Hüseynov Röyan Sübhan oğlu 21 mart 2001-ci ildə Gədəbəy rayonunun Parakənd kəndində doğulmuşdur.
2007-ci ildə Gəncə şəhər N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2018-ci ildə həmin məktəbi bitirmişdir.
Təhsil aldığı müddətdə cüdo idman növü ilə məşğul olmuşdur. O fərqli vaxtlarda Cüdo üzrə Respublika Turnirində 3-cü yerə layiq görülmüş, şəhər birincisi olmuşdur. Gəncə İdman Klubunun üzvü idi.
2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə başlamışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Röyan Hüseynov torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə yer almışdır.
9 oktyabr 2020-ci tarixində Xocavənd rayonu ərazisində gedən döyüşlərdə düşmən snapyerinin atəşi nəticəsində şəhid olmuşdur.
10 oktyabr 2020-ci tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Hüseynov Röyan Sübhan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.
Subay idi.