lider-media.az

Demokratiyanın, siyasi plüralizmin, azadlığın daşıyıcıları

Baxış: 2115 Tarix: 19-07-2025, 10:10

Bir xalqın ruhu onun sözündə yaşayır. O söz ki, azadlıq üçün çırpınır, o söz ki, haqqı söyləməkdən çəkinmir, o söz ki, zamanın qaranlığında nur kimi doğur.

150 il əvvəl – 1875-ci ildə Həsən bəy Zərdabi xalqın maariflənməsi və oyanması üçün ilk azərbaycan­dilli qəzet olan “Əkinçi”ni nəşr etdirəndə, o, sadəcə bir nəşr yaratmırdı, bir millətin danışmaq haqqını tanıtdırırdı. “Əkinçi”nin səhifələri təkcə xəbər vermirdi, xalqın səsini, dərdini, ümidini, arzusunu daşıyırdı. Zərdabidən baş aldı bir qələm yolu, “Əkinçi” yazdı, xalq oyandı,  millət düşüncələrdə böyüyüb boy atdı. “Molla Nəsrəddin” gülüşlə deyirdi dərdi, “Füyuzat” isə intellektual gücümüzü göstərirdi. Sovet dövründə, təzyiqlər altında belə Azərbaycan mətbuatı ruhunu itirmədi. Amma bu yolun davamlı olması, sözün azad yaşaması və milli mətbuatın inkişafı üçün yeni mərhələ lazım idi. Məhz Heydər Əliyev bu missiyanı öz üzərinə götürdü.

     Dahi liderin  hakimiyyətdə olduğu dövrlərdə mətbuata və söz azadlığına verdiyi dəyər, milli jurnalistikamızın inkişafına güclü təkan verdi. Heydər Əliyev dəfələrlə bildirirdi ki, “Azərbaycanda azad mətbuatın, söz azadlığının təmin olunması demokratik cəmiyyətin əsas şərtidir.” Onun təşəbbüsü ilə 1998-ci ildə senzuranın ləğvi tarixi bir addım oldu. Bu, təkcə hüquqi qərar deyildi – bu, Zərdabinin başladığı yolun müstəqillik şəraitində rəsmi təsdiqi idi.

150 illik bu yol – Həsən bəy Zərdabidən Heydər Əliyevə, oradan da bu günümüzə qədər gələn milli ideya yoludur. Sözə dəyər verən, mətbuatı millətin aynası kimi qoruyan iradənin təntənəsidir bu yubiley.

Ulu Öndər. Ümummilli Lider. Bu fəxri adlar, qürur doğuracaq titullar hər bir dövlət rəhbərinə nəsib olmur. XX əsrin dahi şəxsiyyətlərindən biri Heydər Əliyev isə bu adları xalqı qarşısında xidmətlərinə görə qazanıb. Çünki həyatının böyük bir hissəsini dövlətə, dövlətçiliyə həsr edən Ulu Öndərin ölkənin hər bir guşəsində, bütün sahələrdə silinməz izləri var. Güclü iqtisadiyyat, peşəkar ordu yaradan bu dahi rəhbər ölkədə sosial, mədəni, idman  sahələrində inkişafı təmin edib. Həmdə milli mətbuatımızın himayədarı, jurnalistlərin yaxın dostu idi.

Məlumdur ki, 1920-ci ildə qurulan Sovet rejimi ilk vaxtlardan başlayaraq xalqın maariflənməsində, vətənpərvərlik ruhunun oyanmasında böyük rolu olan şəxsiyyətlərin repressiyasını həyata keçirir və mütərəqqi, demokratik fikri boğmağa çalışırdı. Rejimin repressiya maşını ölkənin istər mətbuatının, istərsə də ədəbiyyatının aparıcı simalarını sıradan çıxarmaqla keçmişi unutdurmağa, gələcəyi isə yalnız öz arzularına uyğun qurmağa cəhd edirdi. 1936-1940-cı illər arasında Azərbaycanda aradan götürülən ziyalılar isə dövrün ən aparıcı şəxsiyyətləri, mütərəqqi fikir sahibləriydilər.

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın da inkişafında əsaslı dönüş yaratdı. Məhz həmin dövrdə mətbuat sahəsində yüksək irəliləyiş nəzərə çarpmağa başladı. Ulu öndərin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibət aradan qaldırıldı, hər zaman ana dilinə böyük qiymət verdiyini nümayiş etdirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, demək olar ki, bütün qaranlıqlara işıq saldı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziya verilişlərinin yayımı genişləndirildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atıldı. Azərbaycanda çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərilirdi. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rol oynadı. Sovet İttifaqının dağılması ilə müstəqilliyini bərpa edən Azərbaycan mətbuatının da taleyi keşməkeşli oldu. Həmin dövrdə mətbuatda  böyük çətinliklərlə üzləşdi.

1991-ci ildə müstəqilliyimiz bərpa olunmaqla bərabər, ölkənin başını qara buludlar aldı. Səriştəsiz şəxslərin ölkə rəhbərliyinə gəlməsi, silahlı qruplaşmaların mübarizəsi və ölkədə qeyri-sabit vəziyyətin yaranması mətbuatın inkişafına maneələr törədirdi. Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat hakimiyyətinin mətbuata, jurnalistlərə münasibəti hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Məhz bu hakimiyyətin dövründə jurnalistlərə qarşı sui-qəsdlərin planlaşdırılması, özbaşınalıq, mətbuat işçilərini təqib etmək sanki adət halını almışdı. Hətta bəzi hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslər açıq-aşkar televiziyalara silahlı basqın etməkdən, canlı efirdən jurnalisti təhqir, təhdid etməkdən çəkinmirdi.

Belə çətin bir vəziyyətdə Azərbaycan jurnalistikası məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Ölkəyə başçılıq edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu tanıyır, əksinə, imperiya dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyata satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə həqiqətin xalqa çatdırılması onların siyasi iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. Bu problemlər Azərbaycan mətbuatının bərbad hala düşməsinə gətirib çıxarmışdı. Amma hər qaranlıq gecənin bir işıqlı səhəri olduğu kimi, Azərbaycanın da bu çətinliklərdən, böhrandan xilas olduğu gün gəlib çatdı...

Məhz 1993-2003-cü illərdə müasir Azərbaycan mətbuatı Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli, söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis olunması milli mətbuat ənənəsini davam etdirdi. 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.

1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru asanlaşdırıldı, mətbuatın inkişafı ilə bağlı tədbirlər davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyətlərdəndir. Bu dahi insan bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurmaqla və sonradan bu borcları ləğv etməklə iqtisadi böhranın girdabında boğulan mətbuat vasitələrini xilas etdi.

Ulu öndərin mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının təmin edilməsini, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Qeyd edək ki, 30 il işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi və suverenliyimizin tam bərpasını təmin edən birgünlük antiterror tədbirləri Azərbaycan tarixində xüsusi yer tutur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə aparılan bu müharibə ölkə mətbuatı üçün də bir sınaq oldu. Mətbuatımız bu sınaqdan uğurla, mətinləşərək çıxdı. Vətən müharibəsində qazanılan Qələbə regionda yeni reallıqlar yaradıb və müasir dövrümüzdə dövlətimizin informasiya siyasəti də məhz bu reallıqlara və çağırışlara uyğunlaşdırılır. 

Prezident İlham Əliyev media sahəsində müxtəlif xarakterli islahatların reallaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib, bu sahənin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.

Dövlət başçısının 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə KİV-in inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu, gözlənilən dəyişikliklərin və yeniləşmənin mesajı verildi. Yol xəritəsi rolunu oynayan “Media haqqında” Qanun qəbul edildi.

Bu kontekstdə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxsin yaradılması və Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi uğurla başa çatdırılaraq 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestrin fəaliyyətə başlaması da ölkə mətbuatı tarixində əlamətdar hadisədir.

Prezident İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun da mediaya iqtisadi güzəştləri özündə əks etdirir.

Belə ki, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, həmçinin onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi 2023-cü il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən və əlavə dəyər vergisindən azad edilir. Bu isə media subyektlərinin daima dövlətin diqqət və qayğısı iə əhətə olunduğunun göstəricisidir.

Ölkəmizdə söz və mətbuat azadlığının daim genişlənən hüdudlarına nəzər saldıqda milli mətbuatımızın məmnunluq doğuran mənzərəsini görürük. Bu mənzərəni yaradanlar isə bu gün mətbuatın 150 illik yubileyini böyük fəxarət hissi ilə qeyd etməyə hazırlaşan jurnalistlərdir. O, bəzən bir kəndin kimsəsiz yolunu işıqlandırır, bəzən bir ana fəryadını dünyaya çatdırır, bəzən də bir əsgərin təbəssümünü oxucuya hədiyyə edir. O, nə istirahət tanıyır, nə fasilə. Bayramda da iş başındadır, qışda da, qasırğada da… Çünki həyat dayanmır, jurnalist onunla addımlayır.

Bu gün azad, şəffaf Azərbaycan mətbuatı ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezidet İlham Əliyevin siyasi iradəsinin, Azərbaycanı yetkin informasiya cəmiyyəti kimi görmək istəyinin nəticəsidir.


Nurəngiz ADİLQIZI.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi