lider-media.az

SARSILMAZ TÜRK DÜNYASININ NƏBZİ ŞUŞADA DÖYÜNÜR

Tarix: 6-07-2024, 10:17

     "Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".

      Bu fikirləri Prezident İlhm Əliyev 2024-cü il fevralın 14-də  Milli Məclisdə keçirilən andiçmə mərasimində söyləyərək  türk dünyası ilə əməkdaşlığın önəmli olduğunu bildirib.

      Bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Prezident İlham Əliyevin sədrliyi ilə keçiriləcək toplantıda Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin iştirakı gözlənilir. Bununla yanaşı, Zirvə görüşünə təşkilata müşahidəçi qismində üzv olan dövlətlərin liderləri də qatılacaqlar. Qeyd edək ki, "Nəqliyyat bağlantısı və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması" mövzusunda Zirvə görüşü təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq.

     Azərbaycan dünya ictimaiyyətinə davamlı inkişafa nail olduğunu nümayiş etdirir. Bu əməkdaşlıqlar çərçivəsində son illərdə ölkəmiz özünün çoxvektorlu xarici siyasətində, xüsusilə, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini əsas istiqamət olaraq müəyyən edib. Çağdaş dünyamızda türkdilli dövlətlər arasında əməkdaşlıq daha da güclənib. 2021-ci ildə qəbul edilən "Türk Dünyasına Baxış-2040" sənədi qloballaşan dünyamızda baş verən dəyişikliklərə uyğunlaşmaq üçün əsas yol xəritəsidir. Türk Dövlətləri Təşkilatı Orta Asiya, Qafqaz, Anadolu, eləcə də Avropadan dünyanın dörd yanına yayılan güclü qardaşlıq bağının ifadəsidir. İlk addımlarını 1992-ci ildə atan TDT 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) adı ilə fəaliyyətə başladı. İstanbulda 2021-ci ildə keçirilən tarixi Zirvə görüşündə qurumun adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi. Hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tam üzv, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və İqtisadi Əməkdaşlıq Təşkilatı müşahidəçi qismində təşkilatda təmsil olunur. Azərbaycanın Macarıstan istisna olmaqla, digər Türk dövlətləri ilə azad ticarət sazişləri mövcuddur. Türkiyə və Macarıstan TDT arasında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatıran əsas ölkələr sırasındadır. İstanbulda daimi katibliyi, Budapeştdə isə Avropa Ofisi olan TDT üzv və müşahidəçiləri arasında siyasətdən iqtisadiyyata, nəqliyyatdan gömrüyə, enerjidən kənd təsərrüfatına, təhsildən gənclik və idmana, rəqəmsallaşmadan ədalət və təhlükəsizliyə, mədəniyyətdən turizm və sağlamlığa qədər 30-dan artıq fərqli sahə üzrə çoxistiqamətli əməkdaşlıq həyata keçirir.

     Qeyd edək ki, TDT-yə üzv dövlətlərin ərazisinin ümumi sahəsi 4 milyon 242 min 362 kv.km, əhalisinin sayı 149 milyon 817 min 367 nəfərdir. Ümumi daxili məhsulun həcmi 1 trilyon 42 milyard 561 milyon dollardır. Şərqi Avropada Balkanlardan, Yaxın Şərqdə İran, İraq, Suriya, Şimali və Cənubi Qafqazda, Mərkəzi Asiyada, Şimali Çində, Cənub və Şimal-Şərqi Sibirdə yaşayan türk toplumlarınadək Türk dünyası geniş bir mədəni-coğrafi yayılma arealına malikdir. Müşahidəçi ölkələrin (Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası) ərazisi 581 min 129 kv.km, əhalisinin sayı 15 milyon 802 min nəfər, ümumi daxili məhsulun həcmi 208 milyard 771 milyon dollardır. Təşkilat Türk Ticarət və Sənaye Palatası, İnvestisiya Fondu, Trans-Xəzər Nəqliyyat Dəhlizi, Sağlamlıq Elmi Şurası, modern İpək Yolu, Qardaş limanlar və Tabarruk Ziyarət layihələri, Türk Universitetlər Birliyi, gənclik və idman layihələri kimi bir çox fərqli istiqamətdə üzv və müşahidəçilərinin rifahı üçün fəaliyyətini davam etdirir. Təşkilatın bütün layihələri regionda və bölgəmizdən kənarda sülh və inkişafı təşviq etməyi, eləcə də sosial tərəqqini hədəfləyir. Təşkilatlanma prosesini konkret nailiyyətlərlə tamamlayan Türk Dövlətləri Təşkilatı "Türk Dünyası-2040" baxışı ilə əməkdaşlıqların daha da dərinləşməsinin müəyyənləşdirildiyi yeni bir dövrünə doğru irəliləyir.

      Türkdilli dövlətlər regionun ən zəngin enerji təminatçısı rolunda da çıxış edirlər. Dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP və Qazaxıstanın qoşulduğu yeni enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyətə malikdir. "Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti isə türkdilli dövlətlərin çoxşaxəli nəqliyyat şəbəkəsinin "qan damarı" sayılır. BTQ Mərkəzi və Şərqi Avropa regionu ilə bərabər, Asiyanın inkişaf etmiş dövlətlərinin yerləşdiyi ərazini də əhatə edir və gələcəkdə Çin, Hindistan və digər dövlətlərin bu dəmiryolundan istifadə etməsi istisna olunmur. BTQ-nin Çindən başlayaraq Mərkəzi Avropaya, oradan Böyük Britaniyaya qədər uzanması onun dünya əhəmiyyətli layihə kimi iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq. Bu layihə Şərq-Qərb marşrutu sistemində ən çox rentabelli nəqliyyat dəhlizinə çevriləcək. Türkdilli ölkələrin əməkdaşlığı üçün imkanlar isə Azərbaycan-Türkiyə əlaqələrində özünü göstərir. İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Zəngəzur dəhlizi də Türk dövlətləri üçün yeni imkanlar açır. Bu dəhliz Çindən Avropaya daşınmalar üçün ən sərfəli və rentabelli marşrut hesab olunur. Zəngəzur dəhlizinin açılması da Türk dünyasının orta maraq və prinsiplərinə xidmət edir. Yeni dəhliz Türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun strateji əhəmiyyətini daha da artırır.

     Vətən müharibəsindən sonra türk dövlətlərinin inteqrasiya prosesində Azərbaycan Türkiyə ilə birgə bir sıra yeni təşəbbüslərlə aparıcı rolu öz üzərinə götürüb. Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, xüsusilə, iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin inkişaf dinamikası təqdir edilir. Türkiyə Azərbaycanın həm idxal, həm ixrac, həm də ticarət dövriyyəsində əsas tərəfdaşlarından biridir. İki qardaş və müttəfiq ölkənin əməkdaşlığı nəticəsində ərsəyə gələn nəhəng layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin tikintisi enerji gündəliyində duran aktual məsələlərdən biri kimi dəyərləndirilir.

   Türk dövlətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında yaxından iştirak edirlər. Geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər daha fəaldır. Özbəkistan və Qazaxıstan hədiyyə olaraq Füzuli şəhərində orta məktəb və yaradıcılıq mərkəzi açıblar. Bu cür dostluq və qardaşlıq nümunəsi ölkələrimiz və xalqlarımız arasındakı tarixi münasibətləri daha da dərinləşdirir. Ən əsası belə addımlar nəticə olaraq Türk dünyasının möhkəmlənməsinə xidmət edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı bütün əsas layihələri icra edib.

     Ötən il noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşü mühüm məqamlarla yadda qalıb. Zirvə görüşünün çağırışı özündə bütün məqamları açıqlayırdı. Dövlətimizin başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bir daha Türk dünyasının birliyini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır. Ortaq soy-kök, tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial, həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma oldu. Prezident İlham Əliyevin bu təşkilatla bağlı apardığı iş, irəli sürdüyü ideyalar qurumun gələcək inkişaf trayektoriyasının müəyyənləşdirilməsi üçün mayak rolunu oynayır. Təşkilatın qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi Qarabağ Zəfəri ilə ərazi bütövlüyünü təmin edən Azərbaycanın Türk Dövlətləri Təşkilatı kimi mühüm siyasi, iqtisadi, hərbi və mədəni birliyin daha da gücləndirilməsi istiqamətində göstərdiyi davamlı səylərin sübutudur. Dostluq, qardaşlıq və qarşılıqlı güvən əsasında qurulan bu əməkdaşlıq türk dövlətlərinin möhkəmlənməsinə, ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələrə sahib olan xalqlarımıızın daha firavan, daha ədalətli bir dünyada yaşamasına hesablanıb.

    


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi