lider-media.az

“Nar çiçəyi” – uşaqlıq xatirəsi

Baxış: 303 Tarix: Сегодня, 11:38




Biz ailədə yeddi uşaq idik. Böyük qardaşlarımdan ikisi körpə yaşlarından şəhərdə oxuyurdular. Qalan beşimiz isə kənd həyatının içində böyüyürdük. Həyatımız sadə idi, amma o sadəliyin içində bizim üçün ən böyük həqiqət atamın sözü idi. Atam nə desə, nəyə söz versə ona inanırdıq. Elə bilirdik ki, o heç vaxt yalan danışmaz.  
Bu günə qədər yaddaşımdan silinməyən bir xatirə də onunla bağlıdır.
Söhbət ötən əsrin yetmişinci illərinin sonlarından, səksəninci illərin əvvəllərindən gedir. O zamanlar indiki kimi mobil telefonlar, rəqəmsal kameralar yox idi. Şəkil çəkdirmək adi bir iş sayılmırdı. Bunun üçün kəndimizdən xeyli uzaqda yerləşən Böyük Mərcanlı və ya Horadiz stansiyasına getmək lazım gəlirdi. Fotoqraf qarşısında dayanıb şəkil çəkdirmək bizim üçün əsl hadisə idi.
Mən isə şəkil çəkdirməyi çox sevirdim. Bəlkə də ona görə ki, fotolar anıları yaşadır, yaşananları lentə köçürür. Uşaq ağlımla elə düşünürdüm ki, fotoşəkildə zaman dayanır.


Atam bir gün dedi ki, sizi aparacağam şəkil çəkdirməyə.
Bu söz mənim üçün böyük bir müjdə idi. Günlər keçdikcə səbirsizlənir, hərdən soruşurdum:
Ata, bizi nə vaxt aparacaqsan?
O isə hər dəfə "sonra", "bir az da gözləyin" kimi cavablar verirdi. Bacı-qardaşlarım bu məsələyə o qədər də əhəmiyyət vermirdilər. Amma mənim üçün bu, böyük bir arzu idi.
Bir gün yenə eyni sualı verəndə atam, görünür, israrımdan yorulmuşdu. Gülümsəyərək dedi:
Sizi nar çiçəkləyəndə aparacağam şəkil çəkdirməyə.

O vaxtdan mənim gözüm həyətdəki nar ağacında qaldı.
Hər gün ona baxırdım. Budaqlarında qönçələr görünəndə sevincimdən yerə-göyə sığmırdım. Nəhayət, bir səhər nar ağacının budaqlarında al-qırmızı çiçəklər açdı. Mənim üçün dünyanın ən gözəl mənzərəsi idi.
İndi artıq əmin idim ki, atam deyəcək:

— Hazırlaşın, gedirik şəkil çəkdirməyə.
Amma gün keçdi, heç nə olmadı.
Bir həftə keçdi, yenə olmadı.
Nar çiçəkləri açıb-soldu, amma o səfər baş tutmadı.

Uşaq idim. Başa düşə bilmirdim ki, atam doğrudan da unutmuşdu, yoxsa sadəcə məni sakitləşdirmək üçün belə demişdi. Bircə onu hiss edirdim ki, içimdə qəribə bir məyusluq var. İlk dəfə idi ki, gözlədiyim bir söz həyata keçmirdi.
İllər keçdi. Həyat məni müxtəlif yollarla apardı. Çox şey dəyişdi. İndi hər kəsin cibində kamera var, bir düyməyə toxunmaqla yüzlərlə şəkil çəkmək mümkündür. Amma hər dəfə nar ağacları çiçək açanda yaddaşım məni yenə o uzaq illərə qaytarır.

Yenə həyətdə dayanmış o kənd uşağını görürəm. Gözləri nar çiçəklərinə dikilib. Ürəyində isə bircə arzu var: atası verdiyi sözü xatırlasın.
Bəlkə də bu xatirənin mənə öyrətdiyi ən böyük dərs elə budur. Uşaqlar böyüklərin düşündüyündən daha çox inanırlar. Onlar verilən vədləri sadəcə söz kimi qəbul etmirlər; o vədlərin içində öz xəyallarını, ümidlərini qururlar.

Ona görə də mən özümə çoxdan söz vermişəm: övladlarıma yalnız yerinə yetirə biləcəyim vədləri verəcəyəm. Çünki bəzən bir uşağın qəlbində ən uzunömürlü iz nə yoxsulluqdan, nə çətinlikdən, nə də çatışmazlıqdan qalır. O iz bəzən sadəcə açıb-solan bir nar çiçəyinin yaddaşından qalır.
İllər sonra həmin arzu yenə də həyata keçdi. Amma atamın dediyi kimi nə Mərcanlı stansiyasında, nə də Horadizdə.
Bir gün şəhərdə oxuyan qardaşım kəndə fotoaparat gətirmişdi. O vaxtlar fotoaparat özü də böyük nemət sayılırdı. Həyətdə hamımızı bir yerə yığdı. Əvvəl ailəlikcə şəkil çəkdirdi, sonra ayrı-ayrılıqda. Mənim üçün bu, əsl bayram idi.

Nəhayət, çoxdan arzuladığım şəkillər çəkildi.

Ancaq qəribədir ki, o şəkillərin sevincindən daha çox, onları gözlədiyim günlər yaddaşıma həkk olundu. İndi o köhnə fotolara baxanda təkcə uşaqlıq simamı görmürəm. Həm də nar ağacının altında dayanıb çiçəklərə baxan, atasının sözünü səbirsizliklə gözləyən bir uşağı görürəm.
Bəlkə də həyatın qəribəliyi bundadır. Bəzən arzu gec də olsa gerçəkləşir. Amma insanın yaddaşında arzunun özü deyil, onu gözlədiyi günlər qalır.
Atamın "nar çiçəkləyəndə" dediyi vaxt çoxdan ötüb keçib. Atam da artıq xatirələrimdə yaşayır. Lakin hər il nar ağacları al-qırmızı çiçəklərə bürünəndə sanki o illərə qayıdıram. Həyətimiz, uşaqlığımız, atamın səsi yenidən canlanır.

Və mən yenə düşünürəm ki, uşaqlar böyüklərin dediyi hər sözə inanırlar. Onların dünyasında vəd sadəcə bir cümlə deyil, gələcəyə açılan bir qapıdır.
Bəlkə də buna görə nar çiçəyi mənim üçün təkcə baharın müjdəsi deyil. O, həm də sözün məsuliyyətinin, uşaqlıq ümidlərinin və yaddaşın solmayan rənginin simvoludur.

P.S. Bu, artıq sadəcə uşaqlıq xatirəsi deyil, kiçik bir həyat dərsidir.

Səadət Hakıyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi