Güclü dövlət, güclü LIDER

Müstəqil Azərbaycan bu gün müdrik dövlət başçısının rəhbərliyi ilə gündən-günə inkişaf edir, çiçəklənir, yeni-yeni uğurlara, zəfərlərə imza atır. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın böyük dəstəyini və etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Həmin seçkilərdə seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs vermişdir. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu göstərdi.
Ümummilli lider Heydər Əliyevin "Mən ona özüm qədər inanıram" sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, parlaq gələcəyin əsasını qoydu. Fəaliyyətinin ilk illərindən ölkədə dayanıqlı iqtisadiyyatın qurulması, əhalinin rifah halının yüksəldilməsi ilə yanaşı, cənab Prezident tərəfindən müstəqillik və azərbaycançılıq ideologiyasının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

Dövlət başçımızın apardığı uğurlu siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşdı, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşdı. Cənab İlham Əliyevin "neft kapitalını insan kapitalına çevirək" çağırışı Azərbaycanın gələcək inkişafını müəyyənləşdirdi. Bu baxımdan, təsadüfi deyil ki, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezidentimizin səsləndirdiyi hər bir fikir Azərbaycanımızın inkişafına, parlaq gələcəyinə böyük təkan verir.
Dövlət başçısı cənab İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb binasının tikintisi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi vədlərin hər birini yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 19 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.

Cənab İlham Əliyev Azərbaycan xalqının lideri kimi bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyini əməli işdə dünyaya nümayiş etdirdi. Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada sülhün, əməkdaşlığın təmin olunmasının vacibliyini ən mötəbər tribunalardan beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan etdi.

Müasir ordu quruculuğu istiqamətində cənab Prezidentin xidmətləri sayəsində Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil oldu. Beləliklə, Azərbaycanın siyasi, iqtisadi imkanlarının genişləndirilməsi, ölkəmizin beynəlxalq arenadakı mövqelərinin möhkəmləndirilməsi ilə yanaşı, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz də bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Cənab İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, 30 ilə yaxın pozulmuş ərazi bütövlüyümüzün bərpası idi. Buna görə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Prezident kimi çoxillik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. Hazırda cənab Prezidentin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Tarixi Zəfər nəticəsində bütün Cənubi Qafqazda yaradılmış yeni reallıqlar Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir.

Azərbaycanın hər bir sahədə əldə etdiyi bütün uğurların, nailiyyətlərin əsasında yalnız və yalnız Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün siyasət və idarəçilik modeli dayanır. Hazırda Qarabağda aparılan və bütün dünyanı heyrətə gətirən yenidənqurma, bərpa, abadlaşdırma işləri buna əyani subutdur. Qarabağımız tezliklə cənnətməkana çevrilməkdədir. Cənab İlham Əliyevin rəhbərliyi ilə doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımız tezliklə öz evlərinə qayıdacaqlar.

Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək ona sonsuz etimad, inam, dəstək nümayiş etdirir. Hər bir kəs cənab İlham Əliyevin müdrik siyasətində vətənpərvərlik, qətiyyətlilik, əzm, prinsipiallıq və dönməzlik rəmzi görür, xalqımız öz dövlət başçısı ilə qürur duyur. Azərbaycan bundan sonra da cənab İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək, çiçəklənəcək, yeni-yeni uğurlara, zəfərlərə nail olacaq.

