Azərbaycanda birinci sinifə gedənlərin sayı niyə azaldı? – EKSPERTDƏN İLGİNC AÇIQLAMA
“16 sentyabrda yeni tədris ili başlayır. Son 7 ildə Azərbaycanda 1-ci sinifə başlayan şagirdlərin sayında əhəmiyyətli azalma müşahidə olunur. 2017-2018-ci tədris ilində 164,523 uşaq birinci sinifə qəbul olunduğu halda, 2023-2024-cü tədris ilində bu rəqəm 132,261 nəfərə qədər azalıb. Bu isə 32,262 nəfərlik fərq deməkdir, yəni 7 il ərzində təxminən 20% azalma baş verib”.
Lider-media.az xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov öz “Facebook” sosial şəbəkəsində paylaşaraq bildirib.
Onun sözlərinə görə, bu tendensiya çox ciddi demoqrafik problemlərə işarə edir və bir sıra təhlükələr yaradır.
“Verilən rəqəmlər əsasında müəyyən müşahidələr etmək olar. Belə ki, hər il təxminən orta hesabla 4,5% azalma qeydə alınır, 7 il ərzində birinci sinifə gedən uşaqların sayı 32 min nəfər azalıb. Bu azalma davam edərsə, təxminən 10 ildən sonra bu rəqəmin daha da aşağı düşəcəyi gözlənilir. Əgər orta illik azalma nisbətini (təxminən 4,5%) nəzərə alsaq, bu o deməkdir ki, təxminən 10 ildən sonra birinci sinifə qəbul olan uşaqların sayı 100,000 nəfərdən aşağı düşə bilər”.
Ekspert bu azlma hallarının yarada biləcəyi təhlükədən də danışıb: “Uşaqların sayının azalması gələcəkdə ölkənin əmək bazarında gənc işçi qüvvəsinin çatışmazlığına səbəb ola bilər. Bu, iqtisadiyyatın inkişafında problemlər yarada və bəzi sahələrdə işçi qüvvəsinə tələbin ödənilməməsi ilə nəticələnə bilər. Həmçinin mövcud məktəb və təhsil infrastrukturunun uşaqların sayının azalması nəticəsində boş qalması ehtimalı var. Məktəblərdə siniflər dolmayacaq və resurslar tam istifadə edilməyəcək. Bundan başqa, uşaqların sayının azalması ölkədə əhalinin ümumi yaşlanmasına gətirib çıxaracaq, bu da sosial təminat sistemlərində və səhiyyə sektorunda ciddi təzyiqlər yarada bilər. Həmçinin gənc əhali sayının azalması gələcəkdə ölkənin innovasiya potensialını da azaldır”.
Kamran Əsədov məsələnin həlli ilə bağlı təklif edib ki, ailələrə dəstək proqramları tətbiq edilməli, doğum səviyyəsini artırmaq üçün stimullar verilməlidir. Bundan başqa, xaricdən işçi qüvvəsi cəlb etmək və ya əhalinin azalmasının qarşısını almaq üçün miqrasiya siyasətlərinə diqqət yetirilməli və müvafiq addımlar atılmalıdır.
Bu azalma, Azərbaycan üçün uzunmüddətli sosial-iqtisadi təsirlər yarada bilər. Ona görə də diqqətli şəkildə qiymətləndirilərək, uyğun tədbirlər görülməlidir.