lider-media.az

Sosial rifahın yüksəlməsində su təminatı mühüm sərtdir

Tarix: 5-06-2025, 21:10

Mən istəyirəm ki, hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilsin... Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.


Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. Bu gün də aktualdır. Yaxın tariximizə nəzər salsaq su probleminin həllinin müxtəlif mərhələlərdən keçdiyini, ayrı-ayrı dövrlərdə bu müqəddəs işin reallaşmasında təşəbbüs göstərən və ona rəhbərlik edən şəxslərin olduğunu görərik. XX əsrin əvvəllərində Şollar su kəmərinin, SSRİ dövründə Kür su kəmərinin çəkilişi xeyriyyəçi, neft milyonçusu Hacı Zeynalabdin Tağıyev və ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.

   

     Mənalı ömrünü xalqına həsr etmiş Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərd iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını sosial siyasətin prioritet sahələrindən biri hesab edən Ümummilli Lider respublika miqyasında su təchizatı  sistemlərinin müasir dövrün tələblərinə uyğun qurulması ilə bağlı böyük layihələrin təşəbbüskarı olmuşdur.

     Ötən əsrin 70-ci illərində Bakı şəhərinin içməli suya artan tələbatı Ulu Öndərin rəhbərliyi ilə Kür və Ceyranbatan su kəmərlərinin tikintisi sayəsində həll edilmişdir. “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nin həyata keçirilməsi üçün beynəlxalq maliyyə təşkilatlarından irihəcmli güzəştli kreditlərin alınmasında Ulu Öndər həlledici rol oynamışdır. Bakı şəhərinin su ilə təminatının yüksəldilməsinə səbəb olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi də ümummilli lider Heydər Əliyev olmuşdur. Bu mənada  əsrlərlə mövcud su probleminin həllinə xidmət edən, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin tarixi əhəmiyyəti daha böyükdür.

       2002-ci ilin dekabrında hökumət səviyyəsində Bakı şəhəri və Abşeron yarımadasının su təchizatının həlli məqsədilə yeni su kəmərinin tikintisi məsələsi müzakirə olundu. Ulu öndərin təşəbbüsü olan Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli 2007-ci ilin martında qoyuldu və aktiv tikinti fazası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. 2010-cu ilin dekabrında istifadəyə verilən su kəməri vasitəsilə nəql olunan  su bu gün Bakı əhalisinin demək olar ki, 80 faizindən çoxunu fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edir. Ümumiyyətlə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan dövlət proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı tədbirlər öz əksini tapır.  

       Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 11 iyun tarixli sərəncamı ilə “Azərsu” ASC yaradılıb.  Dövlət başçısının 14 may 2014-cü il tarixli sərəncamı ilə isə iyun ayının 5-i Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı günü təsis edilib.


      2015-ci il oktyabrın 28-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verildi. Dünyanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusu olan bu kompleksdə su ultrasüzgəc texnologiyasına uyğun, yüksək səviyyədə, heç bir kimyəvi təmizləmə aparılmadan mexaniki üsulla emal olunur və  təbii mineral tərkibi tam qorunub saxlanılır. Suyun istehlakçılara çatdırılması üçün infrastrukturlar vasitəsilə Abşeron yarımadasının bir sıra yaşayış məntəqələri yüksək keyfiyyətli içməli su ilə təmin olunur, uzun illər mərkəzləşdirilmiş su təchizatı sistemləri olmayan Türkan, Zirə  qəsəbələrinə bu mənbədən su verilir.

        Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan 69 Şərq və 110 Şərq anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində şəhərin Nizami, Xətai, Suraxanı, Sabunçu və digər rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib, minlərlə  binanın daxili su təchizatı sistemləri yenidən qurulub, hər bir mənzilə smart-kart tipli sayğac quraşdırılıb

      Son illər Bakı şəhəri və Abşeron yarımadasında həyata keçirilən layihələr əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. Bu layihələr 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla hazırlanmış “Abşeron yarımadasının su təchizatı, kanalizasiya sistemləri və yağış suları sistemlərinin Master Plan”ı çərçivəsində reallaşdırılır. Belə ki, “Azərsu” ASC-nin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Kürdəxanı qəsəbəsində içməli su şəbəkəsi tikilmişdir.  Ceyranbatan-Zirə kəmərinin inşası, həmçinin bir sıra yaşayış məntəqələrində yeni su təchizatı sisteminin yaradılması nəticəsində tarixən yeraltı və daşınan sulardan istifadə edən Qala, Şağan, Mərdəkan, Şüvəlan, Binə qəsəbələri, həmçinin Binəqədi, Mehdiabad, Digah, Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı yaşayış massivlərinin su təminatı ciddi şəkildə yaxşılaşmışdır.

     Yarımadada kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də bir sıra işlər görülmüşdür. Ötən müddətdə yeni kollektor və xətlər, çirkab sutəmizləyici qurğular tikilmiş, mövcud xətlər rekonstruksiya olunmuşdur. Yeni qazma texnologiyalarından istifadə etməklə Xocasən-Binəqədi - Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Zığ, Bayıl-Bibiheybət-Lökbatan tunel tipli kanalizasiya kollektorları tikilmiş,  14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya tunelinin inşası yekunlaşdırılmışdır. Lökbatan çirkab su təmizləyici qurğular kompleksinin ərazisində yeni nasos stansiyası quraşdırılmış, dənizə çıxış xətlərinin tikintisi başa çatdırılmış, Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğuları layihələri üzrə texniki-iqtisadi əsaslandırma və digər araşdırma işlərinin aparılması məqsədilə Böyük Britaniyanın Biater və onun yerli tərəfdaşı Nobel Oil şirkətləri ilə əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

        Hazırda Xəzər dənizinə, Bakı buxtasına axıdılan tullantı sularının qarşısı  alınmışdır. Bu isə Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi, Bakı şəhərindəki mövcud kanalizasiya kollektorlarının rekonstruksiyası nəticəsində mümkün olmuşdur. Böyük Şor gölünə axıdılan tullantı sularının qarşısıınn alınması “Ağ şəhər” layihəsi və “Yeni bulvar”ın tikintisi ilə əlaqədar həmin ərazilərdən keçən su və kanalizasiya sistemlərinin yenidən qurulması da bütövlükdə şəhərin infrastrukturuna müsbət təsir göstərmişdir. Bütün bunlar  “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda əsas hədəf kimi müəyyənləşdirilmiş istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məsələsinin uğurlu həllinin göstəricisidir.

      Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda içməli su və kanalizasiya sektorunda görülən işlər, həyata keçirilən layihələr beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Dünya Su Şurasının təmsilçiləri də ölkəmizin bu uğurunu xüsusi qeyd edirlər. Bunun nəticəsidir ki, 2013-cü ildən Dünya Su Şurasınına üzv olan “Azərsu” ASC bu təşkilatla sıx əməkdaşlıq edir. Bu isə ilk növbədə su ehtiyatlarının istifadəsi və qorunması, inteqrasiyalı idarə edilməsi sahəsində problemlərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərməyə imkan yaradır. Digər tərəfdən, bu üzvlüyün istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, yeraltı və yerüstü su ehtiyatlarının dəqiq qiymətləndirilməsi, daha mükəmməl sugötürücü konstruksiyaların tətbiqi, suyun keyfiyyət standartlarının təkmilləşdirilməsi, istifadə olunan suların dərin texnologiyalar əsasında təmizlənməsi və s. sahələrdə təcrübə mübadilələrinin aparılması baxımından da böyük əhəmiyyəti var.

   Yeni infrastrukturun yaradılması kompleks yanaşma tələb etdiyi üçün təbii ki, ilk növbədə müasir texnologiyalardan bacarıqla istifadə edən kadrların hazırlanmasına ehtiyac duyulurdu. Bu məqsədlə Fransanın “Suez Environment” şirkəti ilə təlim sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müqavilə bağlanmış, Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim Tədris Mərkəzi yaradılmışdır.   

     Bu gün "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası uğurla davam etdirilir. Ötən müddət ərzində bu istiqamətdə çox mühüm işlər görülmüş, proqrama uyğun olaraq bir sıra layihələr həyata keçirilmişdir.

       İşğaldan azad olunmuş ərazilərin su təchizatının yaxşılaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir. “Azərsu” ASC-nin həyata keçirdiyi layihələr çərçivəsində Şuşa şəhərini içməli su ilə təmin edən əsas mənbə olan kiçik Kirs mənbəyindən Şuşa şəhərinə çəkilmiş magistral su kəmərinin 5,7 kilometrlik hissəsi polad borularla yenidən qurulub.  Proseslər çətin relyefdə, mürəkkəb şəraitdə həyata keçirilib. Eyni zamanda Laçın və Kəlbəcər rayonlarında artıq hərbi və mülki obyektlərin su təsisatı ilə bağlı işlər görülüb.

     Hazırda 2024-cü ilin mart ayında su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmana əsasən yaradılan  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan yaşayış məntəqələrində mühüm layihələr həyata keçirilir. Belə ki, Cəbrayıl, Zəngilan, Füzuli və digər şəhərlərində sakinlərin keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunması üçün təxirəsalınmaz bərpa və tikinti işləri aparılır.

    Ümumiyyətlə, son illər əksər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış uğurlu siyasətinin əsas istiqamətini təşkil edir. Bu layihələr ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətə böyük töhfələr verir. Hədəf isə  hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır.


Nurəngiz Adilqızı.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2025    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi