lider-media.az

Ermənilər yaxşı bilir: anklav kəndlər onların deyil

Baxış sayı: 189 Tarix: 2-04-2024, 13:09

      Azərbaycan bu gün Cənubi Qafqazda əmin-amanlığın bərpa olunmasında  maraqlı və söz sahibi olan tərəfdir. Hazırda Azərbaycanla Ermənistan arasında  baş nazirlərin müavinlərinin  rəhbərlik etdikləri işçi qruplar tərəfindən kommunikasıyaların açılması, sərhədlərin delimitasiyası və digər məsələlərlə bağlı görüşlər keçirilir, danışıqlar aparılır. Xüsusilə, Azərbaycan və Ermənistan arasında münasibətlərin sülhə doğru irəlilədiyi bir məqamda işğal altında qalan 8 kəndin geri qaytarılması ilə bağlı müzakirələr intensivləşib. Qeyd edək ki, bu kəndlərin yeddisi Qazax rayonunun – Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndləridir. Bunların içərisində Yuxarı Əskipara, Barxudarlı və Sofulu Ermənistan ərazisində yerləşir, işğal altında olan Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna daxildir. Bu kənd də  Ermənistanın ərazisi ilə əhatə olunan anklavdır.  Ermənistanın Tovuz və Ararat vilayətlərinin əhatəsində yerləşən anklav kəndlərimiz  1990-cı illərdə, Birinci Qarabağ müharibəsi  zamanı ermənilər tərəfindən işğal olunub.  İşğal faktına görə kəndlərin heç birində azərbaycanlı əhali qalmayıb. Doğma yurdlarından didərgin düşən  əhali  Qazax rayonu ərazisində məskunlaşdırılıbdır.

     Məlum olduğu kimi, anklavlar sovet dövründə yaranıb. Bu gün Azərbaycan haqlı olaraq həmin kəndlərin qaytarılmasını  tələb edir. Çünki ölkəmizin hələ də erməni işğalında olan ərazilərini azad etmək beynəlxalq hüquq çərçivəsində tanınan haqqıdır.İkinci Qarabağ müharibəsi və bir günlük antiterror əməliyyatlarından sonra Azərbaycan işğal altında olan torpaqlarını azad etsə də sözügedən 8 kənd hələ də erməni işğalında qalır. Ölkəmizin rəsmi mövqeyi ondan ibarətdir ki, iki dövlət arasında sərhədlərin delimitasiya prosesi çərçivəsində bu kəndlər qeyd-şərtsiz qaytarılmalı və heç bir danışıqlar predmeti olmamalıdır. Ermənistan manipulyasiya edir, amma dolayı yolla bildirir ki, bu kəndlər onlara aid deyil.

     Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların martın 7-də 7-ci görüşü zamanı delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə mühüm addımlar atılıb. İlkin mərhələdə Azərbaycan tərəfi 4 kəndin qaytarılmasını tələb etmişdir. Məlumdur ki, işğal altında olan 8 kəndlə bağlı Ermənistan daxilində fikir ayrılığı var. Məsələnin həlli istiqamətində Paşinyan ölkədaxili qüvvələrdən ehtiyat edərək, sərhədlərin delimitasiyası məsələsini ləngidir. İkinci Qarabağ müharibəsinin bitməsindən 3 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də 8 kəndin azad edilməsi istiqamətində Ermənistan heç bir addım atmayıb. Qonşu dövlət kənar qüvvələrin müdaxiləsi nəticəsində tərəddüd keçirsə də, Azərbaycan tərəfi məsələnin danışıqlar yolu ilə həllinə üstünlük verir. Qarşıda duran əsas vəzifə Ermənistanla sərhədlərimizin müəyyənləşdirilməsidir. Bunun üçün də sadəcə sovet dövrünə aid bir deyil, bir neçə xəritədən istifadə olunacaq. Ermənistan baş naziri 1975-ci ilin xəritələrini gündəmə gətirməyə çalışsa da, həmin xəritələrdə anklavlar göstərilməyib. Bu isə Paşinyanın demarkasiya və delimitasiya işlərini anklavlar istisna olmaqla aparmaq istədiyinin sübutudur. Azərbaycan tərəfi prosesin 1990-1993-cü illərin xəritələri əsasında həyata keçirilməsini daha məqsədəuyğun hesab edir.

     Baş nazir Nikol Paşinyanın martın 12-də keçirdiyi mətbuat konfransında Tovuz rayonuna bitişik olan kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu təsdiqləyib. Baş nazir bildirir ki, bu kəndlər Ermənistanın suveren ərazisində deyil, 1990-cı illərdə müharibə nəticəsində nəzarətə götürülüb. Əgər Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr olan ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlama verirsə, o zaman, anklav kəndlərlərin qaytarılmasını da təmin etməlidir. Qədim Azərbaycan torpaqlarında özlərinə dövlət quran haylar çox yaxşı bilirlər ki, onlar buralara gəlmədir. Nəinki 8 anklav kənd, bütövlükdə Ermənistan özü qədim Azərbaycan ərazisində yerləşir.  

     Bəli,  Azərbaycan  44 günlük Vətən müharibəsiydə qazandığı böyük qələbəylə 30 illik işğala son qoyaraq Qarabağ və Şərqi Zəngəzur torpaqlarını azad etdiyi kimi, anklav kəndlərini də erməni əsirliyindən xilas etməkdə israrlıdır.  Prezident İlham Əliyev  yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq deyib: “Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri  yerləşdirilməlidir. Yəni bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi