lider-media.az

"Əsrin müqaviləsi" ilə başlayan şərəfli yol "Yaqşıl enerji" ilə davam etdirilir

Tarix: 20-09-2024, 08:12

    1994-cü il sentyabr ayının 20-də Bakıda "Gülüstan" sarayında "Əsrin müqaviləsi" kimi tarixi bir ad almış ilk neft müqaviləsi imzalandı.  Azərbaycan üçün olduqca  əhəmiyyətli olan, onun gələcək taleyini həll edən XX əsrin iqtisadi layihəsi məhz ulu öndər Heydər Əliyevin səyi nəticəsində gerçəkləşdi. Amma bu, heç də asan başa gəlmədi.

     Ümummilli lider əvvəlcə ölkədə təhlükəsiz mühit yaratmaq üçün 1994-cü il mayın 12-də Birinci Qarabağ müharibəsi dövründə cəbhədə atəşkəsi nəzərdə tutan Bişkek protokolunun imzalanmasına nail oldu. Ardınca isə ölkənin iqtisadi vəziyyətini yüksəltmək üçün "Əsrin müqaviləsi"nin reallaşması istiqamətində addımlar atdı. Uzun danışıqlardan sonra Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında dünyanın 10-a yaxın ən iri neft şirkəti ilə müqavilə imzalandı.

     Tarixi baxımdan çox əhəmiyyətli olan bu iqtisadi layihə Gülüstan sarayında gerçəkləşdi. Dörd dildə hazırlanan müqavilə tarixi siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı. Tarixi müqavilədən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı.

     Qeyd edək ki, dəyəri 7,14 milyard ABŞ dolları olan "Əsrin müqaviləsi"ndə dünyanın aparıcı ölkələrini təmsil edən neft şirkətləri iştirak etmişdir. Onlar tezliklə işçi strukturlar, rəhbər, komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Məsləhət Şurası yaradaraq görüləcək işlərin yol xəritəsini müəyyənləşdirdilər.

     Müstəqilliyimizin bərpa edilməsindən sonra yaranan siyasi hərc-mərcliyin aradan qaldırılmasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış, "Əsrin müqaviləsi" adını qazanmış Saziş respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması idi. "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Bu sənəd Qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və haqqında bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin ölkəmizin iqtisadiyyatına marağı artdı, beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi.

     Bununla da Azərbaycanda yeni neft strategiyasının təməli qoyuldu və ölkəmiz öz təbii sərvətlərinə sahib çıxaraq qlobal məkanda öz yerini müəyyən etdi. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycan neftinin dünya bazarına nəql yollarını müəyyənləşdirmək idi. 12 noyabr 1997-ci ildə "Əsrin müqaviləsi" üzrə ilkin neft hasilatına başlandı. Bu münasibətlə "Çıraq-1" platformasında təntənəli mərasim keçirildi. Azərbaycan Prezidenti Heydər Əliyev ilkin neftin çıxarılması hadisəsini açıq dənizdə tikilən platformada bayram kimi qeyd edən azərbaycanlı və xarici neftçilərlə birlikdə idi.

     1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarına çıxarıldı. Çoxlarının əfsanə hesab etdiyi əsas neft kəməri - Bakı- Tbilisi-Ceyhan inşa edildi. Şahdəniz yatağından qaz hasilatına başlanıldı, TANAP, TAP kimi iri transmilli layihələr reallaşdı. Beləliklə, "Əsrin müqaviləsi" Azərbaycan tarixini də, iqtisadiyyatını da kökündən dəyişən əsrə bərabər sənəd oldu. Bu sənəd Azərbaycanın inkişaf strategiyasının təməlini qoyan ümummilli lider Heydər Əliyevin şah əsəridir.

     Ölkəmiz əldə etdiyi nailiyyətlərlə qlobal nüfuzlu təşkilatların enerji ilə bağlı hesabatlarında yüksək pillədə qərarlaşır. Dünya İqtisadi Forumunun "Səmərəli Enerji Keçidinin Təşviqi - 2023" hesabatında ölkəmiz 32-ci pilləyə yüksəlib. Burada 120 ölkənin dayanıqlı və səmərəli enerji sisteminə doğru irəliləmək üçün göstərdiyi səylər qiymətləndirilib. Həmçinin bildirək ki, son 10 il ərzində ən yüksək irəliləyiş göstərən ölkələr sırasında olan Azərbaycan iqtisadi inkişafla ekoloji dayanıqlılığın balanslaşdırılmasına sadiq olduğu vurğulanıb. Qeyd edək ki, ölkəmiz 2022-2023-cü illər arasında Enerji Keçid İndeksində ən yüksək irəliləyiş edən ölkələr sırasında yer alıb.

     Yeni dünya düzənində isə qüdrətli Azərbaycan dövləti neft-qaz ilə yanaşı, "yaşıl enerji"nin ixrac olunması barədə də əsaslı işlər görür. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə başlayan şərəfli yol bu gün “Yaşıl enerji” ilə davam etdirilir. Ötən il mayın 3-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamaqla ölkəmizdə yeni növ enerji qaynaqlarının yaradılmasına istiqamət verdi. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin genişləndirilməsinə və ekoloji tarazlığın qorunmasına istiqamətlənir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurmada da bu istiqamət əsas götürülür.

Lider-media.az.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi