UŞAQLAR HƏYATIN TƏBƏSSÜMÜ, XOŞBƏXT GƏLƏCƏYİDİR
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Dövlətimiz gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən inkişafını özünün ən ümdə vəzifələrindən biri hesab edir.
Bəli, hər evin, hər ailənin bəzəyi, yaraşığıdır uşaqlar. Uşaqlar həm də bir dövlətin, bir millətin sabahı, qiymətli sərvətidir. Onları fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Elə bu baxımdan dünyanın əksər ölkələrində, eləcə də Azərbaycan Respublikasında 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu gün uşaqların hüquqlarının qorunması, onların sağlam və xoşbəxt böyüməsi üçün xüsusi əhəmiyyət daşıyır. Uşaq hüquqları körpələrin doğulduqları gündən qanunla sahib olduqları təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının təyinində istifadə edilən universal anlayışdır. 1959-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsini” qəbul etdi. Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi. Sənəd dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd Uşaq Hüquqları Konvensiyasıdır. 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 54 maddədən ibarət “Uşaq Hüquqları Haqqında Konvensiya” qəbul edilmişdir. Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan beynəlxalq hüquqi sənəddir. Bu il həmin Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Uşaq hüquqları haqqında Konvensiyanın implementasiyası və BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən dövlətin dövri məruzələri üzrə verilmiş tövsiyyələrin icrası məqsədilə ölkədə normativ-hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, uşaqların müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
“Uşaqlar bizim gələcəyimizdir” deyən ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə onların böyük qayğıkeşi olmuş, təhsili, sağlamlığı, istirahəti və hüquqlarının qorunması naminə mühüm qərar və sərəncamlar imzalamışdır. Dahi şəxsiyyətin uşaq dünyasına göstərdiyi qayğı və diqqət bu gün onun layiqli davamçıısı, dövlət başçımız İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Son illər uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradılmış, davamlı olaraq uşaq hüquqları ilə bağlı qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaqların müdafiəsi, normal formalaşması, sağlam böyüməsinə yönəlmiş dövlət proqramları qəbul edilmişdir.
Uşaqların keyfiyyətli təhsil almaları, dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması ulu öndər Heydər Əliyevin ənənələrindən irəli gələn prinsiplərdir. Ulu öndərin təşəbbüsü ilə bir sıra beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minmişdir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasında da uşaqların hüquq və mənafelərinin müdafiəsi ilə bağlı müvafiq normalar təsbit edilmiş və uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti öz əksini tapmışdır. Konvensiya uşaqların əsas hüquqlarını təmin edərək bütün vətəndaşları uşaqların sağlam, təhlükəsiz və produktiv gələcəyi üçün çalışmağa çağırır. Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ənənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşaqların borcudur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 19 may tarixində Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanun qəbul edilmişdir. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq uşaqların hüquq və azadlıqlarının, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Bundan başqa, 1999-cu il iyunun 22-də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun bu qəbildən olan uşaqların sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən 2004-cü il 13 yanvar tarixində “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair Konvensiyaya qoşulma barəsində”, 2005-ci il 24 may tarixdə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunlar qəbul edilmişdir ki, bu sahədə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi uşaqların vəziyyətinin yaxşılaşdırılması, uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi baxımından yeni bir mərhələ açdı. “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanun imzalandı. Həmçinin, uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyümələrinə yönələn bir çox dövlət proqramları həyata keçirilmişdir. Hər bir dövlət proqramı uşaq hüquqlarının müdafiəsi, dövlət uşaq siyasətinin formalaşması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlmişdir. Ölkəmizdə uşaqların sağlamlıqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş, “Uşaqların icbarı dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik yeni qurulan ailələrin sağlam olmasına xidmət etməklə yanaşı, sağlam uşaqların dünyaya gəlməsinə, gələcək nəslin sağlamlığına xidmət edir.
Bu gün dövlət tərəfindən uşaqlara qayğı, onların hüquqlarının qorunması istiqamətində bütün zəruri tədbirlər görülür. Ölkəmizin gələcəyi olan uşaqlar çox xoşbəxtdirlər. Ona görə ki, güclü ordumuz və ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad edilməsinin şahidi oldular, ölkə tarixinə qızıl hərflərlə yazılan möhtəşəm qələbə sevincini yaşadılar. Böyük qələbənin səbəbkarları isə ürəklərində vətən sevgisi, parlaq gələcək və işıqlı sabaha doğru gedən yolun qəhrəmanları məhz “Mən öz xalqımı sevirəm, öz xalqımın vətənpərvəriyəm” deyən Ulu Öndərin siyasətini layiqincə davam etdirən dövlət başçısı Prezident İlham Əliyevin diqqət və qayğısı ilə böyümüş uşaqlar oldular. Bu isə, gənc nəsl üçün əsl vətənpərvərlik nümunəsidir.
Uşaqlar gələcəkdə kim olacaqlarını ata və analarından, müəllimlərindən, böyüklərdən öyrənirlər. Gələcəyimizin xoşbəxtlik və sevgi dolu bir dünya olmasını istəyiriksə övladlarımızı düzgün tərbiyə etməliyik. Onları yalandan, iftiradan uzaq tutsaq, onlara dünyanın necə gözəl bir yer olduğunu, oxumağın, elmin vacibliyini öyrətsək gələcəyimiz əmin əllərdə olar. Çünki sağlam gələcək sağlam gəncliyin çiyinləri üzərində dayanır.
Təkcə 1 İyun Uşaq Günündə yox, hər gün uşaqlarımıza daha çox sevgi, diqqət, qayğı və dəstək göstərək. Onların gülüşü, xoşbəxtliyi hər ən böyük mükafatdır.
Nurəngiz Adilqızı.