Unutsaq, unudularıq..
Xatirələrdə yaşayan insan
Jurnalistika sahəsinə yenicə qədəm qoyduğum yetmişinci illər idi. Çalışdığım yerli “Məhsul” qəzetinin redaksiyası rayon mərkəzində yerləşir, biz əməkdaşlar müxtəlif sahələrdən məqalələr yazırdıq. Məni daha çox istedadlı gənclər, istehsalat qabaqcılları, ziyalılar maraqlandırırdı. Təcrübəli qələm yoldaşlarım işgüzar söhbətlər zamanı ziyalılardan söhbət düşəndə ilk sırada həkim Telman Şirinovun adını çəkirdilər.Düzü, mən hələ Telman həkimi görməmişdim, tanışlığım da yox idi. Sən demə, Telman həkim rayon mərkəzində, elə redaksiyanın yaxınlığında yaşayırmış.
Bir gün nahar fasiləsi zamanı redaksiyanın qarşısında dayanmışdıq. Yanımızdan uca boylu, yaraşıqlı, son dərəcə sadə geyinmiş bir nəfər salam verib keçdi. “Bu kimdir?”- soruşdum. “ Hər gün barəsində danışdığımız Telman həkimdir, tibb elmləri namizədi”, - dedilər. Şəxsən tanış olmasaq da, bu ziyalı insanla ilk görüşümüz belə oldu.Onda heç ağlıma da gəlməzdi ki, tezliklə Telman həkimlə aramızda səmimi dostluq münasibətləri yaranacaq...Aramızda təxminən 15 il yaş fərqi olsa da, bu bizim dostluğumuza, səmimi söhbətlərimizə, yaradıcılıq münasibətlərimizə əsla mane olmurdu.Sonralar Telman həkimin maraqlı ömür yolu ilə yaxından tanış olduqca, mən bu ziyalı, xeyirxah insanl hər dəfə sanki yenidən kəşf edirdim.
Telman Xudaş oğlu Şirinov 15 iyun 1936 – cı ildə Biləsuvar ( o vaxtkı Puşkin) rayonunun Əmənkənd kəndində anadan olmuşdu. Biləsuvar rayonunda orta təhsilini başa vurduqdan sonra 1959-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna ( indiki ADTU) qəbul olunmuşdu. İnstitutu bitirdikdən sonra təhsilini Moskvada A. V. Vişnevski adına İnstitutunun aspiranturasında daavm etdirmiş, 1970 – ci ildə Tibb elmləri namizədi alimlik dərəcəsi almışdı.Əmək fəaliyyətinə doğma rayonunda başlayan və uzun illər burada işləyən Telman həkim daha sonralar Bakıda müxtəlif institut və xəstəxanalarda həkim – cərrah, həkim – reanimotoloq, kardioloq və şöbə müdiri kimi çalışmışdı. Yenidən Biləsuvara qayıtdıqdan sonra taleyini ğmrünün sonuna kimi çalışdığı rayon mərkəzi xəstəxanası ilə bağlamışdı.
Həkim ixtisasına yiyələnərək insanların sağlamlığının keşiyində dayanmaq, onlara sevinc bəxş etmək Telmanın əb böyük arzusu idi. Xəstələr bu sadə, xoşgüləş həkimə inanır, onun əllərindən şəfa tapırdılar. Telman həkimin gündəlik fəaliyyətində xəstələrə diqqət və qayğı, isti münasibət əsas yer tuturdu. Elə bunun nəticəsidir ki, bu gün də rayonumuzda insanlar onu ehtiramla xatırlayır, dərin hörmətlə yad edirlər.
Telman həkimin ömür-gün yoldaşı Lətifə xanım da onun həmkarı idi. Tələbəlik illərindən bir-birlərinə könül vermişdilər. Bir həkim kimi Lətifə xanım da öz sadəliyi və nəcibliyi ilə rayonda böyük hörmət qazanmışdı. Bu iki nəcib, xeyirxah insan arasında olan saf məhəbbət ömürlərinin sonuna kimi beləcə də davam etdi. Onlar həyatda da, işdə də bir-birlərini gözəl tamamlayırdılar. Tale bu ziyalı ailəyə sonradan həyatda bacarıq və qabiliyyətləri ilə öz layiqli yerlərini tutmuş övladlar bəxş etmişdi. Övladlarının hər birinin çox yaşıdlarının həsəd apardığı xüsusi istedadı var idi.
İxtisaca fizik olan Namiq Şirinov hələ orta məktəbdə təhsil ala-ala , eyni zamanda Novosibirsk Universitetinin nəzdindəki Qiyabi Fizika – Riyaziyyat Məktəbini əla qiymətlərlə başa vurmuşdu. Bakı Dövlət Universitetin tələbəsi olarkən Moskovada iki illik Qiyabi Praktiki Psixologiya Məktəbini də bitirmişdi. Universiteti fərqlənmçə diplomu ilə bitirən Namiq Şirinov ali məktəb tələbələri üçün dərslik kimi nəzərdə tutulan “ Atomlar... kvantlar...insanlar “ adlı ikicildlik elmi kitab yazmış, daha sonradan roman və povest, hekayələr kitablarının müəllifi kimi Azərbaycan Yazıçılar Birlyinin üzvü olmuşdur.
İndi respublikada çox məsul vəzifə tutan Namiq Şirinov məktəbi gümüş medalla bitirmişdi. Natiq də, elə Namiqin özü də , - hələ orta məktəb illərindən şahmatın sirlərinə dərindən yiyələnmiş usta şahmatçı kimi tanınırdılar. Dəfələrlə müxtəlif yarışlarda iştirak etmiş, uğurlar qazanmışdılar. Hər ikisi şahmat üzrə idman ustalığına namizəd idi. Riyaziyyata böyük həvəs göstərən Natiqin Moskvada dərc olunan nüfuzlu “Kvant “jurnalında müxtəlif məqalələri dərc olunmuşdu.
Telman həkim həm də yaradıcı insan, hələ tələbəlik illərindən poeziya vurğunu, söz xiridarı idi. İncə rübabı vardı. Gərgin iş saatlarından sonra şeir yazmaq, ürəyinin atəşini misralara köçürmək onun ruhunu dincəldirdi. Ustad Şəhriyarın yaradıcılığını çox yüksək qiyməyləndirir, o zirvəni əlçatmaz sanırdı.
Bu sevginin işığında yazdığı “ Şəhriyarnamə” poema-dastanı 2001 – ci ildə nəşr olunaraq rəğbətlə qarşılanmışdı, əl - əl gəzirdi. Bu poema dastana yazdığı ön sözdə görkəmli yazıçımız Əlibala Hacızadə: “Mən sənin “ Şəhriyarnamə”ni birnəfəsə oxudum,xoşum gəldi. Şəhriyar şeirinin işığında sənət zirvəsinə qalxırsan”, - deyə Telman Biləsuvarlı yaradıcılığına yüksək qiymət vermişdi.2008 – ci ildə nəşr olunan “Atatürklə belə gəldi bu dünya” kitabına görə isə Telman Biləsuvarlı 2009 – cü ildə Türkiyə Yazarlar Birliyinin üzvü seçilmişdi. Bu, rayonumuzda əlamətdar bir ilk idi.
Söz xiridarı , özünə Biləsuvarlı ləqəbini götürmüş Telman həkim istedadlı oğlu Namiq Yanarın qeyd etdiyi kimi, təbi gələndə, “ bu çətin, səbr və iradə” tələb edən yoldan ayrıla bilmirdi. İlham pərisi onun daimi sirdaşı idi, - desəm, əsla yanılmaram.
Düz 20 il əvvəl mənə öz avtoqrafı ilə verdiyi “ Bir söz istəyirəm” şeirlər toplusu 2003 – cü ildə işıq üzü görərək, oxucularına sevinc gətirmişdi. Namiq Yanarın ön sözdə qeyd etdiyi kimi, bu toplu “ Telman Biləsuvarlının fikir, düşüncə, xəyal və arzu karvanının sarbanı” idi.
Yüksək ziyalı, həkim-şair Telman Biləsuvarlı bir şeirində vətənpərvərlik hisslərini belə ifadə edirdi:
Başımızın üzərində dalğalanan bayrağımız,
Qanımızla bəhrələnən, azad olan torpağımız,
Çətin gündə dayağımız, qaranlıqda çırağımız,
Ən şərəfli ünvanımız, - gözəl Azərbaycanımız!..
Telman həkimdə güclü həyat eşqi, qurub – yaratmaq, özündən sonra iz qoymaq arzusu vardı:
Yüz yaşda at minsəm, gəraylı taxsam,
Futbolda qol vurub, qabağa çıxsam,
Ayda kosmonavtın əlini sıxsam,
Telman öz həddini aşdı, - deməyin.
Bir şeirində isə qocalığın gəlməsini çox tutarlı “insanın nimdaş paltarda görünməsi”, - kimi təsvir edirdi.Özünü musiqi janrında da sınamışdı Telman həkim. Bir çox bəstəkarlar tərəfindən “ Mübarək”, “Bəlkə görüşdük”, “ Can verir bala Təbrizim”, “Qaratelim” və başqa şeirlərinə mahnılar bəstələnmişdi. Onun mübariz şair Xəlil Rza Ulutürkün şəhid oğlu
Təbrizə həsr etdiyi “ Can verir bala Təbrizim” mahnısı 1995 – ci il 05 iyulda Respublika Sarayında Xəlil Rza Ulutürkün Prezident səviyyəsində keçirilən gecəsində gözəl müğənnimiz Səkinə İsmayılova tərəfindən ifa edilmişdi. Bu mahnıların sədası həkim – şairin gələcək nəsillərə ən böyük töhfəsi, ərməğanıdır.Həmişə ruhən cavan olan Telman həkim hər görüşmüzdə gələcək arzularından danışardı.Ömür vəfa qılsaydı, biz bu nurlu insanın hələ çox böyük uğurlarının şahidi olacaqdıq. Amma, nə edəsən ki, həyat əbədi deyil...Gözəl həkim, istedadlı şair Telman Biləsuvarlı 2012- ci ildə dünyasını dəyişsə də, dostlarının, onu tanıyanların xatirəsində həmişə yaşayır. Bizi ötən, o unudulmaz günlərə qaytaran xatirələrsə çox şirin olur...
Mirzə Müşfiq, Azərbaycan Yazıçılar Birliyinin üzvi, "Tərəqqi" medallı