lider-media.az

#hüquqimaarifləndirmə - “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunla Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi təsdiq edilmişdir

Tarix: 5-02-2024, 19:29

Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir və qanunun qüvvəyə mindiyi gündən “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunları ləğv edilir.

12 fəsil, 84 maddədən ibarət olan Rəqabət Məcəlləsi Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.

Məcəlləyə əsasən rəqabət siyasətinin prinsipləri aşağıdakılardır: 

1. sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsinin təmin olunması; 
2. rəqabətin təmin olunması, qorunması və inkişaf etdirilməsi; 
3. iqtisadiyyatın inhisarsızlaşdırılması və rəqabətin stimullaşdırılması; 
4. rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən sazişlərə, davranış və hərəkətlərə (hərəkətsizliyə), habelə təbii inhisar fəaliyyətinə dövlət tənzimlənməsinin və nəzarətinin təmin olunması; 
5. qiymətlərin bazarda tələb və təklifin qarşılıqlı təsiri əsasında formalaşması; 
6. sərbəst qiymətqoymada müştərilərin mənafeyinin nəzərə alınması və sərbəst seçim hüququnun təmin olunması; 
7. müştərilərin və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunması;
8. rəqabəti məhdudlaşdıran sazişlərin, təmərküzləşmələrin və hökmran mövqedən və təbii inhisar mövqeyindən sui-istifadənin yolverilməzliyi; 
9. bütün bazar subyektləri üçün bazara sərbəst giriş, resurslara bərabər əlçatanlıq və bərabər tənzimləmə şərtlərinin müəyyən edilməsi.

Məcəlləyə əsasən Bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti rəqabət orqanı tərəfindən həyata keçirilir. 

Rəqabət orqanı  dedikdə rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən, dövlətin rəqabət siyasətinin formalaşdırılmasında iştirak edən və həmin siyasətin həyata keçirilməsini, habelə rəqabət sahəsində tənzimlənməni təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülür. 

Dövlət nəzarəti aşağıdakı metodlarla həyata keçirilir: 
1. rəqabət orqanı tərəfindən aparılan araşdırmalar; 
2. yoxlamalar.

Məcəlləyə əsasən rəqabət orqanının  qəbul etdiyi qərarları onların aid olduğu bütün bazar subyektləri üçün məcburidir. Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun pozuntularının aradan qaldırılması məqsədilə rəqabət orqanı tərəfindən rəqabət komissiyası yaradılır. 

Məcəllə ilə həmçinin təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya ola bilən) sui-istifadə halları qadağan edilmiş və  təsərrüfat subyektinin hansı hallarda bazarda  hökmran mövqe tutmuş hesab edildiyi dəqiq müəyyən edilmişdir. 

Bundan başqa Məcəllə ilə təmərküzləşmə, yəni Məcəllə ilə müəyyən edilmiş qaydada bir və ya bir neçə təsərrüfat subyektinin, onun müəyyən hissələrinin (fəaliyyət sahələrinin) birləşməsi, yaxud təsərrüfat subyektinin, onun müəyyən hissələrinin (fəaliyyət sahələrinin, səhmlərinin, paylarının) və hüquqlarının əldə edilməsi, yaxud birgə təsərrüfat subyektinin yaradılması anlayışı və təmərküzləşmə zamanı rəqabət orqanının razılığının alınmasının zəruri olduğu hallar müəyyən edilmişdir. 

Məcəllə ilə təbii inhisar fəaliyyəti sahələri, təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsi və onların fəaliyyətinə rəqabət orqanı tərəfindən dövlət nəzarəti məsələləri müəyyən edilmişdir.

Məcəllə ilə həmçinin rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət, tətbiq edilən maliyyə sanksiyalarının hədləri, sanksiyalardan azadolma və güzəşt halları, maliyyə sanksiyalarını yüngülləşdirən və ağırlaşdıran amillər, məsuliyyətə cəlb etmə müddətləri, rəqabət qanunvericiliyinin pozulması ilə bağlı işin yekunu üzrə rəqabət orqanının qərar və göstərişlərindən, onun vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətin verilməsi qaydaları  müəyyən edilmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi