Beynəlxalq konfrans iştirakçıları ana dili ilə bağlı cənubi azərbaycanlılara müraciət ünvanlayıblar
“Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin təşkilatçılığı ilə ana dili ilə bağlı beynəlxalq konfrans təşkil edilib
İsveçdə fəaliyyət göstərən “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin təşkilatçılığı ilə 21 Fevral Beynəlxalq Ana dili Günü münasibətilə beynəlxalq konfrans təşkil edilib.
Lider-media.az xəbər verir ki, Zoom proqramı vasitəsilə keçirilən konfransa moderatorluğu yazıçı Eluca Atalı edib. Cənubi Azərbaycandan olan, hazırda İsveçdə yaşayan Azərbaycan Demokratiya və İnkişaf Cəmiyyətinin sədri kimi fəaliyyət göstərən Duman Radmehr məruzəçi kimi çıxış edib. Tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı elm adamları qatılıblar və ana dilinin millət və dövlət üçün əhəmiyyətini vurğulayıblar.
Konfransın sonunda tədbir iştirakçıları, həmçinin Azərbaycan da daxil olmaqla, Rusiya, İsveç, Kipr, Yaponiya, Kanada, Türkiyədə yaşayan soydaşlarımız İranda yaşayan azərbaycanlılara müraciət qəbul ediblər.
Müraciətdə bildirilir ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ana dili insanın mənəviyyatıdır, təfəkkür tərzidir və onun kimliyini formalaşdırır. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Həmçinin qeyd olunur ki, hələ 1501-ci ildə rəsmiləşən dilimiz bugün hələ də Cənubi Azərbaycanda yasaqdır. 80 il bundan əvvəl, Cənubi Azərbaycan Milli Hökümətinin qərarı ilə azadlığa çıxan dilimizə sonra şah rejimi ilə qadağa qoyulub və qadağalar bu günədək davam edir.
Müraciətin sonunda deyilir: “Əziz azərbaycanlılar! Gəlin, dilimizi, mənəviyyatımızı birgə qoruyaq, dilimizi əridib aradan qaldırmaq qəsdində olanlara qarşı mübariz olaq!”
Qeyd edək ki, “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri İsveçdə yaşayan azərbaycanlı alim, elmlər doktoru, yazıçı, peşəkar tərcüməçi Səadət Kərimidir.