Ermənistan sülhün təmin olunmasına doğru addım atmalı, prosesi uzatmamalıdır…
44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə qazanan müstəqil Azərbaycan qarşı tərəfə uzun illər törətdiyi vəhşiliklərə, insan adına sığmayan əməllərinə baxmayaraq, sülh, barış, əmin-amanlıq, mehriban qonşuluq şəraitində yaşamaq təklif etsə də, buna məhəl qoymayan, düşdüyü vəziyyətdən dərs çıxarmaq əvəzinə, daha da aqressivləşən düşmənə ikinci dəfə "dəmir yumruğ"un gücünü göstərdi. Məğlubiyyətindən sonra imzaladığı üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməkdən boyun qaçıran Hayastanın Qarabağ və ətraf ərazilərdə yerləşdirdiyi qanunsuz silahlı birləşmələri, separatizm yuvası bir gün ərzində darmadağın edildi, güclü, qüdrətli Azərbaycan heç bir ölkənin diktəsi ilə hərəkət etmədiyini və heç bir ölkədən asılı olmadığını, ərazi bütövlüyünə xələl gətirən istənilən qüvvənin qarşısını almaq iqtidarında olduğunu bir daha sübuta yetirdi. Beynəlxalq hüquq normaları çərçivəsində bütün əraziləri üzərində suverenliyini bərpa etdi.
Dövlət suverenliyinin bərpasından ötən müddətdə də ölkəmiz regionda sülhün, təhlükəsizliyin bərqərar edilməsi üçün səylərini davam etdirdi. Birgünlük antiterror tədbirlərindən sonra Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına ölkəmizə reinteqrasiya olmaq, dövlətimizin qanunları altında yaşamaq təklif olundu. Eyni zamanda müharibənin bitdiyi ilk günlərdən irəli sürülən sülh təşəbbüsü masada qaldı. Azərbaycan üçüncü tərəfin iştirakı olmadan danışıqlar formatını dəstəklədi və bu, müsbət nəticələrini verdi, bir müddət sülhə yaxınlaşma, iki ölkə arasında münasibətlərdə normallaşma hiss olundu. Qazax rayonunun anklav olmayan 4 kəndinin hərbi əməliyyatlarsız geri qaytarması, 13 kilometr uzunluqda sərhəd xəttinin delimitasiyası, beynəlxalq aləmdə iqlim dəyişmələrinə qarşı mübarizədə ən mötəbər tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinə namizədliyini Azərbaycanın xeyrinə geri götürməsi Ermənistanın artıq sülhə razılaşdığına inam yaratdı. Cənubi Qafqazı daim münaqişələr meydanına çevirmək istəyən qüvvələrin məkrli niyyətlərinin alt-üst olduğu mənzərəsi yarandı. Lakin hər zaman olduğu kimi verdiyi sözə, atdığı addımlara məsuliyyət daşımayan Ermənistan yenidən çirkin niyyətlərini həyata keçirməyə başladı. Yalnız marginal ünsürlər deyil, o cümlədən bütün çıxışlarında sülh razılaşmasının imzalanmasının vacibliyini bildirən baş nazir Paşinyan və hökumət rəsmilərinin sözləri ilə əməlləri üst-üstə düşmür. Bir tərəfdən revanşist qüvvələr, digər tərəfdən Ermənistan hakimiyyəti 44 günlük müharibədə məğlubiyyətləri, Qarabağda separatizmin kökünü kəsən antiterror tədbirlərinin nəticələri ilə barışmaq istəmirlər. Bunun ən bariz göstəricisi vaxtilə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış, lakin fəaliyyəti dövründə bu istiqamətdə heç bir əməli addım atmayan, özünü doğrultmayan, münaqişənin həllinə deyil, əbədi olmasına xidmət edən bir qurumun ləğv olunması üçün Azərbaycanın təkidlərinə baxmayaraq, Ermənistanın onu formal olaraq saxlamaq cəhdidir. Bu, bir daha sübut edir ki, işğalçı ölkə mənfur siyasətindən əl çəkmir, nə vaxtsa yenidən ölkəmizə qarşı ərazi iddiaları irəli sürmək niyyətindədir.
Ermənistanın arxasında dayanan, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etməsini həzm edə bilməyən xarici dairələr ölkəmizə qarşı hazırladıqları planda erməniləri qurban seçirlər. Sözsüz ki, Qərbin regionda həyata keçirmək istədiyi çirkin oyunların oyunçusu yalnız ermənilər ola bilər, çünki bu, onların xislətinə tam uyğundur. Qərb də bunu çox yaxşı bildiyindən bu ölkədən siyasi alət kimi istifadə edir, təbii ki, silah-sursat göndərmək, hərbi təlimlər keçirmək, maliyyə dəstəyi göstərmək və ölkəmizin əleyhinə qərarlar, qətnamələr qəbul etmək, qarayaxma, iftira, böhtan kampaniyaları keçirmək qarşılığında. Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyev bu barədə demişdir: "Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Bəzi hallarda açıq - necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır - bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır. Yəni Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır".
Anti-Azərbaycan siyasəti aparan Qərb blokunun bu əməlləri müdafiəsində dayandığı, qırmızı xətti hesab etdiyi Ermənistanın mənafeyinə deyil, öz maraqlarına xidmət edir. Onlar Ermənistandan istifadə etməklə ölkəmizə təzyiq göstərmək, yeni təhdid mənbələri yaratmaq, Cənubi Qafqazda vəziyyəti gərgin saxlamaq məqsədi güdürlər. Ancaq işğalçı, münaqişə, müharibə törədən Ermənistanın yanında olan, ona hər zaman dəstək verən ermənipərəst dövlətlər bir şeyi unudurlar ki, Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir, iqtisadi, hərbi sahədə dinamik inkişafa malikdir. Bu baxımdan, onların hazırladıqları planlar, həyata keçirmək istədikləri metodologiya çox bəsitdir. Azərbaycan Prezidenti beynəlxalq təşkilatların, nüfuzlu qurumların kürsülərindən dəfələrlə bəyan edib ki, biz ölkəmizin ərazi bütövlüyü və suverenliyinə yönəlmiş hər hansı bir təhdidi istənilən an məhv etməyə hazırıq və bu, bizim üçün böyük çətinlik yaratmayacaq.
Artıq dünya bilir ki, ikitərəfli və çoxtərəfli əlaqələri genişləndirmək, bəşəriyyəti narahat edən məsələləri birgə həll etmək, müasir çağırışlara qoşulmaq dövlətimizin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətləridir. Müstəqil Azərbaycan münaqişələrə, müharibələrə son qoymaq, əməkdaşlıq əlaqələrini şaxələndirmək məqsədilə bir çox dövlətlər, o cümlədən nüfuzlu qurumlar, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrlə birgə fəaliyyətə böyük önəm verir. 30 il torpaqlarımızı işğal altında saxlayan qərb qonşumuz isə Qarabağ müharibəsini Zəfərlə başa vuran, torpaqlarını işğaldan azad edən qüdrətli dövlətimizin sülh təklifini dəyərləndirmir, əksinə hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirməklə regionda sülhü, sabitliyi təhdid edir. Sülhün vacibliyindən danışan bu ölkə münasibətləri normallaşdırmaqdansa, müharibənin bitdiyi 4 il ərzində davamlı olaraq manipulyasiyalara əl atmaqla sülh prosesini uzadır. Əli Qərbin ətəyində olan Hayastanın bütün addımları regionda vəziyyəti gərginləşdirməyə, üçüncü tərəflərin bölgəyə yerləşməsinə rəvac verməyə və bununla da hadisələri yeni münaqişəyə çevirməyə hesablanıb. Sözdə dediklərini əmələ çevirə bilməyən baş nazir ona havadarlıq edən Qərbin əlində aciz qalıb. Amma Azərbaycan bu qüvvələrin regionda yerləşməsinə, öz mənfur niyyətlərini reallaşdırmalarına imkan vermir və verməyəcək. Odur ki, Qərbin şirin vədlərinə uyub sülh sazişini imzalamaqdan yayınan Ermənistan Azərbaycanın haqlı tələbini yerinə yetirməklə bölgədə sülhün təmin olmasına doğru addım atmalı, prosesi uzatmamalıdır. Bu, ilk növbədə, onun öz iqtisadiyyatına, ölkənin inkişafına zərbədir.
Lider-media.az.