Cari ildə təhsil sahəsində hansı uğurlar əldə edildi? Ekspert açıqladı
“2024-cü ildə Azərbaycan təhsilində əlamətdar 24 hadisə:
1. Qarabağ Universitetinin açılması: Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamına əsasən Xankəndi şəhərində Qarabağ Universiteti yaradıldı. 2024-2025-ci tədris ili üzrə universitetə 1104 tələbə qəbul edildi”.
Lider-media.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov deyib.
O digər əsas məqamları da sadalayıb:
“2. İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlaması: 2024-2025-ci tədris ilində İtaliya-Azərbaycan Universitetinə ilk dəfə tələbə qəbulu keçirildi və 160 plan yeri ayrıldı.
3. İşğaldan azad edilmiş ərazilərdə tədris prosesinin əhatəsinin genişləndirilməsi: 2024-cü ildə Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəb və Laçın rayonu Sus kəndində 132 şagird yerlik tam orta məktəb açıldı.
4. Məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid: Bu ildən etibarən bəzi məktəblərdə hər bir şagird üçün ayrıca maliyyə ayrılaraq adambaşı maliyyələşmə sisteminə keçildi.
5. Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi: 2024-cü ildə ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan 11 218 tərbiyəçi-müəllimin diaqnostik qiymətləndirilməsi keçirildi.
6. PISA tədqiqatında iştirak: Azərbaycan 2024-cü ildə “Məktəblər üçün PISA” tədqiqatına qoşularaq, ümumi təhsil müəssisələrinin beynəlxalq səviyyədə qiymətləndirilməsini təmin etdi.
7. Yeni dərsliklərin hazırlanması: 2024-2025-ci tədris ili üçün 67 adda (52 yeni, 15 təkmilləşdirilmiş) dərslik və metodiki vəsait hazırlandı.
8. Məktəbəhazırlıq qruplarına qəbul: 2024-cü ildə 93 211 uşaq məktəbəhazırlıq qruplarına qəbul edildi.
9. Birinci sinfə qəbul: 2024-2025-ci tədris ili üzrə 134 min uşaq birinci sinifə qəbul edildi.
10. Yeni təhsil müəssisələrinin tikintisi və təmiri: 2024-cü ildə 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparıldı, bunlardan 46-sı yeni tikili və ya yeni korpus, 11-i isə əsaslı təmir olundu.
11. Məktəb direktorları ilə islahatların müzakirəsi: Elm və təhsil naziri Emin Əmrullayev məktəb direktorları ilə görüşərək, 2024-cü ildə qazanılmış uğurlar və perspektiv məsələləri müzakirə etdi.
12. Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi: 2025-ci ildə dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərcləri üçün 570 milyon manat ayrılması nəzərdə tutuldu.
13. Məktəblərdə inklüziv təhsilin təşviqi: 2024-cü ildə təhsil müəssisələrində psixoloji xidmətlərin gücləndirilməsi və inklüziv təhsilin təşviqi məsələlərinə xüsusi diqqət yetirildi.
14. Elektron xidmətlərin genişləndirilməsi: Təhsil sahəsində vətəndaşlara göstərilən elektron xidmətlərdən daha effektiv istifadənin əhəmiyyəti vurğulandı və bu sahədə şəffaflığın artırılması istiqamətində addımlar atıldı.
15. Məktəb-icma əməkdaşlığının inkişafı: 2024-cü ildə məktəb və icma arasında əməkdaşlığın inkişafı prioritet məsələlərdən biri kimi müəyyən edildi.
16. Müəllimlərin sertifikatlaşdırılması prosesi: Təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdirilərək, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər görüldü.
17. Məktəbəqədər təhsil müəssisələrinin təmiri: 2024-cü ildə 70 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşdı, 100 müəssisədə işlər davam edir, 64 müəssisədə isə işlərin başlanılması üçün hazırlıq aparılır.
18. Peşə təhsilində iştirakın artması: Azərbaycanda gənclərin (15-24 yaş) peşə təhsilində iştirakı 2022-ci ildəki 3%-dən 2024-cü ildə 4%-ə artdı.
19. Beynəlxalq Yaşıl STEAM Festivalı: Gənclər arasında texnologiyaya marağı artırmaq üçün STEAM təhsilinə diqqət çəkən festival keçirildi.
20. Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyi: İstisad Universiteti, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti və ADA Universiteti QS və THE reytinqlərində irəliləyiş əldə etdi.
21. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq müqavilələri: Bir sıra Avropa universitetləri ilə birgə proqramlar və mübadilə layihələri reallaşdırıldı.
22. Təhsil sahəsində qabaqcıl texnologiyaların tətbiqi: Tədris prosesində süni intellekt və robototexnika kimi innovativ vasitələr tətbiq edildi.
23. Rəqəmsal təhsil platformalarının inkişafı: Şagirdlərin distant təhsildə iştirakını asanlaşdırmaq üçün yeni onlayn təhsil resursları istifadəyə verildi.
24. Azərbaycan universitetlərinin ekoloji fəaliyyətləri: Universitetlərdə ekoloji layihələr və COP29 proqramları ilə bağlı tədbirlər keçirildi.
2025-ci ilin təhsilimiz üçün daha da uğurlu olmasını arzu edirəm”.