lider-media.az

Qəhrəmanlar unudulmur! Züleyxa Seyidməmmədova: Şərqin ilk paraşütçü və pilot qadını

Tarix: 16-12-2024, 13:30

İlk Azərbaycanlı qadın hərbi pilot, Azərbaycan SSR dövlət xadimi, İkinci Dünya müharibəsi iştirakçısı Züleyxa Mir Həbib qızı Seyidməmmədova 22 mart 1919 – cu ildə Bakı şəhərində anadan olub. Züleyxa Seyidməmmədova Jukovski adına Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi. O, İkinci Dünya müharibəsində iştirak etmiş və Marina Raskova tərəfindən yaradılmış 586-cı qırıcı aviasiya alayının şturmanı olmuşdur. Stalinqrad, Kursk, Korsun-Sevçenkovski döyüşlərində iştirak edən Züleyxa Seyidməmmədova, 500 döyüş uçuşu keçirmiş və bir neçə alman təyyarəsini vurmuşdu. Züleyxa Seyidməmmədova, Azərbaycan SSR Ali Sovetinin dörd çağırış deputatı olub. 1946–1951-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komtitəsinin katibi, 1952–1974-cü illərdə Azərbaycan SSR ictimati təminat naziri, 1975-ci ildən etibarən isə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, "Lenin", II dərəcəli "Vətən müharibəsi", iki dəfə "Qırmızı Əmək Bayrağı" və iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif olunub.

Züleyxa Seyidməmmədovanın atası Mir Həbib ağa ilk təhsilini dini məktəbdə almış, daha sonra isə Bakı realnı məktəbində oxumuşdu. Mir Həbib ağa mühasib idi və Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin maliyyə məsələlərinə baxsa da, uşaqlıqdan onunla dostluq edürdi. Mir Həbib ağa Hacıya çox sədaqətli olduğu üçün Hacının ona böyük hörməti var idi. Mərdəkandakı əzəmətli mülkü də ona Hacı tərəfindən hədiyyə olumuşdu. Züleyxa Seyidməmmədovanın anası Mina xanım AMEA-nın ilk prezidenti akademik Mirəsədulla Mirqasımovun  bacısı idi. Züleyxa Mir Həbib ağa ilə Mina xanımın ikinci qız övladı idi. Züleyxa 7-ci sinifdə oxuyarkən fizika müəllimi Cümşüd Əfəndiyev onları Bakı təyyarə meydançasına ekskursiyaya aparır. Züleyxa sinifdəki oğlanlarla birlikdə bir neçə dəfə təyyarəyə qalxır, hər şeyə diqqətlə baxır, saysız-hesabsız suallar verir. O, axşam evə qayıdanda bu ekskursiya haqqında anası Mina xanıma həvəslə danışaraq: "Mən təyyarəçi olacam!" - deyir.

1934-cü ildə orta məktəbi əla qiymətlərlə bitirən Züleyxa Seyidməmmədova, M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun mədən fakültəsinə daxil olub. 1934-cü ilin əvvəllərində tələbə yoldaşları ilə Bakı təyyarə meydanına gedən Züleyxa ilk dəfə "U-2" təyyarəsi ilə səmaya qalxır. Bu səyahətdən sonra o, tələbə yoldaşları ilə birlikdə institutda aeroklub yaratmağa qərara verir. Tələbələr öz təqaüdləri hesabına klub üçün bir "U-2" təyyarəsi, həmçinin üç planer və iki paraşüt almağa müyəssər olurlar. 1934-cü il yanvarın 6-da klubun açılışı olur. 1934-cü ilin yazında isə bu aviasiya klubu üçün hökümət tərəfindən Zabrat qəsəbəsinə yer ayrılır və ərazinin təşkilində tələbələr yaxından kömək edirlər. Uzunmüddətli məşqlərdən sonra 1934-cü ilin oktyabrında Züleyxa Seyidməmmədova "U-2" təyyarəsi ilə ilk dəfə təkbaşına havaya qalxır. O, 1934-cü ilin sonlarında aeroklubu əla qiymətlərlə bitirərək sertifikat alır və bununla da pilot adını qazanır. 1935-ci ilin mayında bir neçə tələbə paraşütlə tullanmağı sınaqdan keçirir. Arıq, çəlimsiz, qarayanız qız olan Züleyxa paraşütlə təyyarədən tullanır və külək onu dənizə atır. Deyilənlərə görə, onun tullanışını izləyənlər arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov da olmuş və Züleyxanın cəsarətinə heyrətini bildirmişdir.1935-ci ilin avqustunda Moskvada Paraşütçülərin Birinci Ümumittifaq toplantısı keçirilir və toplantıda Zaqafqaziyanı təmsil edən nümayəndələr arasında yeganə qız Züleyxa olur. Toplantıda eniş dəqiqliyinə görə Zaqafqaziya komandası birinci yeri tutur. Təyyarədən paraşütlə 50 dəfə tullandığına görə Seyidməmmədova paraşüt idmanı üzrə təlimatçı vəzifəsinə təyin edilir. O, Zaqafqaziyadan, eləcə də, müsəlman şərqindən ilk qadın paraşütçü kimi qatıldığı iclasdan fəxri fərmanla geri dönür. Şərq, müsəlman qadınının cəsarətlə paraşütlə tullanması hamıda heyrət doğurur və Seyidməmmədovanın fəaliyyəti sovet quruluşunun nailiyyəti kimi qeyd olunaraq mətbuatda geniş şərh edilir. 1936-cı il yanvarın 21-də Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının on beş illiyi ilə əlaqədar Kremldə təntənəli qəbul keçirilir və komsomolçu Züleyxa Seyidməmmədova "Şərəf nişanı" ordeni və qızıl saatla təltif edilir. Bakıya dönən Züleyxa uçuş klubundakı xüsusi kursları bitirir və pilot təlimatçısı adını alır. Ona təlim keçmək üçün bir qrup müsahib tapşırılır. Həmin qrupdakı səkkiz nəfərdən biri də onun keçmiş fizika müəllimi Cümşüd Əfəndiyev olur. Azərbaycan Sənaye İnstitutunun son kursunda oxuyarkən Seyidməmmədova artıq yüz saatadək uçuş keçirmiş, təlimatçı kimi üç il ərzində 75 təyyarəçi, 80 paraşütçü hazırlamışdı. O, 1938-ci ildə institutu mühəndis-geoloq kimi bitirdikdən sonra pilot kimi peşəkarlaşmaq üçün Jukovski adına Hərbi Hava Akademiyasına müraciət etsə də, yalnız kişiləri qəbul edən akademiya ona rədd cavabı verir. O, atasının məsləhəti ilə Mir Cəfər Bağırovun qəbuluna gedir. Bağırovun yaddaşında "küləyin dənizə atdığı qız" kimi qalan Züleyxanın müraciəti əsasında Mərkəzi Komitə onun akademiyaya qəbul olunması üçün rəsmi şəkildə Moskvaya məktub göndərir. 1938-ci ilin avqustunda sınaq imtahanları verərək akademiyanın şturman fakültəsinə qəbul olunanlar içərisində yeganə qız Züleyxa Seyidməmmədova olur. Seyidməmmədova həm də Jukovski Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi. Akademiyada təhsil alan Züleyxa bir gün qəfil xəbərlə sarsılır. Fakültə dekanı onu yanına çağıraraq ona atasının kulaq kimi həbs edildiyini, əgər Bakıdan bu məlumatı təsdiqləsələr, akademiyadan uzaqlaşdırılacağını bildirir. Züleyxa bu xəbər qarşısında son ümid kimi yenə Bağırova üz tutur. O, Bağırova teleqram ünvanlayır:

"Azərbaycan Kommunist Partiyasının birinci katibi yoldaş Bağırova! Xalq düşmənləri mənim atamın saf adını ləkələmək istəyirlər. Təhsil aldığım Hərbi-Hava Akademiyasına yanlış məlumatlar veriblər. Mən respublikanın göndərişi ilə burada oxuyuram. Tələbələr arasında yeganə qızam. Bakıdan məlumat alandan sonra mənim burada oxuyub-oxumamaq məsələmə baxacaqlar. Xahiş edirəm, haqqı, ədaləti qoruyun ki, yanlış məlumat gəlməsin".

Bağırov tezliklə ölkənin adına xələl gəlməməsi naminə onun atasını həbsdən azad edir və ondan bu barədə heç yerdə danışmaması üçün iltizam alınır. Beləliklə Moskvaya Züleyxaya lazım olan məzmunda məktub gedir: "Yalandır, Mir Həbib Seyidməmmədov evindədir. Hər şey qaydasındadır."

Seyidməmmədova akademiyada oxuduğu dövrdə əvvəl "Duqlas"larla, daha sonra isə orta bombardmançılar, həmçinin uzağa və sürətlə uçan təyyarələrlə səfərə çıxmaq üzrə təlimlər almağa başlayır. O, ölkənin ən güclü şturmanları, Sovet İttifaqı qəhrəmanları Spirin və Belyakovdan hava gəmilərinin bütün sirlərini öyrənir. Birinci kurs müdavimi olan Seyidməmmədovanın şəkli Qureviçin komandirlik etdiyi fakültənin komsomol təşkilatı tərəfindən Akademiyanın "Şərəf lövhəsi"nə vurulur.

1940-cı il fevralın 23-də – Qırmızı Ordu günündə Seyidməmmədovaya kiçik leytenant rütbəsi verilir. Akademiyanın şturman fakültəsində yeganə qadın olan Züleyxa təhsilini bitirdikdən sonra təlim təyyarə alayında qırıcı təyyarənin şturmanı təyin edilir.

Züleyxa Seyidməmmədova əsasən akademiya işçilərindən və müdavimlərindən təşkil edilən mayor Qridnevin qırıcı təyyarəçi alayına göndərilir və qırıcı eskadrilyasının şturmanı təyin olunur. Alay müharibənin ilk günündən hərbi qaydaya uyğun olaraq Moskvanın müdafiəsinə göndərilir. 1941-ci ilin oktyabrında SSRİ lideri İosif Stalin Sovet İttifaqı Qəhrəmanı Marina Raskovaya qadınlardan ibarət hərbi hissələrin yaradılması ilə bağlı rəsmi əmr göndərir. Əmrə görə, tərkibi sırf qadın pliotlardan ibarət olan üç aviasiya alayı yaradılmalı idi.

Bu dövrdə Seyidməmmədovaya Raskovanın onu axtardığını xəbər verirlər. Raskova ona qadın polku yaratmaq ideyasından bəhs edir. İdeya tezliklə real həllini tapmağa başlayır. Hərb tarixinin misli görünməmiş ideyası gerçəyə çevrilir: qadın hərbi təyyarə alayları yaradılır. 1941-ci ilin dekabrında qırıcı alayın komandiri Tamara Kazarinova, onun müavini və alayın şturmanı isə Züleyxa Seyidməmmədova təyin olunur. O dövr üçün müasir və sürətli "YAK" təyyarələrinin alaya gətirilməsi ilə hərbçi qızlar bu təyyarələrdə uçmağı öyrənməyə başlayır.

Onlar ciddi hərbi təlim keçdikdən sonra 1942-ci ilin axırlarında ilk olaraq Volqa çayının sol sahilinə göndərilirlər. 1942-ci ilin sonlarında xüsusi əhəmiyyətli təyyarəni qarşılayıb Stalinqradadək müşayiət etmək üçün dörd qırıcı təyyarə göndərilir və bunlardan biri də Seyidməmmədovaya məxsus olur. Sonralar bu xüsusi təyyarənin ölkənin baş katibi Stalini dağılmış Stalinqrada apardığı məlum olur.

1943-cü ilin yazının əvvəlində qırıcı alay Voronejə göndərilir, iyulun 12-də isə Kurskun şimalında və cənubunda əks hücuma keçir. Avqustun 5-də, Kursk döyüşünün başlamasından düz bir ay sonra 586-cı alay Orel və Belqrada daxil olur. Burada gedən döyüşlərə görə Züleyxa Seyidməmmədova 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif olunur. Payızın sonunda qırıcı polk Kiyevə uçur. 586-cı alay sonuncu olaraq Korsun-Şevçenkovski döyüşündə iştirak edir və oradan Buxarestə uçaraq öz döyüş yolunu Rumıniyada başa vurur.

586-cı qırıcı alay Volqadan Vyanayadək döyüş yolu keçmiş, 4 min 419 döyüş uçuşu keçirmiş, 125 döyüş aparmış və 38 alman təyyarəsi vurmuşdu. Alayın qoruduğu heç bir obyekt Hitler aviasiyasından zərər çəkməmişdi. Şəxsən 500 döyüş uçuşu keçirən Seyidməmmodova bir neçə alman təyyarəsini vurmuşdu. Qələbədən sonra qadınlardan ibarət aviasiya hissələri ləğv edildi. O da 1945-ci ilin dekabrında kapitan rütbəsində istefaya çıxdı və Azərbaycana qayıtdı.

Əvvəlcə Bakı şəhər Partiya Komitəsinin təlimatçısı kimi işləyən Züleyxa Seyidməmmədova, 1946-cı ilin sentyabrından 1951-ci ilə kimi Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışmışdır. Elə bu vəzifədə ikən Seyidməmmədova 1947-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, Rəyasət heyətinin üzvü seçilmişdir. O, 1948-ci ildə Ümumdünya Demokratik Gənclər Federasiyası Şurasının qərarına əsasən fevralın 19-dan 26-dək Hindistanın Kəlküttə şəhərində keçirilən Cənub-Şərqi Asiya ölkələri gənclərinin konfransının iştirakçısı olur və "Sovet İttifaqı qadınları" mövzusunda məruzə ilə çıxış edir.

1952-ci ildə Azərbaycan SSR-in sosial təminat naziri seçilən Züleyxa Seyidməmmədova, 1974-cü ilə qədər bu vəzifəni icra etmişdir. O, sosial təminat naziri vəzifəsində çalışan ilk qadın idi. Seyidməmmədova qiyabi olaraq 17 aprel 1953-cü ildə Moskva Ali partiya məktəbini, 28 noyabr 1957-ci ildə isə Leninqrad Hərbi Mühəndislik Akademiyasını bitirmişdir.

Züleyxa Seyidməmmədova 1967 və 1971-ci illərdə "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuş, 1969-cu il dekabrın 19-da Moskva şəhər sovetinə deputat seçilmiş və Sov. İKP sıralarına daxil olmuşdur. Seyidmməmədova səhhətində yaranan problemlər səbəbi ilə 1975-ci ildə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Seyidməmmədova ölkənin ictimai işlərində fəal iştirak etmiş, xüsusilə ömrünün sonlarına yaxın dünyanın müxtəlif yerlərində yaşayan 50 milyonluq Azərbaycan türkünün yenidən bir araya gəlməsinə çalışmış və işğal dövründə itirilmiş əlaqələrin barpası ilə ciddi şəkildə məşğul olmuşdur. Buna baxmayaraq o, pilot kimliyini həmişə qorumuş, 1967-ci ilin sentyabrında Leninqradda Beynəlxalq ictimai təminat assosiasiyasının Baş assambleyasında jurnalistin verdiyi "Siz əmək həyatınızı nə ilə başlamısınız?" sualına "Bakı aeroklubunda təyyarəçi olmuşam. Bu mənim birinci və ən çox sevdiyim vəzifədir" cavabını vermişdi.

Züleyxa Seyidməmmədova dünyaya Şərqin ilk paraşütçü və pilot qadını olaraq gəldi. İkinci Dünya müharibəsinin qəhrəmanı, samamızın ilk qadın Şahini ömrünü başa vurdu. Məğrurluğu, Cəsurluğu ilə tarix yaratdı. Şərəfli ömür yolu, kitab və monoqrafiyaları, xoş xatirələri ilə insanların qəlbinə yazıldı. Dünyaşöhrətli pilotumuzun 150-dən artıq sənəd, əşya və mükafatları Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunur. Onların içərisində şəxsən özünün istifadə etdiyi əşyalar ─ Jukovski adına Hərbi Hava Akademiyasında oxuyarkən işlətdiyi loqarifmik xətkeş, 1939, 1941-ci illərə aid iki ədəd transportir və təyyarəçi eynəyi, müxtəlif ölkələrdə ona hədiyyə olunan əşyaları və geyim nümunələri qorunur.  İmzasını göy üzünə atan varlığı və fəaliyyəti ilə milli-mənəvi dəyərlər tariximizi zənginləşdirən Züleyxa Seyidməmmədovanın ömür yolu ilə bağlı çoxsaylı sənəd əsərləri, inciləri yaranıb. Tofiq Quliyev Rəşid Behbudovun təklifi ilə "Züleyxa" adlı mahnı bəstələyib. Rəşid Behbudovun Moskvaya səfəri ərəfəsində hazır olan "Züleyxa" mahnısı, elə sənətkarın öz istəyi ilə rus dilində Tofiq Quliyevin müşayiətilə lentə alınmış, sonradan vala yazılan bu mahnı yüksək tirajla satılmışdır.

Səma döyüşlərində “Şahin” kod adı ilə uçuşlar edən Züleyxa Seyidməmmədova ilə bu gün də hər bir Azərbaycanlı qürur duyur. O, bu dünyaya ilklərə imza atmaq, yer üzündən göy üzünə körpü salmaq, Şahin kimi qanad çalmaq üçün gəlmişdi. Gəldi, Qəhrəmanlıq dastanını yazdı, varlığı və cəsarətli döyüş yolu ilə xalqınıŞ dövlətini şərəfləndirdi. 1990-cı ildə dünyaya gəldiyi şəhərdə - Bakıda torpaq müqəddəsliyinə qovuşdu.  

 

Cəlil Xəlilov    

Müharibə,  Əmək  və  Silahlı  Qüvvələr Veteranları            

Təşkilatının sədri,   polkovnik .


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi