TÜRKİYƏ-AZƏRBAYCAN BİRLİYİ DƏYƏRLƏRƏ ƏSASLANAN QARDAŞLIQ NÜMUNƏSİDİR
Heç tərəddüd etmədən deyə bilərik ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, güvənən, qarşılıqlı dəstək verən və regionun gələcək inkişafı naminə birgə çalışan digər iki ölkə yoxdur. Bu, ilk növbədə, mənəvi bağlılığımızdan, ortaq tariximizdən, mədəniyyətimizdən irəli gəlir. Amma etiraf edək ki, dünyada tarixi bağlılıq baxımından çox yaxın olub, amma müasir reallıqlardan irəli gələn hansısa maraqlara görə bir-birinə düşmən kəsilən, hətta qanlı müharibələr aparan xalqlar, dövlətlər də var. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olmasının bir əsas səbəbi də iki ölkənin dövlət rəhbərlərinin dostluq, qardaşlıq münasibətləridir. Məhz bunun nəticəsidir ki, müasir dünyamızın iki parlaq lideri kimi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük uğura nail olublar.
Dövlətlərarası əlaqələr ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. 1992-ci il yanvarın 14-də Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin yaranmasının təməli qoyulub. 33 il qurulan münasibətlər ötən müddət ərzində möhtəşəm inkişaf yolu keçib. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqillik aktı qəbul edildikdən qısa müddət sonra, yəni, noyabrın 9-da qardaş Türkiyə Azərbaycanı müstəqil ölkə kimi tanıdığını bəyan etdi. Beləliklə, Türkiyə həm də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə kimi tarixə düşdü. İki ölkə arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvarından başladı.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini dəstəkləyir və birgə fəaliyyət göstərirlər.Qardaş ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində 2010-cu ildə yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası xüsusi əhəmiyyət daşıdı. Hazırda Azərbaycan və Türkiyənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir. Məhz bu layihələr ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib.
Siyasi, iqtisadi, hərbi, mədəni, humanitar və idman sahələrində mövcud olan yüksəksəviyyəli əməkdaşlıq qardaş ölkələrin, həmçinin dost dövlətlərin maraqlarına xidmət edir. Artıq Azərbaycan-Türkiyə əlaqələri müxtəlif üçtərəfli əməkdaşlıq formatları ilə daha da möhkəmləndirilir.
Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-Pakistan və Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli əməkdaşlıq formatları da regional sabitlik, sülh və rifahı təmin edəcək əhəmiyyətli mexanizmlər hesab olunur.
İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındaki birliyin daha üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.
Tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü siyasət, iqtisadi əlaqələr, enerji , mədəniyyət, təhsil, ordu quruculuğu və digər sahələrdə göstərir. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələri təkcə bölgədə deyil, bütün dünyaya nümunə ola biləcək səviyyəyə yüksəldi. Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Sentyabrın 19-20-də ordumuzun Qarabağ ərazisində keçirdiyi lokal antiterror tədbirləri zamanı da Türkiyə birmənalı olaraq dövlətimizə dəstək verdi. Antiterror tədbirlərinin başladığı gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, “Biz Ermənistandan başda Zəngəzur koridorunun açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək. Ermənilər də daxil, hər kəsin Azərbaycan torpaqlarında sülh şəraitində yan-yana yaşaması birinci hədəfimiz olmalıdır. Tək millət-iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünə dair attığı addımları dəstəkləyirik”.
Göründüyü kimi, regionda baş verən proseslər daim Türkiyənin diqqətindədir və qardaş ölkə hər zaman birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Bu isə dünyada Türkiyə-Azərbaycan münasibətlərinin uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir.
Bu gün böyük fəxarətlə deyə bilərik ki, hər iki ölkə dünya miqyasında güc mərkəzinə çevrilir. Prezident İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda da bildirildiyi kimi: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı xalqlarımızın qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir. Fəxrlə qeyd etmək istəyirəm ki, bu fəlsəfənin sübutu olaraq hazırda Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr və müttəfiqlərdir”.
Bir sözlə, Azərbaycan və Türkiyə birliyi maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyun oynayan, hər cür addımlar atan, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələrin qarşısına da bu iki ölkə lideri həmin dəyərlərin gücü ilə çıxır, onlara öz yerlərini göstərirlər.
Nurəngiz Adilqızı.