Zamanı qabaqlayan lider və milli mətbuatın xilaskarı

Ulu Öndər Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafındakı tarixi rolu
Bəzən tarix bir xalqın taleyinə elə şəxsiyyətlər bəxş edir ki, onların adı yalnız yaşadıqları dövrün deyil, gələcək əsrlərin də mənəvi sütununa çevrilir. Belə dahilər zamanın sərt sınaqlarından keçərək millətin yaddaşında dövlətçilik məktəbi, siyasi iradə və mənəvi bütövlük rəmzi kimi yaşayırlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz belə zirvə şəxsiyyətlərdəndir. Onun həyatı və fəaliyyəti təkcə müstəqil dövlət quruculuğunun deyil, həm də milli düşüncənin, söz azadlığının, mətbuatın inkişaf tarixinin ayrılmaz salnaməsidir.
Bu gün Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə onun Azərbaycan mətbuatının formalaşması, milli jurnalistikanın azad və peşəkar müstəviyə çıxması yolunda gördüyü misilsiz xidmətləri bir daha xatırlamaq böyük mənəvi məsuliyyətdir. Çünki Heydər Əliyev yaxşı bilirdi: mətbuat sadəcə xəbər mənbəyi deyil, xalqın düşüncə aynası, dövlətin ideoloji dayağı və milli yaddaşın qoruyucusudur.
Milli mətbuatın inkişafına strateji baxış
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü – 1969-cu ildən başlayan mərhələ milli mətbuat tarixində dönüş nöqtəsi oldu. Həmin illərdə Azərbaycan SSR ittifaq miqyasında geridə qalmış respublikalardan biri hesab olunurdu. Milli dilin sıxışdırılması, ideoloji məhdudiyyətlər və senzura jurnalistikanın inkişaf imkanlarını məhdudlaşdırırdı. Lakin 1969-cu il iyulun 14-də Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələ başlandı.
1970–1980-ci illərdə respublikada qəzet və jurnalların maddi-texniki bazası gücləndirildi, mətbəələr yeniləndi, jurnalist kadrlarının hazırlanmasına xüsusi diqqət ayrıldı. Məhz həmin dövrdə “Kommunist”, “Bakinski raboçi”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Ulduz”, “Azərbaycan”, “Elm və həyat” kimi mətbuat orqanlarının fəaliyyət dairəsi genişləndirildi.
Ulu Öndər milli mətbuatın ana dilində inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edirdi. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli jurnalistikanın inkişafına mühüm təkan verdi. Bu qərar sovet ideoloji sisteminin sərt çərçivələri daxilində olduqca cəsarətli siyasi addım idi. Həmin dövrdə mətbuat səhifələrində Azərbaycan dilinin istifadəsi genişləndi, milli-mənəvi dəyərlərə daha çox yer ayrıldı.
Heydər Əliyev və jurnalistikaya münasibət
Heydər Əliyev jurnalist əməyinə hər zaman böyük hörmətlə yanaşırdı. O, mətbuat nümayəndələrini “xalqın gözü, qulağı və vicdanı” adlandırırdı. Onun çıxışlarında jurnalistikanın cəmiyyət qarşısındakı məsuliyyəti xüsusi vurğulanırdı. Ulu Öndər hesab edirdi ki, milli mətbuat dövlət müstəqilliyinin ideoloji sipəridir.
1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi böhran, iqtisadi tənəzzül və informasiya xaosu ilə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, daxili qarşıdurmalar və hakimiyyət böhranı informasiya məkanında da dərin parçalanma yaratmışdı. Məhz belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, mətbuatın sağlamlaşdırılmasını da prioritet istiqamətə çevirdi.
1993-cü ildən sonra ölkədə söz və fikir azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Demokratik dəyərlərin formalaşdırılması məqsədilə yeni qanunvericilik bazası yaradıldı. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və məlumat azadlığı təsbit edildi. Konstitusiyanın 50-ci maddəsi hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək və yaymaq hüququnu təmin etdi.
Azərbaycan mətbuat tarixinin ən mühüm qərarı – senzuranın ləğvi
Ulu Öndərin Azərbaycan mətbuatına ən böyük töhfələrindən biri senzuranın ləğvi oldu. 1998-ci il avqustun 6-da Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycanda dövlət senzurası tamamilə aradan qaldırıldı. Bu hadisə ölkə jurnalistikası tarixində yeni dövrün başlanğıcı kimi qiymətləndirildi.
Senzuranın ləğvi təkcə hüquqi qərar deyildi; bu, milli mətbuatın azad nəfəs alması, jurnalistikanın demokratik inkişaf yoluna çıxması demək idi. Azərbaycan postsovet məkanında senzuranı ləğv edən ilk ölkələrdən birinə çevrildi. Bu qərar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi.
Heydər Əliyev həmin dövrdə bildirirdi: “Azərbaycanda söz azadlığı, mətbuat azadlığı demokratik cəmiyyətin əsas prinsiplərindəndir və biz bu prinsiplərin təmin olunması üçün bütün imkanları yaradacağıq.”
Bu siyasi iradə nəticəsində ölkədə yüzlərlə qəzet və jurnal fəaliyyətə başladı, müstəqil televiziya və informasiya agentlikləri yarandı. Azərbaycan jurnalistikası beynəlxalq informasiya məkanına inteqrasiya etməyə başladı.
Mətbuatın sosial müdafiəsi və jurnalistlərə qayğı
Ulu Öndər mətbuatın yalnız hüquqi deyil, sosial baxımdan da gücləndirilməsini vacib hesab edirdi. 1990-cı illərin sonlarında qəzetlərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət dəstəyi proqramları həyata keçirildi. Nəşriyyatlara vergi güzəştləri tətbiq olundu, qəzetlərin “Azərbaycan” nəşriyyatına borclarının mərhələli şəkildə həlli istiqamətində qərarlar qəbul edildi.
2000-ci ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” yeni qanun qəbul edildi. Bu qanun media azadlığının hüquqi əsaslarını daha da möhkəmləndirdi.
Heydər Əliyev jurnalistlərin peşəkar fəaliyyətinə yüksək qiymət verir, onları dövlət tədbirlərinə daim cəlb edir, mətbuatla açıq dialoqa xüsusi önəm verirdi. Onun mətbuat konfransları siyasi kommunikasiya mədəniyyətinin nümunəsi hesab olunurdu.
Milli dövlətçilik və informasiya təhlükəsizliyi
Heydər Əliyev mətbuat azadlığını dövlətçilik məsuliyyəti ilə vəhdətdə görürdü. O yaxşı anlayırdı ki, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün informasiya təhlükəsizliyi milli təhlükəsizlik qədər vacibdir. Buna görə də o, jurnalistləri milli maraqları qorumağa, dövlətçilik mövqeyindən çıxış etməyə çağırırdı.
Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi dövründə Ulu Öndər informasiya savaşının əhəmiyyətini dəfələrlə vurğulamışdı. Onun təşəbbüsü ilə xarici mediada Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində sistemli fəaliyyət quruldu.
Məhz həmin siyasətin nəticəsidir ki, sonrakı illərdə Azərbaycan mediası beynəlxalq informasiya məkanında daha fəal mövqe tutmağa başladı.
Heydər Əliyev irsi və müasir Azərbaycan mediası
Bu gün Azərbaycan mediasının əldə etdiyi uğurların təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi strateji media siyasəti dayanır. Müstəqil mətbuatın formalaşması, söz azadlığının hüquqi əsaslarının yaradılması, milli jurnalistika məktəbinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır.
Prezident İlham Əliyev tərəfindən bu siyasət müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Medianın rəqəmsal transformasiyası, informasiya təhlükəsizliyi, peşəkar jurnalistikanın inkişafı istiqamətində həyata keçirilən islahatlar Heydər Əliyev yolunun müasir təzahürüdür.
Bu gün Azərbaycan mediası artıq təkcə ölkə daxilində deyil, beynəlxalq informasiya platformalarında da milli maraqları müdafiə edən güclü ideoloji vasitəyə çevrilib.
Əbədi yaşayan liderin işığında
Heydər Əliyev yalnız siyasi lider deyildi. O, xalqın milli yaddaşını özündə yaşadan böyük dövlət adamı, Azərbaycanın müstəqillik memarı və milli düşüncə məktəbinin banisi idi. Onun mətbuata münasibəti də məhz dövlətçilik fəlsəfəsindən qaynaqlanırdı. Çünki o bilirdi: azad söz olmayan yerdə sağlam cəmiyyət, güclü dövlət və milli birlik mümkün deyil.
Bu gün may günəşinin nurunda Ulu Öndərin 103 illik ömür salnaməsinə nəzər salarkən bir həqiqət daha aydın görünür: Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, onun ideyaları Azərbaycanın siyasi taleyində, dövlətçilik ənənələrində və milli mətbuatın inkişaf yolunda yaşayır.
Azərbaycan jurnalistikası özünün ən şərəfli səhifələrindən birini məhz onun adı ilə yazıb.
Tarix isə yalnız böyük insanları unutmur. Çünki böyük şəxsiyyətlər zamanın fövqünə yüksələrək millətin taleyinə çevrilirlər. Heydər Əliyev də belə dahilərdəndir – xalqının qəlbində əbədi yaşayan, dövlətinin sütunlarında daim görünən və Azərbaycanın sabahına işıq saçan qüdrətli lider.
Fəxarətlə deyə bilirik ki, Heydər Əliyev tərəfindən formalaşdırılan milli mətbuat siyasəti ölkəmizdə söz və informasiya azadlığının inkişafına mühüm zəmin yaratmışdır. Bu siyasətin əsas prinsipləri bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolu davam etdirərək mətbuatın inkişafına, jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasına və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə xüsusi diqqət ayırır. Müasir dövrdə Azərbaycan mediasının beynəlxalq informasiya məkanında daha fəal mövqe tutması, milli maraqlarımızın dünya ictimaiyyətinə çatdırılması və azad medianın inkişafı istiqamətində görülən işlər bu siyasətin uğurlu davamının bariz nümunəsidir.
Nurəngiz Adilqızı.