Azərbaycan Dövlət Gerbi: Müstəqilliyimizi təcəssüm etdirən qürur simvolu
MÜSTƏQİLLİYİMİZİ TƏCƏSSÜM ETDİRƏN DÖVLƏT RƏMZLƏRİNİ QORUMAĞA BORCLUYUQ
Xalqımız hər zaman qədim tarixi, zəngin mədəniyyəti, bütün dünyaya nümunə sayıla biləcək milli - mənəvi dəyərləri ilə qürur duyur. Dövlət rəmzlərimiz də mövcudluq nişanəsi kimi dünyaya xalqımızın inkişaf etdiyini, müstəqil ölkəyə sahib olduğunu bəyan edir. Dövlət atributlarımız dövlətçiliyimizin keçdiyi tarixi inkişaf yolunu əks etdirir, xalqımızın qüdrətini göstərir. Ulularımızdan bizə miras qalan tarixi irs bu gün də müasir Azərbaycanın inkişafında mühüm rol oynayır. Azərbaycan öz müstəqilliyini əldə etdiyi dövrlərdə xalqın milli kimliyi hesab edilən dövlət atributları yaradılmışdır. XX əsrdə xalqımız iki dəfə öz dövlət müstəqilliyini əldə etsə də, əsrin əvvəlində bu müstəqilliyi qoruyub saxlamaq mümkün olmamışdır. Azərbaycan xalqı ilk dəfə 1918-ci il mayın 28-də, ikinci dəfə isə 1991-ci il oktyabrın 18-də imperiya əsarətinə qarşı mübarizə nəticəsində milli azadlıq, dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti iki ilə yaxın mövcudluqdan sonra müstəqilliyini itirsə də, milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətə başlaması ilə müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini bərpa etdi. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin atributlardından, rəmzlərindən biri Azərbaycan Respublikasının Dövlət gerbidir. Dövlət gerbinin layihəsi 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründən hazırlansa da, o illərdə qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdı. 28 aprel 1920-ci il rus Sovet istilası və milli dövlətimizin süqut etməsi bu ümummilli, dövlət əhəmiyyətli məsələni həll etməyə imkan vermədi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırdı. Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olundu və 1993-cü il yanvarın 19-da Konstitusiya qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən biri müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq edilib. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamədə Dövlət gerbinin rəngli təsviri haqqında deyilir: “Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır, ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə, qalxanın düymələri və palıd qozaları qızılıdır
Məlum olduğu kimi, dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş silahlarından biri olub, qəhrəmanlıq rəmzidir. Qərbdəkilərdən fərqli olaraq, Şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu bildirməyə xidmət edir. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türkçülüyü, müasirliyi və islamçılığı təcəssüm etdirir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin rəmzidir. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində “əbədi, daimi, sonsuz həyat” mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə “əmin-amanlıq, sülhsevərlik, barış” mənalarını ehtiva edir. Günəşin mərkəzində alov təsviri "Odlar Yurdu”nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli (Novruz bayramında oda münasibət) ənənələr də nəzərə alınıb.
Müstəqilliyimizi təcəssüm etdirən dövlət rəmzlərinə hər bir Azərbycan vətəndaşı sevgi və hörmətlə yanaşır. Müqəddəs bildiyimiz dövlət rəmzlərini qorumağa borcluyuq. Gələcəyimiz olan, yeni nəslə Dövlət bayrağına, gerbinə və himninə dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi üçün mühümdür.
Nurəngiz Adilqızı.