəvi borc Azərbaycan dövlətçiliyinin və xalqının qanına susamış bütün planların üstündən birdəfəlik xətt çəkdi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başladı.

Ulu öndər Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Bu gün dahi şəxsiyyət Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin inkişafı millət-dövlət tandeminin üzərində qurulduğu üçün sarsılmazdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2025    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi