1 May - Beynəlxal Əmək Günüdür
1 May. Bu günü keçmiş sovet adamları xüsusi bayram kimi yaxşı xatırlayırlar. Çünki sovet illərində bu bayram möhtəşəm səviyyədə keçirilirdi. Bayramdan bir neçə gün öncə bütün ölkə boyu – idarə, müəssisə və təşkilatlarda, məktəblərdə böyük çoşqu ilə hazırlıq prosesi gedirdi. Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilir, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürürdü. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilir, Sovet İttifaqının paytaxtına – Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilirdi.
1920-ci ildən başlayaraq respublikamızda zəhmətkeşlərin həmrəylik günü kimi qeyd olunan bayrama Azərbaycanın bütün şəhər və rayon kəndlərindən məktəblilər, zəhmətkeşlər qatılırdılar. Hər bir idarə, müəssisə, təşkilat bu paradda öz bacarığını, istehsal etdiyi məhsullarını nümayiş etdirirdi. Yüksək səviyyədə qeyd olunan tədbir televiziya və mətbuatda yayımlanaraq insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılayardı.
1 mayı, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti də böyük təntənə ilə qeyd etmişdi. Çünki bu bayramın tarixi dünya zəhmətkeşləri ilə bağlı olduğu üçün ölkəmizdə də keçirilməsi mütləq idi. Bu proletar bayramın əsas məqsədi cüzi maaş müqabilində insanların 15-16 saata qədər gündəlik iş rejiminə məhkum olunmasının qarşısını almaq, uşaq əməyinə qarşı aparılan sinfi mübarizəni sürətləndirmək və sosial sığorta ilə təmin edilmək idi.
Müstəqilliyimizin bərpasından sonra 1992-ci ildə isə bu bayram totalitar quruluşun ideoloji atributu kimi ləğv edildi. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 May ideoloji bayram kimi o sıraya daxil olunmadı.
Maraqlıdır, Azərbaycan zəhmətkeşləri zəhmətkeş deyildilər, bu günü qeyd etməyə haqları yox idi? Bəs görəsən səbəb nə idi ki, 1 may bayramı Azərbaycanda ləğv edildi?
Həmin dövrdə hakimiyyətdə olanlar İkinci Dünya müharibəsində iştirak edən azərbaycanlılara qarşı da birmənalı fikirdə deyildilər. 9 may-Qələbə gününün ləğv olunmasını, bu tarixin bizimlə əlaqəsi olmadığını əsaslandırmağa çalışırdılar. Lakin onların tezliklə ölkənin siyasi aləmindən uzaqlaşdırılması və Ümummilli Liderimizin hakimiyyətə gəlməsi ilə bu tarixi gün qoruna bildi. Ulu Öndər vurğuladı ki, İkinci Dünya müharibəsi yaşanan tarixdir, həmin müharibədə minlərlə azərbaycanlı həlak olub, sağlamlığını itirib. Beləliklə, bu tarix hər zaman anılmalıdır. Böyük şəxsiyyət bu addımı ilə minlərlə azərbaycanlı ailənin müharibədə itirdiyi əzizlərinə, evinə sağlamlıq imkanları məhdudlaşmış olaraq qayıdan övladlarına sayğısı və qayğısının olduğunu sərgilədi.
Yaxşı ki, AXC-Müsavat cütlüyü nümayəndələrinin hakimiyyət illəri uzun sürmədi, yoxsa daha hansı tarixlərin üzərindən qara xətlər çəkiləcəkdi... Torpaqlarımızın 20 faizdən artıq hissəsinin ermənilərə satılmasının ağrısını 30 il yaşadığımız kimi, bu kimi tarixi və əlamətdar günlərin də nə üçün bayramlarımızın siyahısından çıxacağına təəssüf edəcəkdik.
Uzun illər dünyanın zəhmətkeş insanlarının mücadiləsindən sonra 15-16 saatlıq iş rejiminin 8 saata endirilməsini bayram etməyin əslində nəyi pisdir ki?.. Bu gün ölkəmizdə rəsmi bayram kimi qeyd olunmasa da bu, insanlığın bayramıdır, insan hüquq və azadlığının qorunduğu gündür.
Artıq 126 ildir ki, 1 May dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Bəzi ölkələr isə bu günü zəhmətkeşlərin günü kimi deyil, yazın gəlişi, gözəllik və sevgi günü kimi qeyd edirlər. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir.
Nurəngiz Adilqızı.