Həkim: Azərbaycanda bir sıra cərrahi əməliyyatlar xaricdəkindən daha yüksək səviyyədə və münasib qiymətə icra olunur - MÜSAHİBƏ
Həkimlik olduqca ağır, şərəfli və çox böyük məsuliyyət tələb edən peşədir. Bu peşənin sahibləri daim inkişaf etməli, öz ixtisasları üzərində çalışmalıdır, yenilikləri izləməli və tətbiq etməlidirlər. Ölkəmizdə tibbi xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində yerli mütəxəssislərin daim inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən xarici ölkələrdə təhsil almış azərbaycanlı mütəxəssislər ölkəmizdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində işlə təmin olunurlar. Onlar xaricdə öyrəndikləri bilik və bacarıqları yerli tibb müəssisələrində tətbiq edir, öz həmkarları ilə bölüşürlər.
Rusiya Federasiyasında təhsil almış, hazırda Abşeron Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi Cavid Musazadənin AZƏRTAC-a müsahibəsini təqdim edirik.
-Cavid həkim, ilk öncə özünüz haqda məlumat verərdiniz…
- Azərbaycan Tibb Universitetində 1999-cu ildən 2005-dək təhsil aldıqdan sonra, öz ixtisasımı daha da təkmilləşdirmək üçün Rusiyaya getdim. Bilirsiniz, mən düşünürəm ki, səhiyyə, xüsusilə travmatologiya sahəsi davamlı təhsil və praktik bacarıq tələb edir. Məhz bu səbəbdən Rusiyada olarkən daim tibbin yeniliklərini öyrənməyə çalışırdım. Xaricdəki təhsilimi 2009-cu ildə bitirdikdən sonra isə Vətənə qayıtdım. Elə həmin ildən öz ixtisasım üzrə fəaliyyət göstərirəm. Hazırda isə Abşeron Rayon Mərkəzi Xəstəxanasında Neyrotravma şöbəsinin müdiri vəzifəsində çalışıram. Vətənə qayıtdığım gündən səhiyyə sahəsində öyrəndiyim yenilikləri burada tətbiq etməyə başlamışam. Xüsusilə, qapalı osteosintez, çanaq sümüklərinin osteosintezi, yəni travmatologiya və ortopediyaya aid tibbin ən müasir əməliyyatlarını ölkəmizdə tətbiq edirəm.
-Təhsil aldığınız ölkənin səhiyyəsi ilə Azərbaycan səhiyyəsi arasında fərq müşahidə etmisinizmi ?
- Tam əminliklə deyə bilərəm ki, hazırki dövrdə Azərbaycan səhiyyəsi heç bir dünya dövlətlərinin səhiyyəsindən geri qalmır. Dünyada istifadə olunan tibbin yeni metodları ölkəmizdə tətbiq olunur. Elə, Abşeron Rayon Mərkəzi Xəstəxanasında travmatologiya və ortopediyanın ən ağır əməliyyatı hesab olunan diz oynaqlarının endoprotezləşməsi həyata keçirilir. Ən son müalicə üçün müraciət edən iki pasiyentimə total bud-çanaq oynağının protezləşdirilməsi əməliyyatı icra edilib. Xüsusilə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfinin zəngin olması əhali arasında müraciətlərin sayını artırıb.
- Xarici ölkələrdən Azərbaycana müalicə üçün gələn xəstələr azlıq təşkil edir. Bunun səbəbini nə ilə əlaqələndirirsiniz ?
- Azərbaycanda səhiyyə sahəsi olduqca inkişaf etsə də, düşünürəm ki, səhiyyənin potensial marketinqi daha da inkişaf etdirilə bilər. Çünki, bəzi dövlətlərin səhiyyəsi davamlı olaraq reklam edilir. Bu isə həmin ölkəyə xarici pasiyentlərin müalicə üçün üz tutmasına səbəb olur. Əslində isə ölkəmizdə həmin əməliyyatlar daha yüksək səviyyədə və daha münasib qiymətə icra olunur. Hətta Azərbaycanda bəzi həkimlər dünya tibbinə yeni metodlar gətirən insanlardır. Məhz marketinq işinin zəifliyindən xarici vətəndaşların müraciəti çox olmur. Lakin xaricdə yaşayan azərbaycanlı vətəndaşlar artıq bilirlər ki, ölkəmizdə səhiyyə sahəsi yüksək səviyyədədir. Onlar xəstəlikləri olduqda öz ölkələrinə üz tuturlar. Elə mənim pasiyentlərim arasında xaricdə yaşayan azərbaycanlılar kifayət qədərdir. Hətta ABŞ-da yaşayıb, Azərbaycana müalicə üçün gələn həmvətənlilərimizi tanıyıram.
-Son dövrlər ən çox hansı xəstəliklə bağlı müraciət edilir ?
- Demək olar ki, ən çox müraciətlərin səbəbi avtotravmalardır. Yəni, yol-nəqliyyat hadisələri nəticəsində insanlarda yaranan travmatoloji xəstəliklər. Hər gün yol nəqliyyat hadisəsi səbəbindən zədələnmə ilə bağlı xəstəxanaya müraciətlər edilir. Sözsüz ki, yaşlıların oynaq ağrıları ilə bağlı müraciətlərinin sayı da az deyil. Lakin bəzi xəstələr əməliyyatdan və ya müalicədən sonraki reabilitasiya dövrünə diqqət etmirlər. Bu travmatologiya sahəsinin ən böyük problemidir. Çünki travmatologiya sahəsində müalicə sadəcə həkimdən asılı deyil. Əməliyyatdan sonra xəstənin üzərinə də böyük məsuliyyət düşür. Oynaqların hərəkəti üçün xəstələrə müəyyən rejim tətbiq olunur. Bəzən pasiyentlər bunlara əməl etmirlər.
-Bilirik ki, siz də Vətən müharibəsinin ağ xələtlı qəhrəmanlarından birisiniz...
- Bəli, Vətən müharibəsinin başladığı ilk gündən etibarən - sentyabrın 27-dən noyabrın 15-dək Füzuli Mərkəzi Rayon Xəstəxanasında, daha sonra Naftalan Rayon Mərkəzi Xəstəxanasında yaralı əsgərləri qəbul edib, onların əməliyyatlarında və müalicə prosesində iştirak etmişəm. Orada yaşadıqlarımızı ifadə etmək çətindir... Yəqin ki, hislərimi bir sözlə ifadə etsəm həmin söz “qürur” olardı. Lokal antiterror tədbirləri zamanı isə Gəncə Rayon Mərkəzi Xəstəxanasında idim.
Tanıdığım, müalicə etdiyin bütün Vətən müharibəsi qaziləri ilə ünsiyyətimiz davam edir. Biz onlara, Ali Baş Komandan İlham Əliyevə ömrümüzün sonuna kimi borcluyuq.