lider-media.az

QARADAĞLI Soyqırımı-33

Baxış: 17 Tarix: 17-02-2025, 10:13

     

 Qaradağlı kəndi - Xocavənd rayonunun, eləcədə  Dağlıq Qarabağın ən qədim yaşayış məntəqələrindən biri olan bu kənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun üzərində, dağətəyi ərazidə yerləşir. 1988-ci ildən, Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı ilk gündən Qaradağlı kəndinin də faciəli günləri başladı. Kənd sakinləri tam mühasirə şəraitində olmalarına baxmayaraq erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb, böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə apardılar. Bu illər ərzində onlarla kənd sakini erməni silahlı birləşmələrinə qarşı qeyri-bərabər döyüşlərdə canlarını fəda etmiş, Vətən, doğma torpaq uğrunda Şəhid olmuşdular.Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti – Qaradağlı soyqırımını həyata keçirdilər. 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olunmuş, kənddə olan 118 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən əksəriyyəti gənclər olmaqla 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə güllələnmiş, öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtmüşlər. Əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə azad edilmişdir. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüş, 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyn qətlə yetirilmiş. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur. 146 uşaq yetim qalması ilə nəticələnən Qaradağlı  faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir.

Ermənilərin Qarabağda Azərbaycan xalqına qarşı həyata keçirdikləri qanlı cinayətlərdən biri də Qaradağlı faciəsidir. 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi, əslində, bir günün, bir gecənin hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. Yerevanda və ermənilərin Qərbdə olan himayədarları tərəfindən hazırlanmış plana uyğun olaraq 1988-ci ilin əvvəllərindən etibarən Dağlıq Qarabağın iqtisadi geriliyi pərdəsi altında vilayətin Ermənistana birləşdirilməsi üçün Xankəndidə və Yerevanda tətillər keçirilir, mitinqlər təşkil edilirdi. Vəziyyət getdikcə daha da gərginləşir, Qarabağın dağlıq hissəsində azərbaycanlı əhaliyə qarşı təzyiqlər, təqiblər, silahlı hücumlar təşkil edilirdi. Əsas məqsəd azərbaycanlıları Dağlıq Qarabağdan sıxışdırıb çıxarmaq idi. 1991-ci ilin sonları - 1992-ci ilin əvvəllərində Qarabağda vəziyyət daha da ağırlaşdı. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək, dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. 1991-ci ilin noyabr - 1992-ci ilin fevral aylarında Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Meşəli, Qaradağlı kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər.

Qarabağ müharibəsində Xocavənd rayonunun ən çox faciəyə düçar olan, ağrı-acı yaşayan kəndlərindən biri Qaradağlıdır. Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılar baş qaldırdığı andan Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlandı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.

1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomobil ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 oğlan, 6 qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.

1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilən, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir və girov götürüldülər, onların növbəti məşəqqətləri başlandı.

Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti silos quyusunda yaralı halda diri-diri basdırıldı. Sakinlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

Qaradağlı kənd sakini Məhəmmədəli Bayramov 1990-cu ildən başlayaraq ermənilərin silahlı hücumlar etdiyini bildirib: “Ermənilər kəndə mebel satmağa gələn 3 nəfəri öldürdülər. Sonra kəndin yaxınlığındakı mal fermasında 1 nəfəri yaraladılar. 1991-ci ildə həm kəndi, həm də mal fermasını atəşə tutmağa başladılar. Biz fermaya gedəndə gördük ki, aralarında qadınlar da olmaqla 6 nəfəri yandırılıb. Kəndin mal-qarasını kənara çıxan kimi aparırdılar. 1992-ci ildə vəziyyət daha da gərginləşmişdi. Kənd sakinləri mənə dedilər ki, gedim kömək gətirim. Əvvəlcə Ağdama qərargaha gəldim. Artıq Malıbəyli kəndi də işğal edilmişdi. Qaradağlıdakı qadınları, uşaqları və qocaları çıxartmaq üçün vertolyota ehtiyac var idi. Vertolyot istəmək üçün Gəncəyə getdik. Oradan da əliboş qayıtdıq. Özünümüdafiə dəstələri və polislərlə birgə Ağdamdan Xocavənd istiqamətində yarıb keçmək istəyimiz də alınmadı. Gülablı kəndindən meşə ilə Qaradağlıya doğru gedəndə həmkəndimizlə - Vidadi Hüseynovla qarşılaşdıq. Dedi ki, kənd işğal edildi. Tək o qaça bilib. Camaatı Xankəndi tərəfə aparıblar... Ermənilər kəndimizin sakinlərinə qarşı dəhşətli cinayətlər törətdilər. Bizim ailədən də 4 nəfər – atam, qardaşım, bacım qətlə yetirildi, bir qardaşım itkin düşdü...”

Faciəsinin şahidi Oruc Əliyev illər keçməsinə baxmayaraq, hələ də həmin günləri xatırlayanda dəhşətə gəldiyini bildirərək deyib: “Ermənilər fevralın 14-də kəndə hücuma keçdilər. Düşmənə inadla müqavimət göstərdik, gecə-gündüz döyüşdük. Ayın17-də gülləmiz qurtardı. Kənd sakinlərini iki “KamAZ”a yığıb apardılar. Bir hissəmizi kəndin kənarındakı “Pir” deyilən yerə qədər piyada gətirdilər. Yolda Şahmurad kişini öldürdülər. Burada “KamAZ”a mindik, Eldarı yerə düşürdülər, ağacla döyüb öldürdülər. Bəylik bağından keçəndə Tut bağının qırağında “KamAZ”ı saxladılar. Dedilər 10 nəfər düşsün. Telman özü ilə götürdüyü qumbaranı ermənilərə tərəf atdı. Düşməndən neçə nəfər öldü bilmirəm. Bizi atəşə tutmağa başladılar. Maşındakıların çoxu öldürüldü. Mən yaralanmışdım. Sonra yola düşdük. Yolda Elmdarı düşürdülər. Ondan xəbərimiz olmadı. Məni və bir neçə kənd sakinini Malıbəyli körpüsündə digər həmkəndlilərimizdən ayırıb Xankəndinə apardılar. Bizi səhərə qədər döydülər. Səhər çölə çıxanda gördüm ki, həbsxananın qabağında bizim camaat yerə yıxılıb, ermənilər də üstləri ilə ora-bura gedirlər. Bizi “KamAZ”a mindirib Əsgərana gətirdilər. Əsgəranda məşəqqətli günlərimiz başlandı. Bizə olmazın işgəncələr verdilər, döyürdülər, ac-susuz saxlayırdılar. Bir gün erməni nəzarətçisi İlqara dedi ki, üzünün bir tərəfinin tükünü səhərə kimi əllərinlə yolmasan səni güllələyəcəyəm. Səhərə qədər birimiz İlqarın üzündəki tükləri yolduq, digərimiz üfürdük... Sonra İlqarı bizdən ayırıb apardılar. İki nəfər Qaradağlı, 28 nəfər Xocalı sakini bir yerdə idik. Hər gün bizi aparıb döyürdülər. Xocalı işğal olunandan 3 gün sonra məni növbəti dəfə döyməyə apardılar. Qaytaranda qaldığım kameraya deyil, xocalılıların saxlanıldığı kameraya saldılar. İçəri Xocalı sakinləri ilə dolu idi. Ermənilər tez-tez gəlir, qapını açıb bıçaqla, tapança ilə içəridəkiləri öldürürdülər. Səhərə qədər o qədər adamdan 4 nəfəri sağ qalmışdı, hamısını öldürmüşdülər. Bizimkilər Ağdamdan Əsgərana hücum etmişdilər. Ermənilər Əsgəranı tərk edirdilər, bizi Noragah kəndinə aparıb anbarın zirzəmisinə saldılar. Ermənilər mənim də, digər girovların da qızıl dişlərini kəlbətinlə çıxardı. 43 gün orda qaldıq. Suyun içində saxlayırdılar, döyürdülər, işgəncələr verirdilər. Xocalı sakinlərindən neçəsi acından, soyuqdan, döyülməkdən dünyasını dəyişdi... Bu gün sağam, yaşayıram, amma əsirlikdə çəkdiklərim, o müdhiş günləri, əzab-əziyyəti ağır yük kimi özümlə daşıyıram”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi