"Atatürkün iqtisadi siyasətinə dair bir az araşdırma etdim. Görürəm ki, o da mənim "hər zaman ölkə iqtisadiyyatı kənd təsərrüfatına deyil, sənayeyə arxalanmasa inkişaf edə bilməz" deyə səsləndirdiyim fikirlərimlə üst-üstə düşən bir iqtisadi siyasət aparmışdır".
Lider-media.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Cümhuriyyətin ilk illərində kənd təsərrüfatı iqtisadiyyatın əsasını təşkil edirdi və əhalinin təxminən 75%-ni işlədirdi. Lakin Atatürk hökuməti Türkiyənin sənayeləşməsini hədəflədi. 1920-ci illərin sonlarına doğru dövlət müəssisələrinin yaradılmasına başlanmışdır, tekstil fabrikaları, şəkər istehsal edən zavodlar və sement zavodları yaradıldı. Beləcə, aqrar iqtisadiyyatdan sənayeyə keçid başladı.
Doğru monetar islahatlar da aparıldı. 1923-cü ildə türk lirəsi, Osmanlı valyutasını əvəz etdi. Valyutanı sabitləşdirmək və inflyasiyanı nəzarət altına almaq məqsədilə siyasətlər həyata keçirildi.
Bununla belə başlanğıcda xarici ticarətdə problem yaşandı. Buna görə hökumət qoruyucu siyasətlər həyata keçirdi, xarici mallara olan asılılığı azaltmaq üçün yerli istehsalı daha da təşviq etdi. Yerli istehsalı dəstəkləmək məqsədilə tariflər və kvotalar müəyyən edildi. Nəticədə 1930-cu illərin ortalarında Türkiyə əhəmiyyətli artım yaşadı, illik artım 6%-i keçdi.
Ümumiyyətlə isə Atatürk hökumət qarışıq iqtisadiyyat modelini seçdi. 1930-cu illərdə sənayeləşmə və iqtisadi artımı yönləndirmək üçün beş illik planlar hazırlandı. Həmçinin müxtəlif ölkələrlə ticarət münasibətləri quruldu, bu da Türkiyəni qlobal iqtisadiyyata inteqrasiya etməsini təmin etdi.
Artıq həmin illərdən bir əsr zaman keçmiş və Türkiyə nəinki regionun, hətta dünyanın aparıcı güclərindən birinə çevrilmişdir. Bu gün qardaş ölkə Türkiyədə Cümhuriyyətin qurulmasının 101-ci il dönümüdür.
Bütün Türk xalqını və bu xalqı sevən hər kəsi Cümhuriyyət Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu bayraq bizim 3 rəngli bayrağımızla zəfərlərlə qoşa dalğalansın!