lider-media.az

#hüquqimaarifləndirmə - “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir

Tarix: 22-02-2024, 18:22


15 fəsil, 68 maddədən ibarət olan Qanun Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

  Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasında hava məkanından istifadəyə dair münasibətləri, Azərbaycan Respublikasına mənsub hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanından kənarda istismar edilməsi zamanı yaranan münasibətləri, həmçinin xarici dövlətə mənsub hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanında uçuş əməliyyatlarını həyata keçirməsi zamanı yaranan münasibətləri tənzimləyir və bu sahələrdə fəaliyyət göstərən dövlət orqanlarına (qurumlarına), bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq qurumlarına şamil olunur.

  Qanunun qüvvəyə minməsi ilə “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli  qanunu qüvvədən düşür. 

  Qanuna əsasən aviasiya dedikdə hava gəmiləri vasitəsilə hava məkanından istifadə edilməsinə və ya bu məqsədlə lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət başa düşülür və Azərbaycan Respublikasında aviasiya mülki, dövlət və eksperimental aviasiyaya bölünür.

  İqtisadiyyatın, əhalinin, o cümlədən ayrı-ayrı şəxslərin ehtiyaclarının ödənilməsi və həyata keçirilməsi üçün nəzərdə tutulan aviasiya mülki aviasiyadır. Mülki aviasiya sahəsində ümumi və xüsusi xarakterli aviasiya fəaliyyəti həyata keçirilir. Kommersiya hava daşımaları və xüsusi xarakterli aviasiya fəaliyyəti üçün nəzərdə tutulmayan mülki aviasiya ümumi xarakterli aviasiya fəaliyyəti hesab edilir.

  Hərbi ehtiyacların, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər, sərhəd mühafizə, gömrük və ya digər dövlət orqanlarının ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan aviasiya dövlət aviasiyası hesab olunur.

  Sınaq-konstruktor, eksperimental və elmi tədqiqat işlərinin aparılmasını, habelə aviasiya texnikasının və digər texnikanın sınaqdan keçirilməsini nəzərdə tutan aviasiya eksperimental aviasiya hesab edilir.

  Qanunla həmçinin hava limanları, aerodromlar və helikopter meydançalarına dair tələblər, axtarış və xilasetmə işi, aviasiya hadisələri və insidentlərinin araşdırılması, hava gəmilərinin dövlət qeydiyyatı, dövlət uçotu və dövlət reyestri, aviasiya personelinə dair tələblər, aviasiyada təhlükəsizlik, hava məkanından istifadə və uçuş qaydaları, mülki pilotsuz uçuş aparatının hərəkətinə dair tələblər, hava gəmilərinin istismarı ilə əlaqədar vurulan zərərə görə məsuliyyət məsələləri tənzimlənir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi