Bugün Ümumdünya Teatr Günüdür
Ümumdünya Teatr Günü (ing. World Theatre Day) — hər il martın 27-də bütün dünyada qeyd olunan bütün teatr işçilərinin beynəlxalq peşə bayramı. Bu bayram ənənəvi olaraq "Teatr xalqlar arasında qarşılıqlı anlaşma və sülhün möhkəmləndirilməsi vasitəsi kimi" devizi altında keçirilir.
Ümumdünya Teatr Günü 1962-ci ildə Beynəlxalq Teatr İnstitutu tərəfindən təsis edilib. Hər il martın 27-də Beynəlxalq Teatr İnstitut Mərkəzləri və beynəlxalq teatr ictimaiyyəti tərəfindən qeyd olunur. Bu münasibətlə müxtəlif milli və beynəlxalq teatr tədbirləri təşkil olunur. Bunlardan ən mühümlərindən biri Ümumdünya Teatr Günü Beynəlxalq Mesajının tirajlanmasıdır ki, Beynəlxalq Teatr İnstitutunun dəvəti ilə dünya şöhrətli bir şəxs Teatr və Sülh Mədəniyyəti mövzusunda öz fikirlərini bölüşür. İlk Ümumdünya Teatr Günü Beynəlxalq Mesajı 1962-ci ildə Jan Kokto (Fransa) tərəfindən yazılmışdır.
1961-ci ilin iyununda Beynəlxalq Teatr İnstitutunun 9-cu Ümumdünya Konqresində əvvəlcə Helsinkidə, sonra Vyanada Finlandiya Mərkəzi adından Prezident Arvi Kivimaa təklif etmişdir. Beynəlxalq Teatr İnstitutu Ümumdünya Teatr Gününün təsis edilməsi haqqında qərar qəbul edib. Skandinaviya mərkəzləri tərəfindən dəstəklənən təklif alqışlarla qarşılandı.
Məlumat üçün bildirək ki,Teatrın vətəni qədim Yunanıstandır. Bu söz də yunan sözüdür, “tamaşa yeri” mənasını verir. Yunanıstanda qədim zamanlarda şərabçılıq ilahı (yəni allahı) Dionisin şərəfinə təntənəli bayramlar keçirilirdi. Azad yunanlar şəhər və kəndlərin küçələrində təntənəli gəzintilər təşkil edir, Dionis haqqında əfsanələrdən bütöv səhnələr oynayırdılar. Əvvəllər tamaşalar açıq havada, təpənin ətəyində göstərilərdi. Tamaşaçılar isə yamacda yer tutub otururdular. Təpənin ətəyində yunanca “skena” adlanan çadır qurulurdu. Burada aktyorlar paltarlarını dəyişirdilər. Sonralar çadır əvəzinə kiçik bina tikdilər. Tamaşa vaxtı burada dekorasiyalar asırdılar. Binanın qarşısında aktyorların və xorun çıxış etməsi üçün meydança – orkestra düzəldirdilər. Beləliklə, e.ə. V əsrdə Yunanıstanda teatr binaları tikməyə başladılar.
Qədim yunanlar teatrı çox sevir, onu “böyüklər üçün məktəb” adlandırırdılar. Tamaşalar yarış səciyyəsi daşıyırdı. Aktyorlar tamaşanın məzmununa uyğun maskalar taxırdılar. Parlaq rəngli maskaları ən arxa cərgələrdə belə oturanlar yaxşı görürdülər. Aktyorlar səhnədə hündür görünməkdən ötrü qalın altlığı olan xüsusi ayaqqabılar geyirdilər. Qadın rollarını da kişilər oynayırdılar. Hər il iki-üç teatr tamaşası göstərilir və hər tamaşa üç gün səhərdən axşamadək davam edirdi.
Qədim yunan əfsanələri teatra olduqca zəngin mövzu verirdi. Əfsanələr əsasında tragediyalar adlanan pyeslər yaranırdı. “Tragediya” sözü yunanca “keçilər mahnısı” deməkdir. Tragediyalarda qəhrəmanlar arasında gedən kəskin mübarizə, onların iztirabları, faciəsi, çox vaxt isə ölmələri təsvir olunurdu. İlk tragediyaları “faciənin atası” adlandırılan Esxil yazmışdır. Esxillə bir dövrdə yaşamış digər faciə ustası olan Sofokl “Antiqona” tragediyasının müəllifdir.
Gülməli səhnəciklərdən şən və məzəli pyeslər – komediyalar yarandı. “Komediya” yunan sözü olub, “şən sakinlərin mahnısı” mənasını verir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya tamaşaçıların rəyini nəzərə alaraq qələbəni ən yaxşı pyes müəllifinə və ən yaxşı aktyorlara verirdi. Onlar çələnglə və qiymətli hədiyyələrlə mükafatlandırılırdılar. Pyes müəllifləri son dərəcə böyük hörmətə malik idilər. Afina teatrında Esxilə və Sofokla heykəl qoymuşdular. Onları “müdriklik dahiləri” adlandırırdılar. Aristofan teatrın rolunu belə qiymətləndirirdi: “Müəllimlər oğlanlara ağıl öyrətdikləri kimi, şairlər də böyükləri tərbiyə edirlər”.
Teatr sonralar qədim Romada, Şərq ölkələrində – Çində, Hindistanda, Yaponiyada geniş yayıldı. 1948-ci ildə teatr ictimaiyyəti rəsmi olaraq YUNESKO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitutunda birləşdi.
Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdu. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdu.