HEÇ VAXT UNUDULMAYACAQ QANLI TARİX
31 mart faciəsi Azərbaycanın tarixində qanlı ləkə, unudulmaz bir gündür. Gün var ki, sevincinin böyüklüyü ilə, gün də var ki, fəlakət və faciələrin əzəməti ilə insanların yaddaşında daim yaşayır. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü isə həyəcanla, hüznlə xatırlanan günlərdən biridir. Təəssüf ki, bu soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib.
Tarixi faktlara əsasən 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabı nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin əməkdaşlığını təmin edib. 1918-ci ilin 30 mart- 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaşmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər.
Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb, yüzlərlə ailə ölümdən, zülm və zillətdən qurtulmaq üçün qonşu ölkələrə qaçıb. Azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli faciəyə görə, 1919 və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də sonradan unudulub.
Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu qanlı tarix respublikamızın bütün bölgələrində, eyni zamanda dünyanın bir çox ölkəsində kədər hissi ilə qeyd olunur.
Bakıda üç gün davam edən qırğınlar zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişlər. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı alman 1925-ci ildə Bakı hadisələri barədə yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.
Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilis və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
Bu hadisələrin dəhşətini göz önünə gətirmək üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi məqamları xatırlamaq kifayətdir: 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü ermənilər tərəfindən pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı öldürülmüş, yaşadıqları evlər yerlə-yeksan edilmiş, nəticədə kəndlər tamamilə xarabazarlığa çevrilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüşü zaamanı 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi tamamilə məhv edilmişdir.
Saxtakarlığı, milli dövlətçiliyə qarşı xəyanəti, azərbaycanlıların soyqırımına hesablanmış qətliamları, kütləvi qırğınları tarix heç vaxt unutmur. Bolşevik qiyafəsində terrorçu “Daşnaksütyun” təşkilatının ordu birləşmələri ilə azərbaycanlılara qarşı soyqırımının həyata keçirilməsində qəddarlıqları ilə seçilən Şaumyan, Lalayan, Andronik, Njde, Dro və digər erməni “qəhrəman”larının tarixi faktlarla sübuta yetirilmiş vandalist əməlləri bunu deməyə tam əsas verir. Qeyd etdiyimiz kimi, bu vandallıq ötən əsrin əvvəllərindən başlayaraq 1918-ci ilin martında Bakıda, daha sonra bölgələrdə xüsusi qəddarlıqla davam etdirilmişdir.
Bu qırğınların o zaman soyqırımı səviyyəsində törədilməsini Azərbaycan bolşeviklərinin özləri də etiraf edirdilər. Dövlət xadimi Nəriman Nərimanovun yazdığı məqalələrdə birmənalı şəkildə vurğulanırdı ki, bütün Qafqazda yalnız bir millət - müsəlmanlar qırılır. Həmin dövrdə bolşevik-erməni, daşnak dəstələri heç partiya mənsubiyyətinə də fərq qoymayıblar. Müsəlmandırsa, bolşevik də olsa qətlə yetiriblər, var-dövlətini qarət, ailəsini məhv ediblər.
Cənubi Qafqazda ərazisi, torpağı, dövləti, yeri-yurdu olmayan ermənilər müvəqqəti məskunlaşdıqları bölgələrdə yağ-bal içində yaşasalar da, sonda nadanlıqları və xəyanətkarlıqları ilə tanınıblar. Tarixi araşdırmalardan məlum olur ki, onlar hələ ötən əsrin əvvəllərində Azərbaycanda mehriban qonşuluq şəraitində yaşayan almanlara qarşı da qəsbkarlıqla məşğul olublar. Ermənilər yaşadıqları ərazidəki rusları da aldadaraq öz təsir dairələrinə almış, çirkin niyyətlərini həyata keçirməkdən ötrü dəridən-qabıqdan çıxmışdılar. Mövcudluğunu Cənubi Qafqazda tapan erməniləri bir millət kimi ortaya çıxaran ruslara və Rusiya dövlətçiliyinə xəyanəti də gözləniləndir.
İki əsr ərazi iddiası ilə qırğınlar törədən nadan və qatil ermənilərin 2020-ci ilin noyabrınadək 30 ilə yaxın işğal altında saxladıqları Qarabağda, habelə respublikamızın digər bölgələrində davam etdirdikləri işğalçılıq siyasəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsində darmadağın edildi. Nəinki Birinci və İkinci Qarabağ savaşlarında, hələ ötən əsrin əvvəllərindən bəri dədə-baba torpaqlarında kütləvi şəkildə qətlə yetirilən insanların - istər azərbaycanlı olsun, istər alman, istərsə qeyri-millətdən olanların intiqamı alındı. Bu hüznlü gündə dönüb tarixə nəzər salanda köhnə ənənələrini davam etdirən erməni işğalçı silahlı birləşmələri üzərində qazanılan 2020-ci ilin 10 noyabr tarixli qələbəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz, suverenliyimizin tam bərpası ilə Azərbaycan xalqına qarşı 200 ildən artıq davam edən soyqırımına, haqsızlığa, ədalətsizliyə və ikili siyasətə son qoyan reallıqlar deməyə əsas verir ki, nadan, vandal düşməndən tökdüyü nahaq qanların qisası alındı.
Lider-Media.az