Xarici İşlər Nazirliyi MSK ilə birgə ölkəmizin diplomatik missiyaları üçün seminar keçirib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə ölkəmizin diplomatik missiyalarının əməkdaşları üçün videokonfrans formatında seminar təşkil edib.
XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbiri açaraq növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsinin yaradıldığını qeyd edib, xarici ölkələrdə seçkilərin təşkili ilə əlaqədar həyata keçirilmiş tədbirlər, o cümlədən beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı ilə bağlı görülmüş işlər barədə məlumat verib.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov ölkə hüdudlarından kənarda seçkilərin təşkilinə dair Xarici İşlər Nazirliyi ilə birgə görülməkdə olan işlər, seçkilərin xarici ölkələrdə keçirilməsi ilə əlaqədar ölkə qanunvericiliyinin normaları barədə geniş məlumat verib. O, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları üçün səsvermənin təşkili məqsədilə XİN-lə MSK arasında gündəlik əsasda intensiv əməkdaşlığın davam etdiyini, yaranan məsələlərin əlaqələndirilmiş qaydada həll olunduğunu vurğulayıb.
Seminar zamanı əvvəlki seçkilərdən fərqli olaraq, bu seçkilərin keçiriləcəyi ölkələrin və xaricdə yaradılmış məntəqələrin sayında əhəmiyyətli artımın qeydə alındığını və bunun indiyədək keçirilmiş seçkilər üzrə ən yüksək göstərici olduğu bildirilib.
Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov çıxışında seçkilərin keçirilməsi ilə bağlı görüləcək işlər, həmçinin seçkilərin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyinin Fəaliyyət Planı və Nazirliyin nəzdində yaradılmış Qərargah barədə məlumat verib.
Görüşün sonunda seçkilərin keçirilməsi ilə əlaqədar Azərbaycanın diplomatik missiyalarının çoxsaylı sualları cavablandırılıb.
Seminarda Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının aidiyyəti sahələr üzrə əməkdaşları, ölkəmizin xarici ölkələrdəki diplomatik missiyalarının səlahiyyətli nümayəndələri (videokonfrans formatında), o cümlədən diplomatik missiyalarda yaradılmış seçki məntəqələrinin aid olduğu dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.