Mənimlə həmişə fəxr edəcəksiz


Vətən torpağı şəhid verilmədən azad olunmaz. Şəhidlər o zamana qədər əgər yalnız bir ailənin, kəndin və qəsəbənin tanıdıqları idisə, indi onlar bütün Azərbaycanın övladlarıdır. Onların məzarları hər birimizin and yeridir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Natiq Namiq oğlu Əhmədov 1997-ci il mart ayının 9-da Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində dünyaya göz açıb. Üç bacının tək qardaşı kimi böyümək məsuliyyətini artırmaqla yanaşı onu daha da gücləndirmişdi. Bacılarının hər çətinliyinə özünü yetirən, buna lap uşaqlıqdan vərdiş edən Natiq dar günündə vətənini də tək qoymadı. Natiq, 2020-ci il sentyabrın 29-da könüllü olaraq Vətən müharibəsinə qoşulur. Gedərkən yalnız bacısına xəbər verir, atasına isə heç nə demir ki, narahat olmasın. Lakin Natiqin atası Namiq təcili yardımda işlədiyindən, əsgər gedənlərin tibbi müayinəsi ona da həvalə olunubmuş. Əsgərlərin arasında oğlunu təsadüfən görür. Namiq həmin günü belə xatırlayır: “Həmin gün xəstəxanada növbətçi idim. Gecə saat 1-də Natiqi yoldaşları ilə birgə döyüşə özüm yola saldım. Oradan zəng edirdi ki, ata, salamatçılıqdır, irəliləyirik. Yaxşı olacaq, sizin intiqamınızı alacağıq, erməniləri qovacağıq torpağımızdan. “Oktyabrın 11-i sübh tezdən mənə zəng etdi ki, ata, hücuma gedirik Hadruta. Orada ola bilər ki, əlaqə saxlaya bilməyək. Ağır döyüşlər gedir, haqqını halal elə. Amma narahat olma, sən mənimlə həmişə fəxr edəcəksən.” Natiq Əhmədov elə oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olur. Uşaq yaşlarında anasını itirən Natiqin şəhadəti anasının öldüyü günə təsadüf edir. O, oktyabrın 13-də, elə anasıyla eyni gündə də dəfn edilir. Məzarı Binə Şəhidlər xiyabanındadır.
Döyüş yoldaşı Hüseyn Qurbanov Natiqin ölüm anını belə xatırlayır: “Hadrut istiqamətinə dağla qalxırdıq, hücuma keçirdik, ermənilər bizi artilleriya zərbəsinə tutdu. Mən Natiqlə birlikdə gedirdim, ondan bir az geridə idim. Axırıncı top mərmisi Natiqin yanına düşmüşdü. Mən gəlib Natiqə çatanda qan itirirdi. Çox qan itirmişdi, kömək edə bilmirdim. Başını aldım qollarımın arasına, dilini-dodağını islatdım, üzünü şillələdim ki, yatma, danış mənimlə! Beş-altı saniyə baxdı üzümə, dedi, gedirəm anamın yanına. Mən bölüyə çatanda bölük komandirinin ilk sualı bu oldu ki, “Natiq haradadır?” Dedim, Natiq yoxdur, dizlərimi yerə atıb başladım ağlamağa..." Döyüş yoldaşı onun qolundakı qanlı saatını və şəhid olduğu yerin torpağını yadigar olaraq götürür, qisasını alacağına söz verir və yaralandığı günə qədər Natiqin silahı ilə döyüşür. Komandiri Eldar Bəhramlı üçün Natiq çox əziz əsgər olub: “Bölüklə Hadruta girəndə şəxsi heyətə baxırdım, uşaqların çoxu yox idi. Mənim gözüm Əhmədov Natiqi axtarırdı... Üç gün, iki gün görmədiyin əsgəri sonra yenidən görürdün, elə bil dünyanı verirdilər sənə. Öz-özümə fikirləşdim ki, Əhmədov Natiq də haradadırsa, gəlib çıxacaq. Onun ölümü mənə çox təsir etdi”.
Prezident İlham Əliyevin sərəncamları ilə çavuş Natiq Namiq oğlu Əhmədov ölümündən sonra “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə"medalları ilə təltif olunub. Vətən üçün canından, qanından keçən Namiqin yaxınları üçün ən böyük təsəlli odur ki, heç bir şəhidin qanı yerdə qalmayıb.