Qarabağ Azərbaycanın cənnət məkanına cevrilir
Zamanında ulu öndər Heydər Əliyev dəfələrlə ən yüksək kürsülərdən xalqımızın mütləq Şuşaya və digər işğalda olan ərazilərə qayıdacağını bəyan etmişdir.Onun bu vəsiyyətini uğurla həyata keçirməklə Prezident İlham Əliyev əsl Lider olduğunu bütün dünyaya sübuta yetirdi.Dövlət başçımız ərazilərin bərpası üçün böyük əzm və iradə ilə çalışmaqla bir daha gələcəyə hesablanmış addımlar atan,uzaqgörən siyasətçi olduğunu təsdiqlədi.
Hazırda Prezident,Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir.Düşməndən azad edilən və tariximizdə xüsusi yeri olan dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbirsizliklə gözləyir.Hər kəs müharibədən sonra Qarabağda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi,gözəl əhval-ruhiyyə ilə izləyir.Dövlətimiz isə bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına,insanların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Böyük qayıdışın gerçəkləşməsi üçün regionda həyatın bərpasına vacib olan ilk işlər artıq görülməkdədir.Hazırda dövlətimizin qarşısında çox çətin,illərlə davam etməsi bir vəzifə kimi dayanır--dağıdılmış şəhər və kəndləri bərpa etmək,yurd-yuvasından didərgin salınmış vətəndaşlarımızı doğma elinə qaytarmaq,viran qalmış ərazilərə həyat vermək,dirçəltmək.Prezident cənab İlham Əliyev çıxışlarında qəti şəkildə qeyd edir ki,“mən demişəm, biz bu bölgəni--Qarabağı cənnətə çevirəcəyik.Artıq bütün göstərişlər verilib.Bütün işlər görülür,planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz”.Sözsüz ki,ötən qısa zaman kəsiyində Qarabağda inanılmaz işlər görülüb.Yollar,elektrik,su xətləri, dəmir yolları çəkilir,hava limanları tikilir.Əzəli yaşayış sahələrimizdə tariximizi,mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu torpaqlarda mərhələli şəkildə,sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcəkdir.Xüsusi qeyd edilməlidir ki,erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları reallaşdırılır.Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü isə dövlətimizin güc və qüdrətini nümayiş etdirir.
Bu gün işğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməlləri hər addımda nəzərə çarpır.Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, Yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu göstərir. Əlbəttə, düşmən bütün dağıntıları məqsədli şəkildə edib. İşğalçı Ermənistan Dağlıq Qarabağda və ətraf rayonlarda tarixi mirasları viran qoymaqla, milli izləri silməklə azərbaycanlıların bu torpaqlardakı mədəni kimliyini itirmək məqsədi güdüb.
Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya prioritet istiqamət kimi qoyulub.Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bütün bunlarla bağlı bir sıra əhəmiyyətli məqamlar diqqət çəkir. Adı çəkilən strategiyada işğaldan azad edilən ərazilərə böyük qayıdışın reallaşdırılması, Qarabağın dirçəlişinə nail olunması vəzifəsi xüsusi yer tutur. Milli Prioritetlərdə deyildiyi kimi: “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur.Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır.Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır”.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də Qarabağın dirçəlişinin reallaşdırılması ilə bağlı,həmçinin bildirilir ki,əvvəlki dövrlərdə olduğu kimi,işğaldan azad edilən ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı reallaşdırılmalı,bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuq gerçəkləşdirilməlidir. Bu prioritetin uğurla icrası ilk növbədə,dayanıqlı məskunlaşmanın aparılmasına və iqtisadi fəaliyyətə nail olmaqdır. Bu istiqamətdə bir sıra mühüm qərarlar qəbul edən Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində, habelə ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Qarabağ bölgəsində bərpa quruculuq prosesi vahid mərkəzdən idarə olunmaqla ardıcıllıqla həyata keçirilir və uğurla davam edir. Eyni zamanda, nəqliyyat infrastrukturunun bərpası, ilk növbədə, avtomobil yollarının çəkilməsi üçün müvafiq layihələr reallaşdırılır.
Bəli,neçə illər işğalda qalan, dağıdılan,viranə qoyulan yurd yerlərimiz tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək, bu ərazilərdə yenə də sevinc, fərəh yaşanılacaq, amma erməni vandallığı, barbarlığı heç vaxt unudulmayacaq. Tezliklə, əhalinin məskunlaşdırılmasına başlanılacaq, böyük potensiala malik regionun iqtisadiyyatı inkişaf etdiriləcəkdir.
Beləliklə, regionun inkişafı üçün qarşıya qoyulan məqsədlər,aparılan nəhəng miqyaslı işlər onu deməyə əsas verir ki, Qarabağ tezliklə Azərbaycanın ən abad, ən görməli məkanlarından birinə çevrilir.
Lider-Media.az