lider-media.az

9 iyul Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür

Tarix: 9-07-2024, 11:05

     Azərbaycan diplomatiyasnın beynəlxalq aləmdə nüfuzu artır

 

     Qüdrətli Azərbaycan dövlətinin diplomatiya tarixi 9 iyul 1919-cu ildən başlayır. Bu gün tarixdə ilk dəfə ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 105 il ötür.

     Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul olunduğunu əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

      Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk xarici işlər naziri 1918-ci ildə təyin olunsa da, Diplomatiya Günü rəsmi olaraq 1919-cu ilə əsasən təsis edilmişdir. Həmin il Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət başlamışdır. 1920-ci il yanvarın 11-də keçirilən Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanınandan sonra hökumət tərəfindən Qərbi Avropa və Amerikada ölkəmizin diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanmışdır. AXC dövründə XİN sistemində 239 nəfər işləmişdir. 1920-ci ilin aprelinədək Azərbaycanın Gürcüstan, Ermənistan, İran, İstanbul, Ukrayna və Krımda nümayəndəlikləri var idi.

     1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri və BMT tərəfindən tanınmışdır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Prezident seçilməsindən sonra ölkənin inkişafı, daxildə davamlı sabitlik təmin edilmiş, müstəqil dövlətimizin beynəlxalq aləmdə əlaqələrinin genişləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan haqqında sülhsevər, demokratik proseslərə xüsusi önəm verən bir dövlət kimi beynəlxalq aləmdə rəy formalaşmış və möhkəm inam yaranmışdır. Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı, inamlı tərəfdaş ölkə kimi tanınmış, müstəqil dövlətimizin xarici siyasət istiqamətləri və strateji seçimləri müəyyənləşdirilmişdir.

     Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı xarici siyasət strategiyası, ilk növbədə, Azərbaycanın milli maraqlarının dəqiq və aydın şəkildə müəyyən edilməsinə yönəlmişdir. Bu strategiya, qonşu ölkələr və dünya birliyi ilə bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında mehriban münasibətlərin qurulmasını nəzərdə tuturdu. Həmçinin Avratlantik inteqrasiya xəttinin seçilməsi, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsi, xarici siyasətimizin manevr imkanlarının və strateji dərinliyinin artırılmasının vacibliyi önə çəkilib. Ən əhəmiyyətli məqamlardan biri isə Ermənistanın Azərbaycana təcavüzünün beynəlmiləlləşdirilməsi və işğalın nəticələrinin aradan qaldırılması üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsi olub. Əgər bu strategiyanın əsas hədəfi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunması idisə, qüdrətli dövlətimiz bu missiyanın da öhdəsindən layiqincə gəlməyi bacarıb.

    Böyük Zəfərlərimizin memarı, yeni dünya nizamında Azərbaycanın layiqli mövqe tutmasını təmin edən, Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə xalqımız bu gün gələcəyə daha ümidlə baxır. Məhz onun siyasi zəkası və məharəti ilə işğal altındakı torpaqlarımız düşmən tapdağından xilas edilmişdir. Bu uğurlu diplomatik gedişlər, Azərbaycan xalqına qürur və fərəh hissi yaşatmışdır. Xüsusi vurğulanmalıdır ki, Laçın, Ağdam və Kəlbəcərin bir güllə atılmadan azad edilməsi diplomatik uğurlarımızın ən ümdəsidir. Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış edərək həyata keçirilmiş və bu, Azərbaycanın regional lider mövqeyini gücləndirmişdir. Azərbaycan Respublikası Prezidentinin müdrik daxili və xarici siyasəti, ölkədə aparılan demokratik islahatlar nəticəsində dövlətimizin dünya birliyinə inteqrasiyası prosesi sürətlənmiş, o cümlədən hüquqi sahədə əməkdaşlıq genişlənmişdir. Şübhəsiz, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan prioritet vəzifələrdən biri nüfuzlu beynəlxalq təşkilatlarla əlaqə qurmaq, əməkdaşlığı gücləndirmək və həmin qurumların üzvü olmaq idi. Təsadüfi deyil ki, bu gün Azərbaycan diplomatiyasının uğurları təkcə BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla, o cümlədən Qoşulmama Hərəkatı (QH), NATO və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə sıx əlaqələr nəticəsində əldə olunub. Bununla yanaşı, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi də Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Belə ki, 2009-cu ilin oktyabr ayında Naxçıvan şəhərində imzalanan müqavilə ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin təşəbbüsü ilə yaradılan təşkilata sonradan Özbəkistan da daxil olmuşdur. Bu gün beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik olan TDT-nin fəaliyyətinin əsas qayəsi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yol açmaqdır.   

    Ölkəmizin beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca ölkəmizin 2017-2019-cu illər üçün 176 səs lehinə olmaqla BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi, 2019-cu ildən etibarən isə dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürməsi ölkəmizin xarici siyasətinin nailiyyətlərindəndir. Bütün bunların uğurlu davamı olaraq 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycanın ev sahibliyi etməsini göstərmək olar. Regionun lider dövləti olan Azərbaycan bu gün dünya miqyasında da öz sözünü deyən ölkələrdən biridir.

Bundan əlavə, Azərbaycan Türk Dövlətləri Təşkilatı, MDB, Avropa İttifaqı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı və digər beynəlxalq qurumlarla sıx münasibətlərə malikdir və onların işində fəal rol oynayır.

      Ümumiyyətlə, son illər Azərbaycanın yalnız regionda deyil, postsovet məkanında, həmçinin Avropa və Asiyada müstəqil siyasət yürüdən dövlət kimi nüfuzu artıb.  İqtisadi, siyasi, mədəni və digər sahələrdə əldə edilən uğurlar sayəsində Azərbaycan Cənubi Qafqazda əsas güc mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycanın rəyi nəzərə alınmadan regionda heç bir strateji əhəmiyyətli layihə həyata keçirilə bilməz. Bu mövqenin əldə olunması Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyasının nəticəsidir.

 

Nurəngiz Adilqızı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi