Azərbaycan-Türkiyə əlaqələri əsrlər boyu inkişaf edən tarixi dostluqdan strateji müttəfiqliyə keçmişdir
Bu gün dünyada o qədər xaos və qarışıqlıq, hərcmərclik yaranıb ki, vəziyyət istənilən dəyişə, qeyri-müəyyən durum yarana bilər. Belə bir bir həssas və dəyişkən dönəmdə Türkiyə-Azərbaycan birliyinin çox böyük önəmi var. Ölkələrimiz arasında birlik və həmrəyliyin daha da güclənməsi bizi baş verə biləcək istənilən geosiyasi təlatümlərin mənfi təsirlərindən, fəsadlarından sığortalaya bilər.
Bu baxımdan, İğdır-Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan və Türkiyənin birliyini gücləndirən, iki qardaş ölkə arasında strateji tərəfdaşlığı və sarsılmaz dostluğu daha da irəliyə aparan mühüm hadisədir. Prezident İlham Əliyevin qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etməsi fonunda hər iki lider tərəfindən verilən mühüm bəyanatlar və birlik mesajları qlobal güclərin yaratdığı hazırkı geosiyasi xaos vəziyyətində Azərbaycan-Türkiyə əlaqələrinin keyfiyyətcə yeni, daha sıx birlik və tərəfdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərir. Türkiyə-Azərbaycan birliyinin daha da dərinləşməsi dəyişən dünya düzəni şərtlərində son dərəcə vacib məsələdir.Ona görə də dövlətimizin başçısının İqdır-Naxçıvan qaz xəttinin açılış gününün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gün olduğunu vurğulaması heç də təsadüfi deyil. İğdır-Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan-Türkiyə birliyinin, dostluğunun, qardaşlığının göstəricisi və əyani sübutu olmaqla yanaşı, ölkələrimiz arasında iqtisadi əməkdaşlığı, mənəvi həmrəyliyi daha da gücləndirir və eyni zamanda, Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda həqiqətən də sabitləşdirici amil olduğunu təsdiqləyir.
İqtisadi əlaqələr də bu strateji müttəfiqliyin təməl daşlarını təşkil edir. İki ölkə arasında ticarət dövriyyəsi, enerji əməkdaşlığı, infrastruktur layihələri və digər sahələrdə birgə fəaliyyətlər bu münasibətlərin dayanıqlı olmasını təmin edir.
2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard ABŞ dollarına çatıb. 2024-cü ildə isə Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi 20 milyard dolları keçib. Bu rəqəmin gələcəkdə artacağı və iqtisadi əlaqələrin daha da möhkəmlənəcəyi gözlənilir. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarük edir. Bu əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə güclənib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi də Azərbaycanın qazını Türkiyə vasitəsilə Avropaya ixrac etmək üçün böyük bir imkan yaradıb. TANAP Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biri olmaqla, iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirir. Bu layihələr həmçinin Azərbaycan və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır.
2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə arasında mühüm layihənin əsası qoyuldu. İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi hər iki ölkənin dövlət başçılarının iştirakı ilə gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu strateji infrastruktur layihəsinin təməlini qoymaqla iki ölkə arasındakı enerji sahəsindəki əməkdaşlığın güclənməsinə böyük bir töhfə verdilər.
Bu qaz kəməri layihəsi, xüsusilə Naxçıvan Muxtar Respublikasının enerji təchizatı üçün əhəmiyyətli addımdır. Naxçıvanın hazırkı qaz təchizatı bir qaynağa bağlı olduğundan bu yeni boru kəməri regionun qaz təchizatının şaxələndirilməsinə imkan verəcək və tək mənbədən asılılığı aradan qaldıracaq. Layihə həmçinin Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm rol oynayacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında imzalanan Anlaşma Memorandumuna əsasən kəmərin tikintisinə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamı ilə layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrıldı. Layihə, həmçinin 2023-2027-ci illər üçün qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın prioritetlərindən biri olaraq yer aldı. Boru kəmərinin ümumi uzunluğu 97,5 kilometr təşkil edir, bunun 17,5 kilometri Azərbaycan ərazisində, 80 kilometri isə Türkiyə tərəfində yerləşir. Kəmər gündəlik 2 milyon, illik isə 730 milyon kubmetr ötürmə qabiliyyətinə malikdir. Bu, Naxçıvanın qaz ehtiyacını tamamilə təmin edəcək və regionun iqtisadi inkişafı üçün mühüm bir infrastruktur yaradacaq. İğdır-Naxçıvan qaz kəmərinin tikintisi iki ölkə arasında strateji əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bu layihə Azərbaycan və Türkiyənin bölgədəki siyasi və iqtisadi güclərini birləşdirərək regional sabitliyin təmin edilməsində mühüm amil olacaq.
Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan iştirak edərək layihənin əhəmiyyəti barədə fikirlərini bölüşdülər. Prezident İlham Əliyev vurğuladı ki, bu layihə Naxçıvanın enerji təhlükəsizliyini tam təmin edəcək və Azərbaycan qazının Türkiyə üzərindən Naxçıvana nəqli muxtar respublikanı enerji asılılığından xilas edəcək. Dövlət başçısının sözlərinə görə, bu kəmər Naxçıvanın təbii qaz ehtiyacını 30 il ərzində qarşılayacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Azərbaycan qazının Avropaya çatdırılması sahəsində əməkdaşlığın dərinləşdiyini və İğdır-Naxçıvan layihəsinin iki ölkə arasında strateji tərəfdaşlığın yeni simvoluna çevriləcəyini bəyan edib.
Bu kəmər təkcə Naxçıvanın enerji təhlükəsizliyini təmin etməklə kifayətlənmir, eyni zamanda Azərbaycan və Türkiyə arasındakı iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Regionda yeni enerji xəritəsi formalaşır və bu xəritədə Bakı və Ankara mühüm rol oynayır.
Hər iki ölkə hərbi və təhlükəsizlik sahəsində də, yüksək səviyyədə əməkdaşlıq edirlər. Bu dövrdə Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirməklə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlıq edərək hərbi texnologiyaların qarşılıqlı mübadiləsini təmin etdilər. Azərbaycanın müasir hərbi infrastrukturu Türkiyənin qabaqcıl hərbi təcrübəsi və yüksək texnologiyaları ilə uyğunlaşdırılaraq ölkənin regionda güc balansını formalaşdırdı.
Azərbaycan və Türkiyə arasındakı münasibətlər geniş regional və beynəlxalq çərçivədə əsaslı strateji müttəfiqliyə əsaslanır. Bu əlaqələr qarşılıqlı iqtisadi maraqlar və siyasi məqsədlərlə məhdudlaşmır, hər iki ölkə həm də regional təhlükəsizlik məsələlərində bir-birinə dəstək verirlər. Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında hər iki ölkənin ortaq strateji maraqları mövcuddur. Bu kontekstdə Azərbaycan və Türkiyə öz ərazi bütövlüklərini qorumaqla yanaşı, bölgənin ümumi sabitliyini və davamlı sülhü təmin etmək üçün sinxron şəkildə fəaliyyət göstərirlər.
İki ölkənin güclənən qardaşlıq bağları bütün Türk aləminin inkişafına təkan verir. 7 dövləti və bir neçə ərazini özündə birləşdirən türk dünyası həm ərazi, həm də ideoloji baxımından bir-biri ilə sıx əlaqəli olub, birgə inkişaf və inteqrasiyanı hədəfləyir. Türk dünyasının liderləri - Türkiyə və Azərbaycan bu coğrafiyanın siyasi və strateji yönlərini müəyyənləşdirən əsas güc mərkəzləri olaraq çıxış edir. Türk Dövlətləri Təşkilatı bu dövlətlər arasında müttəfiqlik səviyyəsini yüksəldərək birliyin möhkəmləndirilməsi yolunda ciddi addım atmışdır. Təşkilat türk dövlətləri arasında, müasir dövrün geosiyasi reallıqları nəzərə alınaraq, ortaq maraqların müdafiəsi, həmçinin birgə inkişafın təşviqi məqsədi daşıyır. TDT yalnız bir müstəvi üzərində əlaqələrin dərinləşməsi deyil, həm də bu dövlətlər arasında inteqrasiyanın fəlsəfi əsaslarını formalaşdırır.
Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ilin noyabr ayında İstanbulda keçirilən TDT-nin VIII Zirvə Görüşündə çıxış edərək Türk dünyasının vahid birliyi və strateji inteqrasiyasının vacibliyini vurğulamışdır. Bu birliyin yalnız siyasi deyil, həm də mədəni və tarixi təməllərə dayandığını ifadə edərək Türk dünyasının gələcəyinin qorunması üçün ortaq strateji vizyonun formalaşdırılmasının zəruriliyini qeyd etmişdir: "Bizim gələcəyimiz, birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır".
Zirvə toplantısında Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsində qazanılan qələbənin Türk dövlətlərinin, xüsusən də Türkiyənin Azərbaycanın yanında yer almasının nəticəsi olduğunu xüsusi qeyd etmişdir. Bu, həm də Türk dünyasının təhlükəsizlik sahəsində hərbi əməkdaşlığın mühüm təməlini formalaşdırmağın vacibliyini bir daha göstərir. Azərbaycan və Türkiyə TDT-dəki fəaliyyətləri ilə təşkilatın beynəlxalq siyasi və iqtisadi stabilliyinə böyük töhfə verir. Hər iki ölkənin təşkilatın birgə layihələrində fəal iştirakı onların regional və qlobal təsir gücünü artırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Qazaxıstanın "KazMunayQaz" şirkətinin İdarə Heyətinin sədri Asxat Xassenov və Özbəkistanın "Uzbeknefteqaz" şirkətinin İdarə Heyətinin sədri Baxodirjon Sidikovu qəbul edib. Bu görüş Türk dövlətləri arasında enerji sahəsində daha dərin əməkdaşlığın təzahürü olaraq qiymətləndirildi. Dövlətimizin başçısı bu əməkdaşlığın növbəti mərhələyə keçməsi üçün hazırlıq işlərinin uğurla reallaşdığını vurğuladı. Bu, Azərbaycan, Qazaxıstan və Özbəkistan, ümumilikdə türk ölkələri arasında münasibətlərin inkişaf etdirilməsində mühüm addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin fevral ayında Milli Məclisdəki andiçmə mərasimində Türk Dövlətləri Təşkilatının Azərbaycanın beynəlxalq siyasətindəki prioritet təşkilat olduğunu vurğulayaraq bu təşkilatın Türk dünyasının birgə dəyərlərini, mədəniyyətini və tarixi bağlarını təmsil etdiyini qeyd etmişdir: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlıq əlaqələri Azərbaycan və Türkiyə xalqlarının arasında möhkəm dostluq və əməkdaşlıq körpüsü qurulmasına şərait yaradır. Cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki ölkə enerji, təhlükəsizlik, ticarət və mədəniyyət sahələrində sıx əməkdaşlıq etməklə yanaşı, beynəlxalq müstəvidə də bir-birinə dəstək verir. Bu qardaşlıq münasibətləri ulu öndər Heydər Əliyev və Süleyman Dəmirəl arasında əlaqələrə bənzəyir. Heydər Əliyev və Süleyman Dəmirəl Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlərin qurulmasında və inkişafında mühüm rol oynamış, iki ölkə arasında güclü dostluq və əməkdaşlıq münasibətlərinin təməlini qoymuşdular. Bu gün prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətlər bütün sahələrdə əməkdaşlığı artırmış, iki ölkənin beynəlxalq arenada daha möhkəm mövqeyə sahib olmasına şərait yaratmışdır.
Prezidentlər hər iki ölkənin milli maraqlarını ön planda tutaraq qlobal siyasətdə daha güclü əlaqə qurmuşlar. Liderlər həm daxili, həm də beynəlxalq siyasətdə hər iki ölkənin gücünü artırmış, Azərbaycan və Türkiyənin dünya səhnəsində daha təsirli olmasına zəmin yaratmışlar.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycanın haqlı mübarizəsinə tam dəstək verərək Ermənistanın təcavüzkar siyasətinə qarşı birmənalı və qətiyyətli mövqe sərgilədi. Bu, Azərbaycanın hərbi uğurlarını təmin etməklə yanaşı, bölgədəki qüvvələr balansını da yenidən müəyyənləşdirdi. Türkiyənin göstərdiyi siyasi, diplomatik və hərbi dəstək Azərbaycanın münaqişədəki qələbəsini daha da möhkəmləndirdi.
İqtisadi sahədə də Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Hər iki ölkə iqtisadiyyatlarını diversifikasiya etmək və dünya bazarlarında daha qüvvətli mövqelər tutmaq məqsədilə birgə strateji addımlar atmışdır. Azərbaycanın zəngin enerji resursları ilə Türkiyənin müasir sənaye və istehsal gücü bu əməkdaşlığı daha da dərinləşdirir və qarşılıqlı faydalı bir tərəfdaşlıq yaradır. Xüsusilə enerji sektoru, nəqliyyat infrastrukturu, avtomobil sənayesi və kənd təsərrüfatı sahələrində həyata keçirilən layihələr hər iki ölkənin iqtisadiyyatlarını gücləndirərək regionda iqtisadi sabitliyin və inkişafın təmin edilməsinə töhfə verir.
Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi son illərdə mütəmadi olaraq artmışdır. Bu artım strateji tərəfdaşlığın dərinləşməsinin təzahürüdür. Həmçinin Türkiyə Azərbaycanın infrastruktur layihələrində əsas tərəfdaşlardan biri olmaqla, bu sahədəki genişmiqyaslı layihələrdə fəal iştirak edir. İki ölkə arasında hər il keçirilən sərgilər, biznes forumları və iqtisadi zirvələr qarşılıqlı investisiya və texnoloji mübadiləni stimullaşdırmaq məqsədi daşıyır. Bu tədbirlər iki dövlətin iqtisadi əlaqələrinin yeni zirvələrə qalxmasını təmin edərək regional və qlobal bazarlarda daha da güclü yer tutmağa imkan verir.
Regional və beynəlxalq miqyasda baş verən geosiyasi dəyişikliklər Azərbaycanın və Türkiyənin əməkdaşlığını yeni səviyyəyə qaldıraraq hər iki dövlətin dünya siyasətindəki rolunu və təsirini daha da gücləndirir. Bu strateji əlaqələr siyasi və hərbi sahələrdə yeni müttəfiqliklər və güc balansları qurulmasına şərait yaradacaq.
Azərbaycan və Türkiyənin mədəniyyət, turizm, təhsil və idman sahələrində birgə əməkdaşlığı iki ölkə arasındakı birgə əməkdaşlığı əlaqələrin möhkəmlənməsinə xidmət edir, qarşılıqlı layihələr iki xalqın ortaq tarixinin, mədəni irsinin və dəyərlərinin təbliğinə imkan yaradır. Beləliklə, bu əməkdaşlıq sadəcə dövlətlərarası münasibətləri deyil, həm də xalqlar arasında dərin mənəvi bağları möhkəmləndirir. Azərbaycan və Türkiyə müasir geosiyasi mühitin dinamikasına uyğun olaraq regional və beynəlxalq arenada öz mövqelərini daha da möhkəmlətməyi hədəfləyirlər.
Azərbaycan və Türkiyə arasındakı əlaqələr əsrlər boyu inkişaf edən tarixi dostluqdan strateji müttəfiqliyə keçmişdir. Bu keçid dünyada güc balansının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. İki qardaş xalq müxtəlif dövrlərdə bir-birinə qarşılıqlı dəstək verərək beynəlxalq səhnədə mühüm güc mərkəzi yaradıb. Onların birgə səy və mübarizələri qlobal güc strukturlarında daha balanslı və ədalətli bir düzənin formalaşmasına təkan verir.
Azərbaycan və Türkiyənin birgə fəaliyyəti möhkəm dostluq və müttəfiqlik münasibətlərinin dərin təməllər üzərində daha da inkişaf edəcəyini göstərir. Bu inkişaf iki ölkənin gələcəyinə olan ümidləri daha da gücləndirir. Beləliklə, Azərbaycan və Türkiyə bütün Türk dünyasının və qlobal siyasi düzənin gələcəyinin əsasını qoyan qüvvəyə çevrilir.