lider-media.az

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Tarix: 29-03-2024, 12:07

Ölkə iqtisadiyyatında və əhalinin məşğulluğunda mühüm rolu olan aqrar sektora göstərilən dövlət dəstəyi, müvafiq sahənin inkişafı istiqamətində həyata keçirilmiş islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəşt və yardımlar bu sahənin inkişafına əhəmiyyətli dərəcədə zəmin yaradır.

Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qubada keçirilən III “Aqrobiznesin İnkişafı Forumu”nda çıxışı zamanı söyləyib.

Nazir bildirib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, ixrac potensialının artırılması və kənd yerlərində rifahın yüksəldilməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesinin formalaşdırılması əsas hədəflənən istiqamətlərdəndir. Bu istiqamətdə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin və şəffaflığının artırılması, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə bir sıra institusional islahatlar həyata keçirilib. Eyni zamanda, bütün növ vergi ödəmələrindən azad olan aqrar sektorda fermerlərə dəstək üçün müxtəlif növ subsidiya və kredit mexanizmləri mövcuddur. Bununla yanaşı, aqrar biznes sektorunu dəstəkləmək üçün aqrar bazar ədalətli rəqabətə açılıb. Hazırda xarici və yerli şirkətlər heç bir bürokratik prosedur olmadan müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilirlər.

“Qlobal iqtisadiyyatda aqrar sahənin inkişafına təsir edən başlıca amillərdən biri məhz iqlim dəyişikliyidir. Torpaq və su resurslarının məhdud olduğu ölkəmiz də iqlim dəyişikliklərinin mənfi təsirinə ən çox məruz qalan ölkələrdəndir. Bu səbəbdən ölkə başçısı tərəfindən sosial-iqtisadi inkişafa dair baxış və strategiya müəyyən edilərkən, ekoloji dayanıqlılığa və yaşıl artıma diqqət prioritetlərdən biri kimi qəbul edilir. Bu baxımdan 2024-cü il cənab Prezidentin müvafiq Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, torpaq və su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır”, - deyə nazir vurğulayıb.

Nazir forumda çıxışı zamanı qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Məcnun Məmmədov bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Çərçivə Konvensiyası üzrə Tərəflərin Konfransına bu il Azərbaycan ev sahibliyi edəcək: “COP29-un Azərbaycanda aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında və daha geniş iqtisadi inkişaf üçün maliyyə dəstəyinin təmin edilməsində mühüm rolu olacaq. Bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək. Bu baxımdan forumun gündəliyində yaşıl maliyyə və iqlimə davamlılıq üzrə həyata keçiriləcək tədbirlər paneli yer alır. Həmin paneldə qlobal iqlim dəyişikliyinin aqrar və ekoloji sahəyə təsirlərinin azaldılması, bu istiqamətdə dövlət tərəfindən icra edilən layihə və proqramlar, beynəlxalq təcrübədə tətbiq edilən innovativ üsullar, eləcə də bu istiqamətdə özəl sektorun rolu mövzuları ətrafında müzakirələr aparılacaq”.

Nazir kənd təsərrüfatı sahəsində sadəcə regional deyil, beynəlxalq əməkdaşlığın da əhəmiyyətli olduğunu qeyd edib.

“Bu istiqamətdə nazirlik olaraq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik. Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlıq bizim üçün prioritetdir. TDT ölkələri geniş və məhsuldar kənd təsərrüfatı torpaqlarına, müxtəlif iqlim tiplərinə və zəngin su ehtiyatlarına malikdir. Bir çox kənd təsərrüfatı məhsullarının mühüm istehsalçısı və ixracatçısı olan TDT ölkələri aqrar istehsal baxımından böyük potensiala malikdir. İnanıram ki, TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorda ümumi problemlərin həllinə və regionda aqrar sektorun inkişafına töhfə verə bilərik. Hazırda forumda öz nümayəndələri ilə iştirak edən TDT-nin öz təcrübələrini bu gün bizimlə bölüşməsi çox sevindirici haldır”, - deyə nazir əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi