Hər daşının altında bir tarix yatan Şuşa
Alınmaz qala, Qarabağın tacı, mədəniyyətimizin beşiyi Şuşa Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biridir. Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərmiş, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirmişlər. Dövlət başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişə bilmədi.
XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarlarına çıxmış və bununla da böyük şöhrət qazanmışdı.
Qeyd edək ki, Şuşa qalası uzun illər boyu Qarabağ xanlığının paytaxtı olmuşdur. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanılmış və 1756-1757-ci illərdə tikilib başa çatdırılmışdır. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar vardır. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması barədə fikir söyləməyə əsas verir.
Ərazisinin 20 faizini meşələr təşkil edən şəhərin ümumi sahəsi 29356 hektardır. Şuşanın ətrafındakı meşə və dərələrdə müxtəlif müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklər geniş yayılmışdır. Şuşa rayonunda təsdiq edilmiş ehtiyatları 1143 min kubmetr olan və işğala qədər istismar edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min kubmetr/gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik 60 min kubmetr/gün və 25 min kubmetr/gün olan Şirlan və Turşsu mineral su yataqları vardır.1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən 450 hektar ərazini əhatə edən Daşaltı Dövlət Təbiət Yasaqlığı işğal dövründə tamamilə məhv edilmişdir.
Hər daşının altında bir tarix yatan qədim Şuşa özü boyda tarixi abidədir. Qarabağın ən dilbər guşəsi sayılan, gözəlliyi və nəcibliyi ilə hər kəsi heyran qoyan, Daşaltı çayının üstündə, Ağzıyastı kahanın yerləşdiyi Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşən Cıdır düzü təbiətin Şuşaya bəxş etdiyi əsrarəngiz gözəlliyi ilə insanı valeh edir. Mədəniyyət məbədi olan bu qədim şəhər əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair -rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, “Gövhər Ağa məscidi”, əsas ticarət mərkəzi olan “Rastabazar”, Daşaltı dərəsi, Cıdır düzü, möhtəşəm qala divarları, memarlıq üslubu ilə inşa olunan digər memarlıq inciləri ilə əsrlərdən-əsrlərə, nəsillərdən -nəsillərə yadigar qalmışdır.
Ədəbiyyat və incəsənət mərkəzi kimi görkəmli şəxsiyyətlərin vətəni olmuş qədim Şuşa, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimləri, görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınmışdır.
Məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar ilk dəfə 1989-cu ildə Şuşada Cıdır düzündə keçirilən "Xarıbülbül" Beynəlxalq Festivalı sonralar hər ilin may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə baş tutmuşdur. 1992-ci ildə 4-cü “Xarıbülbül” festivalı mayın 15-də keçirilməli, burada dünyanın 30-dan çox ölkəsindən 500 nəfər iştirak etməli idi. Lakin festival, Qarabağ müharibəsinin başlaması və Şuşa şəhərinin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən ələ keçirilməsinə görə ləğv edilmişdi.
1992-ci il mayın 8-də Ermənistan silahlı ordusunun hücumları nəticəsində Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu olan Şuşa işğal edildi. Yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu. İşğal nəticəsində Şuşadakı bir sıra mədəniyyət abidələri düşmən tərəfindən talan, tarixi abidələr məhv edildi.
Azərbaycanın ecazkar diyarı olan Qarabağa göz dikmiş erməni işğalçıları işğal etdikləri ərazilərdəki qədim Azərbaycan mədəniyyətinə və sənətkarlığına ciddi ziyan vuraraq, yerli toponimləri planlı şəkildə dəyişdirmişdir. Ancaq tarix yazısını dəyişdirmək mümkün deyil. Çünki tarix yalnız həqiqətdən keçir, həqiqət isə birdir: Qarabağ Azərbaycanın tarixi torpağı, ayrılmaz tərkib hissəsidir!
“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Bunu 30 ilə yaxın çəkən ayrılıq da göstərdi. Yuxularımızda gördük, Şuşa həsrəti ilə bu dünyadan köçənlərin yasını tutduq. Nə yaxşı ki, tarixi ədalət deyilən bir şey varmış. İllərlə mədəniyyətindən, mənəviyyatından, gözəlliyindən uzaq düşdüyümüz Şuşamızı qaytardıq. Qarabağımıza qovuşduq. Şuşanın Dövlət Bayrağı Günü ərəfəsində azad olunması diqqətçəkən məqamlardandır. Müqəddəs bayrağımız öz tarixinin ən şərəfli gününü yaşayır, indi o Şuşada qürurla dalğalanır və əbədi dalğalanacaq! Çünki Şuşanın azad olunması ilə şəhidlərimizin intiqamı alındı.
Ata vəsiyyətinə əməl edən Ali Baş Komandan İlham Əliyev “Qarabağ Azərbaycandır” şüarı altında Qarabağın baş tacı olan Şuşamızı düşməndən geri aldı və çox böyük fəxrlə: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” - bəyan etdi.
Alınmaz qala olan Şuşa xəyanətin qurbanı oldu. Qədim şəhər işğal altına düşəndə bizim əsas problemimiz güclü ordumuzun olmaması, ölkə rəhbərliyinin öz vəzifə borcunu yerinə yetirə bilməməsi idi. Beynəlxalq müstəvidə bütün ölkələrlə münasibətləri gərginləşmişdi, ölkə sözün əsl mənasında təcrid vəziyyətdə idi. Bu gün isə Azərbaycan dövləti etibarlı əllərdədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli inkişaf strategiyası dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Təsadüfi deyil ki, Şuşanın alınması əməliyyatı müasir dünya hərb sənətinin dərsliklərinə salınmışdır.
Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan Şuşaya xüsusi təyinatlılarımız gecə saatlarında, Daşaltı kəndi və Qəribəli kəndi tərəfindəki meşəlikdən daxil olmuşlar. Düşmənin 4 postunu məhv edəndən sonra Köhnə Qalanı və “Türmə”ni ələ keçirən əsgərlərimiz düşmənin hücumlarını dəf edərək şəhərdəki mövqelərini genişləndirməyə başlamışlar. Şəhərin yanındakı xüsusi təyinatlı qruplar isə Xankəndi- Şuşa yolunu nəzarətə götürmüşlər. Noyabrın 3-dən 4-nə keçən gecə şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olan xüsusi təyinatlılarımız zirehli texnikasız, topsuz, aviasiyasız 2 gün döyüşmüşlər. Noyabrın 6-da axşam saatlarında ordumuzun motoatıcı hissələri ölüm yağışı altında əlbəyaxa gedən döyüşlərə özlərini çatdırmışlar. Çünki orada nə səngər, nə istehkam, nə top, nə tank, nə də minaatan var idi. Olanları avtomat, tapança, əl qumbaraları, pulemyot və bıçaqlar idi. Ən böyük silahları isə Vətən təşnəsi, Yurd sevgisi və bir də kamuflyaj formanın sol döş cibində olan Azərbaycan bayrağı idi. Nəhayət, gərgin gedən döyüşlərdən bir neçə gün sonra Ermənistan məğlubiyyətini qəbul etdi və Azərbaycan müharibədə qələbə qazandı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ Bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”.
Azərbaycan xalqı bəlkə də bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi bəsləməmişdi. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayrağımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu.
8 may 1992-ci tarixində Ermənistan ordusu tərəfindən işğal olunan Şuşamız 8 noyabr 2020-ci il tarixində Azərbaycanın müzəffər, şanlı ordusunun vətən uğrunda apardığı müharibədə qazandığı qələbəsi nəticəsində işğaldan azad edildi. 8 may tarixində qətlə yetirilən şuşalıların və bu torpağın azad olunması uğrunda canından keçən şəhidlərimizin indi ruhu sevinir. Ruhunuz daima şad olsun! Qisasınız alındı! Qarabağ Azərbaycandır!
Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən genişmiqyaslı yenidənqurma,, bərpa və quruculuq işləri uğurla aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. "Böyük Qayıdış"a dair Dövlət Proqramının icrası çərçivəsində artıq Şuşadan olan məcburi köçkünlər doğma şəhərlərinə qayıdırlar. İgidlər məskəni, qonaqlı-qaralı Cıdır düzünün, uzun illər doğmalarının nəfəsinə həsrət qalan xarıbülbülün əsrarəngiz gözəlliyi ürəkləri riqqətə gətirən, fəxarət verici duyğulardır. Dövlət başçımızın da dediyi kimi: Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.
Nurəngiz ADİLQIZI.