Səbinə Əliyeva: 20 Yanvar hadisələri insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən biridir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Ombudsman Aparatındanbildirilib ki, əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
20 Yanvar faciəsi barədə danışan Ombudsman Səbinə Əliyeva qeyd edib ki, həmin gün baş verən hadisələr insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən biridir.
Müvəkkil Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin özünü və ailə üzvlərini təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin şəkildə etiraz etdiyini, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə bu məsələyə dövlət səviyyəsində hüquqi münasibət bildirdiyini qeyd edib.
Ombudsman 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsinin, bu cinayətləri törədən şəxslərin qanun qarşısında cavab vermələrinin, layiqli cəzalarını almalarının əhəmiyyətindən də danışıb.
Səbinə Əliyeva faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb, 20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə bəyanat ünvanlandığını xatırladıb.
Ombudsman qeyd edib ki, ötən ilin sentyabr ayında uğurla həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı vaxtilə azərbaycanlılara qarşı müharibə cinayətləri törətmiş, beynəlxalq hüququn, eləcə də beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmuş şəxslərin bəzilərinin ədalət mühakiməsi qarşısında cavab verdikləri kimi, 20 Yanvar hadisələrini törətmiş şəxslər də qanun qarşısında cavab verəcək, cinayətkarlar layiqli cəzalarını tapacaqlar.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və digər natiqlər də çıxışlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.