Erməni separatçılarının tabutuna vurulan son mismar
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimindəki çıxışında ölkənin daxili və xarici siyasəti ilə bağlı mühüm mesajlar verib. Dövlət başçısı məhz Xankəndidə səsvermə prosesində iştirak etməsinin səbəbini izah edərək deyib: “Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir”. Əlbəttə ki, diplomatiya və sətiraltı mənalarla mesaj verməkdə usta olan Prezidentin Xankəndidə səs verməsi də təsadüfi ola bilməzdi. Uzun illər separatçıların şər yuvasına çevrilən Xankəndinin siyasi baxımdan təmizlənməsinə, habelə tarixi bir motiv qazanmasına ehtiyac vardı. Dövlət başçısının Xankəndidə səsvermə zamanı qutuya atdığı bülleten həm də bu baxımdan önəmli idi.
“Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”. Prezidentin səsləndirdiyi bu fikirlər tarixi sözlərdir. Bu tarixi məqamlar ölkənin çoxmilli auditoriyası, siyasi analitiklər, ekspertlər üçün ən yaddaqalan anlardan biri oldu.
Dövlət başçısının çıxışında hərbi qüdrətin artırılması, azad olunan torpaqların bərpası, yoxsulluğun minimum endirilməsi, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi, ideoloji işin gücləndirilməsi, neft və qeyri-neft sektorunun inkişafı və s. məsələlər də xüsusi yer aldı.
Prezident Azərbaycanın daxili və xarici siyasətinin prioritet istiqamətlərinə bir daha aydınlıq gətirdi və əsas məqsədin iqtisadi inkişafa və sosial rifaha xidmət etdiyini vurğuladı. Nitqinin sonunda bir daha Azərbaycan-Ermənistan münasibətlərinə toxunan Qalib Lider ölkəmizin bütün məsələlərdə beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan mövqeyinin dəyişməyəcəyini, istənilən halda qarşıya qoyulan hədəflərə çatılacağına əminliyini bildirdi. Heç bir kənar qüvvənin “dəmir yumruğ”un siyasi iradəsinə, qətiyyətinə təsir edə bilməyəcinə bir daha böyük inam yaradan dövlətimizin başçısı növbəti dəfə araya rifaq toxumları səpən qüvvələrə hədlərini göstərdi: “… yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə də hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin öz işinizlə məşğul olun…”
Bəli, Prezident İlham Əliyevin dediyi kimi, rəsmi Bakı 30 il ərzində həll olunmayan problemi özü həll edib. Bundan sonra Ermənistanla sülh sazişinin imzalanıb-imzalanmayacağı isə məhz Ermənistanı maraqlandıran məsələ olmalıdır. Azərbaycan regionda sabitlik naminə bu günə qədər üzərinə düşən hər şeyi edib. Ermənistan sabitlikdə, inkişafda və regional əməkdaşlıqda maraqlı deyilsə, qoy onda sülh prosesini istədiyi qədər uzatsın!