Qəhrəmanlar unudulmur!
XX əsrin ən dəhşətli və dağıdıcı muharibələrindən sayılan İkinci Dünya müharibəsində qələbənin qazanılmasında azərbaycan xalqı böyük qəhrəmanlıq və şücaət göstərmişdir. Azərbaycanlılardan ibarət yaradılmış milli deviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək böyük qəhrəmanlıqlar nümayiş etdirmişdir. Moskvanın, Leninqradın, eləcə də yüzlərlə şəhər və kəndlərin azad olunmasında böyük rəşadət göstərmiş, Polşanın, Yunanıstanın, Çexiyanın kimi ölkələrin azad olunmasında iştirak etmişlər.
Bu döyüşlərdə Azərbaycanın igid övladları Səlahəddin Kazımov, Pulemyotçu İbrahim Sultanov, döyüşçü Məmməd Məmmədov, 2 dəfə “Qızıl Ulduz” və “Qızıl Bayraq” ordenləri ilə təltif edilmiş kapitan Baxış Mehdiyevin, “Qızıl Ulduz” ordeni ilə təltif edilmiş Əliş Manafov və Əli Əliyev, Dnepr ətrafı döyüşlərdə topçulardan Həsən Mirzəyev, Xanmirzə Hüseynov, İsfəndiyar Əliyev, Topçu İsfəndiyar Əliyev, serjant Həsənalı Məmmədov, Mikayıl Ələkbərov, kəşfiyyat manqasının komandiri Çərkəz Qurbanov kimi cəsur oğullar Ukrayna torpaqlarının faşistlərdən təmizlənməsində iştirak etmişdir. Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada laiq görülmüş və öz hərbi borclarını sona qədər şərəflə yerinə yetirirmişlər.
Ukraynanın Dnepropetrovsk vilayətinin Tsariçan rayonunun Rudka kəndində 309 döyüşçünün əbədi uyuduğu qardaşlıq məzarında Azərbaycanın igid oğlu qvardiya qızıl əsgəri, Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun abidəsi ucaldılmışdır. 19 yaşında canını xalqı uğrunda fəda etmiş Mikayıl Ələkbərov kimi qəhrəmanların abidəsinin ucaldılması, keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilmişdir.
Mikayıl Ələkbərov 1924-cü ildə Abşeron rayonunun Saray kəndindəolmuşdur. Stepnoy cəbhəsinin birinci qvardiya ordusu, 81-ci qvardiya atıcı diviziyasının 79-cu qvardiya əlahiddə kəşfiyyat bölüyünün kəşfiyyatçısı kimi qəhrəmanlıq örnəyinə çevrilən Mikayıl Ələkbərova 1943-cü il oktyabrın 10-da ona Sovet İttifaqı qəhrəmanı adı verilmişdir.
Kəşfiyyatçı Dnepr çayının keçilməsində xüsusilə fərqlənmişdir. 1943-cü il sentyabrın 26-na keçən gecə Mikayıl Ələkbərov bir qrup kəşfiyyatçı ilə birlikdə düşmənin atəş sistemini öyrənmək üçün Borodayevka kəndinə getmişdi. Onlar gecə vaxtı hücum təşkil edərək bir saat ərzində düşmənin atəş nöqtələrinin yerini öyrənmişlər. Ertəsi gün bu kənd uğrunda döyüşdə Mikayıl iki alman əsgərini əsir götürmüş, daha dörd faşisti məhv etmişdir. Ələkbərov öz kəşfiyyatçı yoldaşları ilə birlikdə hitlerçilərin 14 əks-hücumunu dəf etmişdir. Sentyabrın 30-da ağır yaralanan Mikayıl Ələkbərov aldığı yaralardan 1943-cü il oktyabrın 13-də hərbi hospitalda vəfat etmişdir. Qvardiya qızıl əsgəri Mikayıl Məmməd oğlu Ələkbərova komandanlığın tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və alman-faşistləri ilə döyüşlərdə göstərdiyi mərdlik və rəşadətə görə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 26 oktyabr 1943-cü il tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseyinzadə, Qafur Məmmədov,Mikayıl Ələkbərovunda xatirəsi daima yad edilir, Azərbaycanın hərbi məktəblərində, hərbi muzeylərdə, mümkün olan tədbirlərdə təbliğ edilir, örnəyə cevrilən ömür yolundan qürula, vüqarla söz açılır. Büten bunlar bir daha sübut edir ki, Mikayıl Ələkbərovun qəhrəmanlığı yalnız öz dövründə deyil, həm də sonrakı nəsillər üçün bir dərs və ilham mənbəyi olaraq qalır.
Cəlil Xəlilov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri