lider-media.az

“Xarıbülbül” festivalı-dünyaya yayılan zəfər səsimiz

Tarix: 14-05-2024, 17:33

“Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir”.

Bu fikirləri Prezident İlham Əliyev mayın 11-də “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışında bildirib.

 "Xarıbülbül" festivalı... Bu festival Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarının azad edilməsindən sonra qazandığı qələbənin əks-sədası, Azərbaycanın əzmkar ruhunun parlaq ifadəsidir. Azərbaycan üçün Şuşanın bərpası təkcə strateji qələbə deyil, həm də Qarabağa yeni nəfəs verən mədəni intibahdır. Mədəni irsə və tarixi əhəmiyyətə malik qədim Şuşa torpağında keçirilən festival Azərbaycanın zəngin bədii ənənələrinin və onun mədəni özünəməxsusluğunun geri qaytarılmasına, mənəvi sadiqliyinin canlı təntənəsinə çevrilib. Azərbaycan mədəniyyətində gözəllik və azadlıq rəmzi olan Xarıbülbülün adını daşıyan festival ənənəvi musiqi və rəqsləri ilə yenidən tamaşaçıların görüşünə gəldi.

     Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən mədəniyyət vasitəsilə həmrəyliyi, dostluğu, sülhü və tolerantlığı tərənnüm edən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunurdu.

     Dünyada mədəniyyət beşiyi kimi tanınan Şuşada keçirilən festivalın açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxışı zamanı bildirib ki, birinci vitse-prezident, birinci xanım, İCESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu qarşısına nəcib hədəflər qoyub. Fondun Qarabağın başqa yerlərində olduğu kimi, Şuşa şəhərinin abadlaşdırılması, yenilənməsi yükünü də öz üzərinə  götürdüyünü vurğulayan Baş direktor deyib: “Biz bu işlərin hər yerdə vüsət aldığının şahidiyik. Bu nümunəvi Fond qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir”.

     Festivalın ikinci günü mayın 12-də  Xan qızı Natəvanın Sarayı qarşıısında Mərakeşin “Tizwit” və Birləşmiş Ərəb Əmirliklərinin “Almazyood” musiqi qruplarının konserti ilə başlayıb. “Tizwit” və “Almazyood” musiqi qrupları açıq səma altında quraşdırılmış səhnədə özlərinə məxsus milli adət-ənənələr, folklor nümunələri ilə yaddaqalan musiqi nömrələri təqdim ediblər.

      Builki festivalda mədəniyyət  və incəsənət xadimlərinin təmsil  etdikləri ölkələr təsadüfü seçilməyib. İfaçılar və yaradıcı kollektivlər İCESCO-ya üzv ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Prezident İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

     Qədim şəhərdə rəssam və ifaçılar ənənə və müasirlik tellərini bir-birinə toxuyaraq öz yaradıcılıqları ilə Şuşa səmasını bəzədilər. Onlar musiqi və incəsənət vasitəsilə mədəni irsi qorumaq, sülh və firavanlıq içində qurulmuş gələcək üçün çalışmaq əzmini sübut etdilər.  Bu festival Azərbaycan xalqının, xüsusən də musiqi və rəqs sahəsində zəngin mədəni irsini işıqlandıran dəyərli ənənədir. Festival Azərbaycan xalqının sarsılmaz ruhunun, öz torpağına bağlılığının, mədəniyyətin təntənəsi olmaqla bərabər, həm də ümid və qətiyyətinin simvoludur.

     Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi  Festivalına mayın 13-də Laçın şəhərində yekun vuruldu. Həkəri çayı ətrafında açıq səma altında təşkil olunan “Aşıq mahnıları yeni səslənmədə” adlı konsert proqramı özəlliyi ilə yadda qaldı.

     Şair-publisist, Azərbaycan Yazıçılar  Birliyinin üzvü İlham Qəhrəman bütün laçınlıları salamlayaraq, 30 ilə yaxın davam edən Vətən həsrətinin sona yetdiyini və Laçının toylu-busatlı günlərə qovuşduğunu böyük şükranlıqla vurğulayaraq bu gün Laçının gözəlliyinin bütün görənləri valeh etdiyini bildirdi.

     Şuşadan başlayan “Xarıbülbül” festivalının Laçında davam etməsini yüksək qiymətləndirən şair bunu qala-şəhərin qardaş payı kimi qiymətləndirib və festivalın təşkilatçılarına minnətdarlığını ifadə etdi.

     Festival bütün iştirakçıların ifasında “Bütöv Azərbaycan” mahnısının sədaları altında yaddaşlarda əbədi qalacaq duyğulu anlarla başa çatdı.  

      Bəli, Xarıbülbül artıq Azərbaycanın dünya arenasında öz layiqli yerini tutmaq üçün əzmkar ruhunu, sarsılmazlığını bir daha sübut etdi. Bu il 35 yaşını qeyd edən festival Şuşada başlayıb və Laçın şəhərlərində yekunlaşdı. İnanırıq ki,  dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələrdən olan musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait   yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə də töhfəsini verəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi