1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı qəsd idi
Xalqımız 1992-1995-ci illərdə tarixin çətin sınağı qarşısında qaldı, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüz nəticəsində öz yurdunda məcburi köçkünə çevrilən yüz minlərlə insanın üzləşdiyi çıxılmaz və faciəli vəziyyət ölkəmizi humanitar fəlakətlə üz-üzə qoydu. Dinc insanlar müharibənin xofundan ümidsiz vəziyyətə düşdükləri üçün hara üz tutacaqlarını bilmirdilər, çətin suallar qarşısında qalmışdılar. Təcrübəsiz və naşı şəxslərin ambisiyaları nəticəsində rayonlar bir-birinin ardınca işğala məruz qalır, respublikada hakimiyyət böhranı yaşanır, qanunlar işləmir, silahlı dəstələr bütün bölgələrdə tüğyan edir, xaos, anarxiya, dərəbəylik baş alıb gedir, insanları ağır həyat şəraiti çıxılmaz vəziyyətə salırdı. Ən qorxulusu o idi ki, Azərbaycan dərin bir uçurumun kənarında, müstəqilliyini itirmək təhlükəsinin bir addımlığındaydı.
Bu gün müstəqilliyimizin bərpası və onun qorunub saxlanılması, torpaqlarımızın bütövlüyü, toxunulmazlığı istiqamətində atılan vacib, mühüm addımlar, dövlətimiz tərəfindən aparılan uğurlu islahatlar, ardıcıl olaraq keçirilən demokratik seçkilər, əhalinin güzəranının yaxşılaşmasına xidmət edən uğurlu amillərdəndir. Özündə vətəndaşlıq məsuliyyəti hiss edən hər bir soydaşımıza məlumdur ki, dövlətçiliyimizin azadlığı və müstəqilliyinin qorunub saxlanması, inkişaf etməsi bir sıra çətin yollar hesabına başa gəldi.
Bu ağrılı-acılı yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canlarından keçdilər. Lakin müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bir tərəfdən erməni-faşist daşnaklarının işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən də ac qurdlar kimi dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, dedikləri ilə oturub-duran yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Bu olaylarla əlaqədar Ulu Öndər Heydər Əliyev 1995-ci il martın 15-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa etdiyi tarixi müraciətində vətənimizə müstəqilliyimizə qarşı olan təzyiqlərin təkcə ayrı-ayrı dairələrin təzyiqi olmadığını vurğulamışdı: "Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqləri deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidlərisiniz".

16-17 mart tarixində isə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərmək istəyirlər. Hələ martın 14-də daxili işlər naziri "OMON"-un buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalamışdı. Əmrə görə, silahı könüllü təhvil verənlər törətdikləri əməllərə görə cəzalandırılmayacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində Ulu Öndər Heydər Əliyev "OMON"-çuları bağışlanmaq imkanı yaradan xüsusi Fərman imzalayır. Lakin XTPD-nin başçısı Rövşən Cavadov Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoydular.
Onu da bildirək ki, Ümummilli Liderimiz Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək, qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmişdi, onları əfv edəcəyini bildirmişdi. Hətta Cavadov qardaşlarının atası Bəxtiyar Cavadovla da söhbət aparmış, ona oğlanlarını vətəndaş müharibəsi və silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə etmişdi.
Dövlət çevrilişinə cəhd edən qeyri - qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idi. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. R.Cavadovun böyük iddiası vardı: dövlət başçısı olmaq. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri bütün bu hoqqabazlıqlara, xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə, heç bir nəticə vermirdi. Əksinə, belələri ictimaiyyətin qınağına tuş gəlir və ağır ifadələrlə təhqir olunmaqdan belə yan keçə bilmirdilər.
1995-ci il martın 16-dan 17-nə keçən gecə isə paytaxtın 8-ci kilometr qəsəbəsindəki "OMON" - çuların qərargahı yaxınlığında başlanan atışmada dünənədək cəbhə bölgəsində, erməni təcavüzkarları ilə savaşda səngər yoldaşı olmuş döyüşçülər üz-üzə dayandılar. Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal etdiyi bir vaxtda, Azərbaycanın paytaxtında bir qrup vəzifə hərisi hakimiyyəti ələ keçürmək üçün dövlətçiliyimizə qəsd edirdi. Onların hakimiyyət hərisliyi nəticəsində, qardaş qanı töküldü. Cavadov qardaşlarının hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək cəhdləri 22 hərbçi, 7 mülki şəxs, 1 polis və 8 XTPD əməkdaşının ölümünə səbəb olmuşdu. Hadisə nəticəsində, 105 nəfər yaralanmışdı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etmişdi.