Cənubi Qafqazın lider dövləti
Azərbaycan çox zəngin təbii sərvətlərə və insan resurslarına malikdir və strateji coğrafi-iqtisadi məkanda yerləşir. Lakin uzun illər xalqımız bu əlverişli imkanlardan yararlana bilməmişdi. Öz milli sərvətlərinin əsl sahibi deyildi, insan resurslarından düzgün istifadə olunmurdu. Məhz Heydər Əliyevin müdrikliyi, yeritdiyi düzgün siyasət nəticəsində bütün bu mühüm amillər Azərbaycanın və xalqımızın mənafelərinə yönəldildi. Ulu öndərimizin bəşəri xidmətləri sırasında milli neft strategiyasının işlənib hazırlanması və tətbiqi olduqca mühüm yer tutur. Odur ki, milli neft strategiyası Azərbaycanın uzunmüddətli uğurlu inkişaf epoxasının təməlini qoyub. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan özünü dünyaya təqdim edib, ilk dəfə olaraq dünyada nəhəng transmilli konsorsium yaradılıb və ölkəmizin sayəsində Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanı kimi tanınıb. Bu müqavilə ölkəmizin geosiyasi mövqelərini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın, xüsusən də qeyri-neft sektorunun sürətli inkişafına, mədəni intibaha və əhalinin sosial rifahının yaxşılaşdırılmasına güclü təkan verib. Bu dövrdə neft-qaz sektoruna on milyardlarla dollar həcmində xarici sərmayə cəlb olunub, “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya”qəbul edilib. Zaman-zaman artan neft gəlirləri, sərmayə axını ölkənin iqtisadi mənzərəsini dəyişdi və Azərbaycan regionun qüdrətli dövlətinə çevrildi.
Ulu öndərimizin müdrik siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam və inkişaf etdirilir. Bu siyasi kurs Azərbaycanın uğur modelidir. Son 21 il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir. Son 21 ildə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yuksəlməsi, çoxşaxəli və genişmiqyaslı bu qiobal strateji xəttin prioritet istiqamətləridir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev 2021-ci ilin fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda bildirilmişdir ki, 2020-ci ildə ölkəmizin işğal altındakı torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfərdən sonra Azərbaycan keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Odur ki, 2021‒2030-cu illəri əhatə edən Milli Prioritetlər yeni strateji dövrdə qarşıda duran hədəflərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” XXI əsrdə ölkəmizin inkişafı ilə bağlı qəbul olunan ikinci uzunmüddətli strategiyadır. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir standartlara əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyun 2021-ci il tarixli sərəncamı ilə ərazi bütövlüyü şəraitində ölkəmizin coğrafi ərazisində əvvəl mövcud olmuş 10 iqtisadi rayon əvəzinə işğaldan azad edilmiş rayonların əraziləri də nəzərə alınmaqla 14 iqtisadi rayonun yaradılması Vətən müharibəsindən sonra ölkədə yaranmış yeni reallığın obyektiv ifadəsidir.Yeni ərazi-inzibati bölgü əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Vətən müharibəsində qazanılmış tarixi Zəfərin meydana çıxardığı gerçəklikdən doğan addımlardır. Odur ki, itirilmiş coğrafi ərazilərin bərpa edilməsi, vətən torpaqlarının geri qaytarılması öz növbəsində ölkəmizin ərazi-inzibati bölgüsünün iqtisadi rayonlar üzrə müəyyən edilməsi məsələsinə yenidən baxılması zərurətini meydana çıxarmışdı. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işləri sürətlə həyata keçirilir, nəhəng infrastruktur layihələri gerçəkləşdirilir. Bu prosesin tərkib hissəsi kimi reallaşmaqda olan və həyata keçirilməsi nəzərdə tutulan layihələrin konkret ərazilərin təbii ehtiyatları, iqlim şəraiti, coğrafi relyefi nəzərə alınmaqla həyata keçirilməsi vacib şərtlərdən biridir.
Prezident İlham Əliyev müsahibələrində Azərbaycanın prioritet sahələrdə qazandığı uğurlar haqqında danışarkən qeyri -neft sektorunda ixracatın 40 faiz artımı, uzun illər ərzində milli valyutamızın stabil qalması, investroların ölkəyə cəlb olunması, vergi sistemində şəffaflığın təmin edilməsi böyük əmək və təbii ki, dövlətimizin həyata keçirdiyi düzgün siyasət nəticəsində mümkün olduğunu bildirmişdir. Sözsüz ki, bütün bu uğurların bir məqsədi var: vətəndaşların sosial rifahının təmin edilməsi. Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin tərkib hissəsi olan sosial sahənin mərkəzində hər zaman Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması məsələsi dayanır. Hər bir Azərbaycan vətəndaşı dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Başqa sözlə, Azərbaycan sosial dövlətdir və ölkə rəhbəri vətəndaşların rifahına, onların iqtisadi və sosial əmin-amanlıqlarının qorunmasına, sosial ədalətin təmin olunmasına, vətəndaşların layiqli həyat sürməsinə təminat verir.Dövlət başçısı çıxışlarında dəfələrlə bildirib ki, sözsüz ki, uğurlarımızın təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi, müstəqilliyi dayanır. Biz müstəqil siyasət aparırıq. Həm siyasi, həm iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan xalqının maraqlarını müdafiə və təmin edirik.
Azərbaycanın öz inkişafını sürətlə davam etdirməsi, nəzərdə tutulan dövlət proqramlarının və infrastruktur layihələrinin inamla və qətiyyətlə həyata keçirilməsi çox böyük uğurdur.Burada paytaxtla yanaşı bütün bölgələrimizin, hətta ən ucqar kəndlərimizin belə simasını təmamilə dəyişən, yerlərdə müasir infrastrukturun yaradılmasına, turizm kimi çox sərfəli və mühüm sahənin tərəqqisinə güclü təkan verən I, II və III, həmçinin davam edən IV regional inkişaf Dövlət proqramlarının rolu xüsusi vurğulanmalıdır. Məhz bu proqramların icrası Azərbaycanın hərtərəfli inkişafını, bölgələrimizdə minlərlə sənaye və emal müəssisələrinin, təhsil və səhiyyə ocaqlarının, digər sosial obyektlərin, müasir Olimpiya idman komplekslərinin açılmasını, işsizlik probleminin çox qısa müddətdə aradan qaldırılmasını təmin edib. Böyük quruculuq-abadlıq işləri geniş vüsət alıb, dünya standartlarına cavab verən ən müasir yollar və yol qovşaqları salınıb və bu proses bu gün də uğurla davam etdirilir. Siyasət, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə də görülən işlər Azərbaycanın beynəlxalq arenada mövqelərinin daha da güclənməsinə gətirib çıxarıb. Bu sahələr üzrə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən əsas dövlətlərdən biri məhz Azərbaycandır.Son illər Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi siyasətində şaxələndirmə mühüm yer tutur və bu, iqtisadiyyatımızın hər hansı bir amildən asılılığını aradan qaldırıb. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Bu rəqəm bundan sonra da artacaqdır.
Lider-Media.az